ən-Nəbə surəsi

Son güncelleme: 28.08.2015 08:55
  • Qurani Kərim

    noimage

    ən-Nəbə (Böyük xəbər) surəsi

    (Məkkədə nazil olmuşdur, 40 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?
    2 - Böyük bir xəbər (qiyamət günü) haqqında!
    3 - Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
    4 - Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
    5 - Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
    6 - Məgər Biz yeri döşək etmədikmi?!
    7 - Dağları da dirək?!
    8 - Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
    9 - Yuxunuzu da istirahət etdik.
    10 - Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.
    11 - Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
    12 - Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
    13 - Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
    14 - (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
    15 - Onunla dən və bitki yetişdirək,
    16 - Eləcə də (ağacları bir-birinə;) sarmaşan bağlar.
    17 - Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
    18 - Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə;) gələcəksiniz.
    19 - (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
    20 - Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
    21 - Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
    22 - O, azğınların məskənidir.
    23 - Onlar orada sonsuz müddət qalacaqlar.
    24 - Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
    25 - Qaynar sudan və irindən başqa!-
    26 - (Dünyadakı əmələrinə;) uyğun cəza olaraq.
    27 - Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
    28 - Ayələrimizi də elə hey təkzib edirdilər.
    29 - Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
    30 - İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
    31 - Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
    32 - Bağçalar və üzüm bağları,
    33 - Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
    34 - (Cənnət şərabı ilə;) dolu qədəhlər gözləyir!
    35 - Onlar orada (Cənnətdə;) nə boş söz, nə də yalan eşidəcəklər.
    36 - (Bu, müttəqilərə;) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
    37 - Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
    38 - Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
    39 - Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə;) Rəbbinə tərəf qayıdan bir yol tutar!
    40 - Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə;) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.

    alinti...
#28.08.2015 08:55 0 0 0