Rəvan Nişançı Məmmədli şeirləri - Bu gecə ürəyim səni istəyir şeirin oxu
Xoşbəxtlər yerində rahatca yatıb
Oyağam yuxuma mən haram qatıb
Bilmirəm, bəlkə də əcəlim çatıb
Bu gecə ürəyim səni istəyir
Danışdım, soruşdum dinmədi ürək
Alışdı,su səpdim,sönmədi ürək
Nə etdim fikrindən dönmədi ürək
Bu gecə ürəyim səni istəyir
Dərdimlə-sərimlə qardaş olmuşam
Kağızla-qələmlə sirrdaş olmuşam
Yaman kövrəlmişəm, yaman dolmuşam
Bu gecə ürəyim səni istəyir
Başımın üstüdə çəndi, dumandı
Bəlkə də mənimçün axır zamandı
Sözümü pis başa düşmə amandı
Bu gecə ürəyim səni istəyir
Çox deyil bir dəfə görüm üzünü
Nə deyirsən..?bəlkə yumum gözümü
Yuxuma gəl yerə salma sözümü
Bu gecə ürəyim səni istəyir
Sən yoxsan elə bil sınıxır ürək
Hər adın gələndə karıxır ürək
Səninçün nə yaman darıxır ürək
Bu gecə ürəyim səni istəyir
Elə bil divarlar gəlir üstümə
Alışıb, yanıram yetiş tüstümə
Sanki ürəyimdə durub qəsdimə
Bu gecə ürəyim səni istəyir