dostluq necə olmalı - dost kimdir - dostluq münasibətləriDost sənə qarşı həmişə gülərüz və xoş olmalıdır. Xəstələndiyin zaman həmişə sənə baş çəkməlidir, halınla maraqlanmalı və kömək əlini uzatmalıdır. Sənin dostun, yalnız sənin yaxşı cəhətindən danışmalı və hamıya yaxşılıqlarını bildirməlidir. Dostun özünə məsləhət gördüyü və ən çox istədiyi şeyi eynilə sənə də arzu etməlidir.
Bilmədiyin şey varsa, bunu sənə çatdırmalı və ya öyrətməlidir. Sənin haqqında bir pislik eşitsə, araşdırmalı, aydınlaşdırmalı və həmişə səni müdafiə etməlidir. Darlığa düşərsənsə bir an da sənə qarşı paxıl davranmamalıdır.
Sənə lazım olan bir şey dostuna da lazımdırsa, sənə verməyi bacarmalıdır. Dəvət etdiyin məclislərdən və münasibətlərdən qalmamalıdır. Daim özünə dua edərkən, sənə də dua etməlidir. Hər bir vəziyyətdə və hadisədə sənə üzürlü bir səbəb tapmalı, çox tənqid etməməli və töhmətdən uzaq durmalıdır. Yaxud bir üzürlü səbəb gətirərsənsə, bunu tərəddütsüz qəbul etməlidir. Kiçik səhvlərin olarsa, buna göz yummalı, sərt davranmamalıdır. Yaxud bir yaxşılıq edibsə, mütləq səndən əvəzini gösləməməlidir.
Dost dostla heç bir zaman istehza etməməlidir, ona qarşı sərt davranmamalı, təvazökar olmalı, təkəbbürlükdən uzaq olmalıdır. Mübahisəli halları uzatmamalı, mübahisəli məsələləri ortaya atmamalı, hətta dostu haqqına heç bir zaman pis zənn etməməlidir.
Dost dostun sirrini ölənə kimi gizlətməlidir. Ona bir şeyi vəd edibsə, bunu heç bir zaman unutmamalıdır, yaxud xilaf çıxmamalıdır. Dost dostundan azca da olsa yaxşılıq görübsə, bunu küçümsəmək deyil, əksinə minnətdarlıq bildirməlidir. Dost dostun düşməniylə sıx əlaqəyə girməməlidir. Dost dostun həmişə yaxşılığını istəməli, onu həvəsləndirməli və irəli getməyinə dəstək olmalıdır.
Qardaşım və bacım, insan özünə məhz bu cür dost seçməlidir. Bu sifətləri özündə cəm edən bir dost səni özüylə cənnətə aparacaq və Allah həmişə sizdən razı qalacaq. Həmçinin sən də dostuna qarşı həmişə bu cür olmalısan. Yuxarıda sadalanan sifətlər və xasiyyətlər eynilə səndə olmalıdır.
Allah bizə həmişə düzgün və doğru dost seçməkdə yardımçı olsun! Allah dost saydığımız pis insanları bizdən uzaq etsin, əsl dostluğa layiq olan və tanımadığımız insanları qarşımıza çıxarsın! Allah hər şeyi xalis olaraq ONUN üçün etməyə bizi müvəffəq etsin!