Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı-şaxtalı günlərdə sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyə edir. BDYPİ bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.
Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bu səbəbdən hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində, xüsusən də Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.
Yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı 20 yanvar dairəsi, Tbilisi prospektindən şəhər istiqamətində, Yusif Səfərov küçəsindən şəhər istiqamətində və Babək prospektindən şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.
Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.
Respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır. Texniki cəhətdən nasaz olan, mövsümi qış şinləri ilə təchiz olunmamış avtomobillərin sahiblərindən, eləcədə qarlı-buzlu havalarda nəqliyyat vasitəsini idarəetmə təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Yolu və meteoroloji şəraiti nəzərə alaraq düzgün hərəkət surəti seçsinlər.
Vaqif Əsədov bildirib ki, hazırda Yol Polisi güclündirilmiş iş rejimndə çalışır. Ümumiyyətlə isə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsi, hər iki oxu aparıcı olan avtomobillərdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan şaxtalı hava hələ bir neçə gün davam edəcək.