Ölümü sevəcəm mən indən belə

Son güncelleme:
  • Haqqa qayıdıram,gəlmişəm haqdan,
    Ölümü sevəcəm mən indən belə.
    Gedəcəm onunçün əldən-ayaqdan,
    Lap dəli olacam dərdindən belə...

    Hər gün uğuruna uçub duracam,
    Hər gün gözləyəcəm yolunu,hər gün.
    Duracam,beləcə açıb duracam,
    Boynuna salmağa qolumu hər gün.

    Asacaq gözümdən naxışlarını,
    Yenə qan damacaq yanaqlarından.
    Sevəcəm o soyuq baxışlarını,
    Öpəcəm buz kimi dodaqlarından.

    Ətrindən.iyindən doyammadığım,
    Çiçəyim olacaq,gülüm olacaq.
    Eşqiylə bir daha oyanmadığım,
    Ən uzun yuxum da ölüm olacaq.

    Duyacam yağışdan.qardan,küləkdən.
    Görəcəm qəm üstə elə qəm gəlir.
    Elə sevəcəm ki,elə ürəkdən,
    Addım səslərindən biləcəm gəlir...

    Saxlayıb beləcə özündən yana,
    Qoruyub soyuqdan,sazaqdan məni.
    Bir gün də qoymayıb gözündən yana,
    Görüb tanıyacaq uzaqdan məni...

    Əvvəlim olacaq,sonum olacaq,
    Bir yol göstərəcək üzünü,bir yol.
    Sən ola bilmədin,mənim olacaq,
    Yığacaq yollardan gözümü bir yol.

    Elə qalib gəlib,qalib gedəcək,
    Heç mənim halımdan seçilmir halı.
    Məni də yanına alıb gedəcək,
    Ölüm səndən gözəl,səndən vəfalı...

    Haqqa qayıdıram,gəlmişəm haqdan,
    Ölümü sevəcəm mən indən belə.
    Gedəcəm onunçün əldən-ayaqdan,
    Lap dəli olacam dərdindən belə...

    Müəllif: Kəmaləddin Qədim

    alıntı
0 0 0