"(Ey Muhamməd!) Səni ancaq aləmlərə rəhmət olaraq göndərdik" (əl-Ənbiya, 21/107).
Allah-Təalanın (c.c.) insanlara özlərindən peyğəmbərlər göndərməsi, Onun qullarına olan böyük lütfü və rəhmətidir. Çünki ilahi dəvəti insanlara çatdıran, onlara yaradılışın və varlığın səbəbini anladan, yaxşı olanı, doğru olanı, yanlışı, halalı, haramı öyrədən, qısaca, dünya və axirət səadətinin yollarını göstərən məhz bu müqəddəs elçilərdir. Necə ki, bu həqiqət də Qurani-Kərimdə belə ifadə edilmişdir:
"And olsun ki, Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi - " (Ali-İmran, 3/164).
Uca Rəbbimizin bütün bəşəriyyətə göndərdiyi ən son rəhmət elçisi həzrət Muhamməd Mustafadır (s.ə.s.). O, müəyyən bir qrupa yox, bütün bəşəriyyətə gəlmiş Allahın elçisidir. "Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər olaraq göndərdik..." (Səbə, 34/28) ayəsi də bunu açıq bir şəkildə ifadə edir.
Sevgili Peyğəmbərimiz həzrət Muhamməd Mustafa (s.ə.s.) peyğəmbərlər zəncirini tamamlayan son dəvətçi, dini izah edib öyrədən, bütün əxlaqi gözəllikləri yaşayan və insanlara nümunə göstərən misilsiz bir şəxsiyyət, ən gözəl tərbiyənin canlı təcəssümüdür. Onun varlığı, izahını verdiyimiz ayədə də bildirildiyi kimi, bütün aləmlərə rəhmətdir. Çünki o, bütün bəşəriyyətin nicatı üçün göndərilmiş nümunə şəxsiyyətdir. Bu keyfiyyəti ilə o, insanların dərdlərini, çətinliklərini özündə hiss edir, onların hisslərinə, duyğularına ortaq olurdu.
Möminlərə qarşı hər zaman çox mərhəmətli və şəfqətli olub. Allah-Təala Qurani-Kərimdə peyğəmbərimiz üçün Rauf (çox şəfqətli) və Rahim (çox mərhəmətli) sözlərindən istifadə edərək (ət-Tovbə, 9/128), onun insanlara qarşı nə qədər mehriban olduğunu bizə xəbər vermişdir. Böyük Allah özünə aid olan bu iki gözəl ismi rəsullarından, sadəcə, Peyğəmbərimiz üçün istifadə etmişdir. Onun sevgisi insanları aşıb, digər canlıları, dağı, daşı, bitkiləri, ağacları belə əhatə etmişdir. O, dağı sevən və dağ tərəfindən sevildiyini ifadə edən peyğəmbərdir.
Qurani-Kərimin sevimli peyğəmbərimizə şamil etdiyi "aləmlərə rəhmət" ifadəsi onun şəfqətinin, sadəcə, bəşəriyyəti deyil, bütün varlıq aləmini əhatə etdiyini göstərir. Onun rəhməti iman edənlərdən başlayıb, bütün insanlara, heyvanlara, bitkilərə və bilib-bilmədiyimiz bütün varlıqlara qədər davam edir. Buna görə Peyğəmbərimizin göndərilməsi Allahın bizə rəhmətinin, şəfqət və lütfünün nəticəsidir. Çünki o gəlmədən əvvəl bəşəriyyət hər cür dəyər ölçülərini itirmiş, yollarını azmış, cəmiyyət həyatı pozulmuş, əxlaq tamamilə yox olmuşdu. Qadın cəmiyyətdən kənarlaşdırılmış, əsir münasibəti görərək əşya kimi alınıb-satılmış, ailənin ilk övladı kimi doğulan qız uşaqları uğursuzluq əlaməti qəbul edilib, diri-diri torpağa basdırılmağa başlamışdı. Can və mal təhlükəsizliyi ortadan qalxmış, şiddət, dava-dalaş hədsiz dərəcədə yayılmışdı. Ədalət, doğruluq, dürüstlük, inam, xoş görmək, dözümlülük, mərhəmət və s. məfhumlar cəmiyyət həyatında yox deyiləcək qədər azalmış, azğınlıq və küfr isə çoxalmışdı.
