Türkiyəyə növbəti terror - ölənlərin sayı 38-ə çatdı

Son güncelleme: 12.12.2016 06:18
  • Stadionun yaxınlığında avtomobil və "canlı bomba" partladılıb
    İstanbulda törədilmiş terror aktında ölənlərin sayı 38 nəfərə çatıb. Türkiyə mediasına istinadən xəbər verir ki, ölənlərdən 30-u polis, 7-si isə mülki şəxslərdir. Daha bir nəfərin şəxsiyyətini müəyyənləşdirmək isə hələ ki, mümkün olmayıb.

    Beşiktaş rayonundakı terror aktı nəticəsində yaralananlardan 136-nın müalicəsinə xəstəxanada davam edilir. Onlardan 14-ü reanimasiyadadır və vəziyyətləri ağırdır.


    Hadisədən sonra aparılan əməliyyatlar nəticəsində saxlanılanların sayı isə 13-ə çatıb.

    Qeyd edək ki, bəzi rəsmi şəxslər hadisənin PKK terror təşkilatı tərəfindən törədilə bilinəcəyini deyiblər.


    İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 27-si polis əməkdaşı olmaqla, 29 nəfər ölüb, yaralananların sayı isə 166 nəfərə çatıb.

    APA-nın xəbərinə görə, bu barədə “Anadolu” Türkiyə DİN rəhbəri Süleyman Soyluya istinadən məlumat yayıb. Onun sözlərinə görə, birinci partlayış “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, polisin toplanma yerində Bakı vaxtı ilə saat 23.29-da baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib.

    Bundan əvvəl KİV-lər 15 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdi.

    İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində yaralananların sayı 70-ə nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

    Qeyd edək ki, Türkiyə DİN rəhbəri Süleyman Soylu İstanbulda iki partlayışın törədildiyini təsdiqləyib: “Partlayışlardan birinin kamikadze tərəfindən törədildiyi ehtimal olunur”.

    “Məlumatımıza görə, iki partlayış törədilib. Onlardan biri kamikadze tərəfindən törədilə bilər. İkinci partlayışda minalanmış avtomobildən istifadə edilib, çünki bu daha güclü olub. Həlak olanlarla bağlı bir qədər sonra açıqlama veriləcək”, - deyə Süleyman Soylu bildirib.

    “Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri təsdiqləmir.


    İstanbulda futbol stadionu yaxınlığında törədilən partlayış nəticəsində yaralananların sayı 38 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

    “Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar partlayış nəticəsində ölənlərin olduğunu təsdiqləmir.

    https://youtu.be/pYZ9pAt3Mus

    İstanbulun Beşiktaş rayonunda partlayış baş verib. APA-nın Türkiyə nətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Maçka parkı yaxınlığında, “Vodafon Arena” stadionunun çıxışı yaxınlığında baş verib.

    Türkiyə DİN rəhbəri Süleyman Soylu açıqlamasında partlayış nəticəsində 20 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, partlayış çevik polis bölməsinin qarşısında törədilib. Yaralananların hamısı polis əməkdaşıdır.

    Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür.

    Hadisə şahidləri iki partlayışın baş verdiyini bildirir.

    Hadisənin terror aktı olduğu istisna olunmur. İlkin məlumata əsasən, minalanmış avtomobil partladılıb. Bəzi məlumatlarda partlayışlardan sonra atəş səslərinin eşidildiyi bildirilir.

    Partlayışın “Beşiktaş-Bursaspor” matçından sonra, azarkeşlərin stadionu tərk etdikdən sonra baş verdiyi qeyd edilir.

    Hazırda RTÜK (dövlət teleradio komitəsi) tərəfindən insidentlə bağlı məlumatların yayımına qadağa qoyulub.
#12.12.2016 06:18 0 0 0