Düşmənlə müharibə zamanı bəzi hallarda müsəlman əsgərlər öz namazlarını xüsusi şəkildə qıla bilərlər. Bu cür namaz qılmaq qaydasına xovf namazı deyilir. Sübh, zöhr, əsr və xiftən namazları xovf namazı şəklində iki rükət qılınır, məğrib namazı isə olduğu kimi 3 rükət qılınır (müsafir namazı kimi). Düşmən hücumundan qorunmaq üçün müsəlman əsgərlər iki dəstəyə bölünürlər. Birinci dəstə imam-camaatın arxasında namaza durur, ikinci dəstə isə onları qorumaqla məşğul olur. Birinci dəstə imam-camaatın arxasında namaza başlayır. İmam birinci rükəti bitirəndən sonra bir qədər ləngiyir, ikinci rükətin qiraətini uzadır. Bu zaman əsgərlər özləri ikinci rükəti qılıb namazı bitirirlər, qalxıb keşikdə duran əsgər yoldaşlarını əvəz edirlər. İkinci dəstə imam-camaatın arxasında namaza durub niyyət edir, imam rükuya əyiləndə onlar da rükuya gedirlər. İmam-camaat ikinci rükəti bitirəndə bir az ləngiyir, bu vaxt ərzində arxasındakı əsgərlər ikinci rükəti özləri qılıb, təşəhhüddə imam-camaata çatırlar. Təşəhhüd və salam verilməklə namaz bitir. Beləliklə, bütün əsgərlər iki növbədə namazı qılmış olurlar.
Məğrib namazında isə imam-camaat namazın yarısını birinci dəstə ilə, yarısını da ikinci dəstə ilə qılır. İstəsə, namazın ilk rükətini birinci dəstə ilə, qalan iki rükətini o biri dəstə ilə qıla bilər. Ya da bunun əksini edər, yəni iki rükəti birinci dəstə ilə, axırıncı rükəti o biri dəstə ilə qılar.
Xovf namazının hökmü Peyğəmbərin (s) zamanında verilmişdi. Sonralar da bəzi döyüşlərdə, o cümlədən, aşura günündə namazlar xovf namazı şəklində qılınmışdır.