Məhz belə bir vəziyyətdə Allah-Təala bəşəriyyəti insandan kənar düşüncə və davranışlardan xilas etmək üçün Sevgili Peyğəmbərimizi göndərdi. O, gətirdiyi ümumbəşəri prinsiplərə görə bütün bəşəriyyət üçün rəhmət və nicat vəsiləsi olmuşdu. Həzrət Peyğəmbər bizə Allaha könüldən iman etməyi, Onu sevməyi, Ona bağlanaraq daxili rahatlığı və doğru yolu tapmağı, ibadətlərlə həyatımızı mənalı etməyi və dürüstlüyü nəsihət etdi.
O, haqsızlığın yerinə ədaləti, nifrətin yerinə sevgini, düşmənçiliyin yerinə qardaşlığı, dava-dalaşın yerinə həmrəyliyi, xəsisliyin yerinə əliaçıqlığı, müharibənin yerinə sülhü, şiddətin yerinə dözümlülüyü və xoş görməyi, kobudluğun yerinə nəzakəti gətirdi. Bununla birlikdə yalan, hiylə, fitnə, qeybət, iftira, kin və s. kimi cəmiyyətin sabitliyini pozan davranışların qarşısını sözləri və davranışları ilə almağa çalışdı. Yetimin və kimsəsiz uşaqların əlindən tutmağı, ac olanı doyurmağı, yıxılanı qaldırmağı, çalışmağı, əməyin haqqını verməyi, oğurluq etməməyi, insanlara faydalı olmağı, heç kimə əziyyət etməməyi, əmanəti qorumağı, gülməyi, təbəssüm etməyi, yardımlaşmağı, qonşularla yaxşı davranmağı, qohumluq əlaqələrinə əməl etməyi, irqinə, cinsinə və sosial statusuna görə insanları xor görməməyi öyrətdi. Biz bağışlama və xoş görmənin ən gözəl nümunəsini, insana hörmət etmənin zirvəsini, şəfqət və mərhəmətin ən gözəl təzahürlərini, çətin vəziyyətlərdə insana yardım etməyi, bəddua etməməyi, güclü və haqlı olduğumuz halda, bağışlamağı Sevgili Peyğəmbərimizdən öyrəndik.
Qurani-Kərim Sevgili Peyğəmbərimizin ən uca əxlaqı yaşadığını və örnək göstərdiyini qeyd etdikdən sonra bizim üçün onun ən doğru nümunə olduğunu, Allaha və axirət gününə inanan hər bir insanın onun əxlaqını özünə nümunə almalı olduğunu bildirmişdir (əl-Əhzab, 33/21). Buna görə də uşaq-böyük, gənc-yaşlı, qadın-kişi, cəmiyyətin bütün fərdləri onun ilahi dəvətinə və bunun həyatdakı nümunəsinə hər zaman və hər məkanda ehtiyac hiss edər. Bu da, sadəcə, həzrət Peyğəmbəri çox yaxşı tanıyıb, anlamaq və sünnəsini həyatımıza tətbiq etməklə mümkün ola bilər. Çünki Allah-Təala onu sevənlərə bu dəvəti bildirməsini istəmişdir:
"De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın...." (Ali-İmran, 3/31)
Nəticə olaraq bu gün dünyada mövcud olan çətinliklər, savaşlar, şiddət, ailədaxili münaqişələr, bəşəri münasibətlərdəki neqativ hallar onu kifayət qədər anlayıb, bizə miras qoyduğu əxlaqını həyatımıza tətbiq etməməyimizdən qaynaqlanır. Cəmiyyətin və ümumiyyətlə, bütün bəşəriyyətin əmin-amanlığı onun bizə öyrətdiyi yüksək əxlaqi prinsipləri həyatımıza nə qədər tətbiq etməyimizdən asılıdır. Buna görə bütün aləmlərə rəhmət olaraq göndərilən həzrət Peyğəmbəri və onun təbliğ etdiyi ümumbəşəri dəvəti olan Quranı düzgün anlayıb-anlatmağa, onun sevgisində birləşməyə bu gün çox böyük ehtiyac vardır.