Ürəkdən gəlir

Son güncelleme:
  • Bir zəfər nəğməsi keçir qəlbimdən,
    Əriyir nisgilim, əriyir qəmim.
    Doğma anam kimi müqəddəs vətən,
    Varaqlar üstündə susmaz qələmim.

    Yenə öz qəlbimə baş çəkirəm mən,
    Yenə əvvəlki tək qəmsiz, kədərsiz.
    Daim saf ürəkdən yurd, vətən deyən,
    Daim bir döyünür ürəklərimiz.

    Bötüvlük eşqilə hər yeni arzu,
    Elə bil, ömrümü uzadır bir az.
    Vicdanlı qəlbimin duyğusudur bu,
    Əlinə qələm al, barı səndə yaz.

    Bizim bir uğurlu keçmişimiz var,
    Həmişə onunla öyünürük biz.
    Ulu Xətaidən bizə yadiqar,
    Gözümün önündə dayanan Təbriz.

    Eşqimiz uludur o dağlar qədər,
    Çünki Koroğludan, Babəkdən gəlir.
    Üzümə açılan uğurlu səhər,
    Məndən vətən sözü ürəkdən gəlir.

    Hər gün qapısını döydüyüm ümid,
    Zəfər müjdəsiylə açılacaqdır.
    Əsgər hünəriylə Şuşa, Laçına,
    Üçrəngli bayrağım sancılacaqdır.

    Müəllif: İltimas Səmimi

    alıntı
0 0 0