Qar yağır - Ruslan Dost Eli

Son güncelleme: 26.11.2016 07:34
  • noimage

    Hamı maşınlardan aşağı düşsün,
    piyada gedənlər çətirlənməsin;
    Qoy bu gün hamıdan qar ətri gəlsin,
    bu gün xanımlar da ətirlənməsin...

    Yağır, elə yağır, adam lap deyir,
    heç vaxt silinməyən bir izdi sanki...
    Damlar bir-birinə yaman bənzəyir,
    bütün ağaclar da əkizdi sanki...

    İndi yuvalardan gələn cik-ciklər,
    Quşların ən böyük qayğılarıdı...
    Bizə bəxş etdiyi bu dənəciklər,
    Tanrının ən gözəl duyğulardı.

    Bu torpaq da duyur qulaqlarıyla,
    nə boyda sevinc var saniylərdə...
    Sanki uşaqdılar, uşaqlarıyla
    qartopu oynayan ailələr də...

    Analar gözləyər, ax... bu uşaqlar,
    nə zaman yorulub gələcək bəri;
    Sonra da pürrəngi bir çay dəmləyər,
    düzər soba üstə yaş əlcəkləri...

    Bir sual yaranır hər dəfə məndə,
    bu qar uşaqların görən nəyidi?
    Məni sevindirən bu qarlı gündə,
    ən çox uşaqların sevinməyidi...

    Küçə lampaları yanmasın barı,
    bu qar küçələrə yaraşıq... yanır.
    Bu gecə undun işıqforları,
    bu gecə hamıya ağ işıq yanır...

    Bir də görərsiniz çəkilib gedir,
    daha göylər qədər uzaqdı bizə...
    Üç-dörd yaşındakı körpə nə bilir,
    bu qar üç-dörd günlük qonaqdı bizə...

    Heyrətlə baxıram bu yağan qara,
    ta donub qalmışam yolu yarıda...
    Kaş bu qar özü ilə birgə apara,
    anamın saçına yağmış qarı da...

    Onu Tanrı çəkir bu yer üzünə,
    bu qar ən təbii, ən saf boyadı...
    Şair ürəyinnən, şair sözünnən,
    onun yağmağı da poeziyadı...

    Ruslan Dost Ali
#26.11.2016 07:34 0 0 0