İllərdir Amerikada yaşayan aparıcı Günel Musəvi ilə ötən ay ailəsi ilə birlikdə ABŞ-a köçən teleaparıcı Aynur Talıbova Minnesota ştatında bir araya gəliblər.
“Əziz həmkarım, dostum Aynur Talıbova Minnesota ştatına qonaq gəlib. Həyətin ətrafında gəzintiyə çıxmışıq”, - deyə Günel Musəvi yazıb.
Aynur Talıbova ANS ÇM radiosunda prodüser, dicey, direktor vəzifələrində çalışıb. ANS və “Lider” televiziyalarında müxtəlif müəllif proqramları hazırlayıb. 2005-ci idə ANS-də yayımlanan “Bura Azərbaycandır” layihəsinə görə “Gənclər Mükafatı”, 2008-ci ildə “Lider”də təqdim olunan “Yol” layihəsinə görə isə “Humay Mükafatı”na layiq görülüb.
Günel Musəvi 1999-cu ildə 106 FM radiosunda dj-aparıcı vəzifəsində çalışıb. 2000-ci ildə “ABA” telekanalında Azərbaycanda ilk yerli hit paradı - “Qızıl onluq” verilişini yaradıb və onun aparıcısı olub. Bunun ardınca əyləncəli-musiqili “100%” verilişində aparıcılıq edib. Həmin il “100%” verilişinə görə ilin ən yaxşi musiqili-əyləncəli veriliş nominasiyasında “Grand” mükafatına layiq görülüb.
2001-2002-ci illər ərzində “Lider” teleradio şirkətində “Tezdən oyan” və Lider -107 FM radiosunda “Tərsinə” verilişlərində aparıcı olub. 2003-2004-cü illərdə “Space” TV-də “Çərçivə” musiqili-əyləncəli verilişini yaradıb və bu verilişin aparıcısı olub.
2006-2008-ci illərdə yenidən “Lider” TV-də vaxtı ilə populyar olmuş “100%” verilişini bərpa edib. 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərində “Troy” Universitetində təhsilini davam etdirməyə yollanıb. 2010-cu ildə Amerikanın Minnesota ştatının Sent Pol şəhərinə yerləşib.
“Every Azeri” adlı onlayn jurnalının təsisçisidir. O, eyni zamanda Amerika və Azərbaycanı bir-birinə tanıtmaq məqsədilə “YouTube” ineternet kanalında silsilə verilişlər təqdim edib.