Əbəsə surəsi

Son güncelleme: 28.08.2015 09:09
  • Qurani Kərim

    noimage

    Əbəsə (Qaşqabağını tökdü) surəsi

    (Məkkədə nazil olmuşdur, 42 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
    2 - Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
    3 - Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə;) təmizlənəcəkdir!
    4 - Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
    5 - (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə;) gəldikdə,
    6 - Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
    7 - Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
    8 - Yüyürə-yüyürə sənin yanına gələn
    9 - Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
    10 - Sən ondan üz çevirirsən!
    11 - Xeyr! (Belə yaramaz, bir daha belə etmə;). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
    12 - Kim istəsə, ondan öyüd alar.
    13 - (Bu Quran Allah dərgahında) çox möhtərəm (mötəbər) səhifələrdə -
    14 - (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
    15 - (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə etibar edilmişdir).
    16 - (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox mütidirlər.
    17 - Ölsün (kafir) insan! O nə nankordur!
    18 - (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
    19 - (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
    20 - Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
    21 - Sonra onu öldürüb qəbrə qoydu.
    22 - Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
    23 - Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
    24 - İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
    25 - Həqiqətən, Biz yağışı bol yağdırdıq.
    26 - Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
    27 - Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
    28 - Üzüm və yonca;
    29 - Zeytun və xurma (bağları);
    30 - (Ağacları bir-birinə;) sarmaşan bağçalar;
    31 - (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
    32 - (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
    33 - Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
    34 - O gün insan qaçacaq öz qardaşından;
    35 - Anasından, atasından;
    36 - Zövcəsindən və oğullarından!
    37 - O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
    38 - O gün bir çox üzlər parlayacaq,
    39 - Güləcək, sevinəcəkdir.
    40 - O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
    41 - Onları zülmət (yaxud his) bürüyəcəkdir.
    42 - Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!


    Alinti...
#28.08.2015 09:09 0 0 0