Susa qalasi

Son güncelleme:
  • noimage


    Her dasi ile Azerbaycan tarixi olan Susa qalasi haqqinda

    Şuşa qalası 1750-ci ildə Pənah xan tərəfindən bina edilib. O dövrün tələblərinə görə Qarabağ xanlığı daimi yaşayış üçün möhkəm qorunan bir yer seçməli idi. Bura üç tərəfdən sıldırım qayalarla əhatələnməli, bir tərəfdən isə dağlarda məskən salmış ellərin üzünə açıq olmalı idi. Bu məqsədlə xanın yaxın adamları xeyli yer gəzib dolaşdıqdan sonra, indi Şuşa şəhərinin yerləşdiyi ərazini seçirlər. Pənah xan da buranı görüb bəyənir və tezliklə Şahbulaq qalasından Şuşaya köçməyi qərara alır. Qısa müddət ərzində burada möhkəm hasar-qala, bazar, hamam, məscid və s. vacib binalar inşa olunur. Nəhayət, Pənah xan öz ailəsini, əhl-əyalını yeni yaşayış yerinə gətirir. Ətraf əyalətlərdə yaşayan adamlar, həmçinin, Pənah xanın xoş rəftarı, işgüzarlığı və igidliyi barədə eşidən Təbriz, Ərdəbil və s. şəhərlərin bacarıqlı sənətkarları öz ailələri ilə birlikdə Şuşa qalasına köçürlər.
    Sənətkarlığın yüksək inkişaf etmiş bir dövründə Pənah xan müdrik və bacarıqlı memar və sənətkarları ətrafına toplayıb Avropa şəhərlərində geri qalmayan, bütünlüklə şəhərsalma prinsiplərinə uyğun tikilən Şuşanı inkişaf edirməyə başlayır. Şuşa qalasının tikintisindən az sonra Ağa Məhəmməd şahın atası Məhəmməd Həsən xan Qacar öz qoşunu ilə Şuşa qalasını almaq, Pənah xanı özünə tabe etmək məqsədilə Arazdan keçib qalanın ağaclığında çadır qurur.
    Qoşun bir ay qala ətrafında oturmasına baxmayaraq, alınmaz qala divarlarına yaxınlaşa bilmədi. Beləliklə, Məhəmmədhəsən xanı kor-peşiman öz ordusu ilə İraq, Fars və Mazandarana tərəf hərəkət edir. 1763-cü ildə Pənah xan Şirazda vəfat edir. Onun cənazəsinin hörmətlə Ağdama gətirib, burada dəfn edirlər.
    Atasının ölümündən sonra İbrahim Xəlil xan Qarabağda hakimiyyətə başlayır. Gündən-günə Qarabağ xanlığının artan nüfuzundan və möhtəşəm Şuşa qalasının alınmazlığından hiddətlənən Ağa Məhəmməd Şah Qacar 1795-ci ildə İraq, Fars, Azərbaycan, Xorasan qoşunlarının böyük ordusu ilə Şuşa qalasının üzərinə gəlir, qalanın bir ağaclığında öz düşərgəsini yerləşdirir. Bir neçə gündən sonra İran şahı İbrahim xana təslim olmaq haqqında fars dilində yazılmış şer-məktub göndərir:

    "Zi məncəmiqi-fələk sənki-fitnə mabired
    Te eblehanə kirifti miyanə Şişe qərar"
    ("Fələyin mancanağından fitnə daşı yağır.
    Sən axmaqcasına Şişeni (Şuşa qalası) salmısan").

    İbrahim xan məktubu oxuduqdan sonra vəziri şair M.P.Vaqifi çağırıb məktubu ona verib və Qacara layiqli bir cavab yazmasını bildirir. M.P.Vaqif məktubla tanış olduqdan sonra aşağıdakı məzmunda Qacara cavab məktubunu belə yazır:

    "Gər nikahdari-mən ansetki, mən midanem
    Şişərədən bəğali-sənk nikah nidarəd"
    ("Məni qoruyan mənim tanıdığımdırsa,
    O, Şişəni daşın ətəyində də salamat saxlar")

    Bu cavabdan xeyli qəzəblənən Ağa Məhəmməd Qacar 1797-ci ilin yayında böyük qoşunla Şuşa qalasına hücum edir. İbrahim xan qaladan çıxıb Balakənə getdikdən sonra Ağa Məhəmməd şah heç bir məneəyə rast gəlmədən Şuşa qalasına gəlir və bir həftə orada qalır. Nəhayət, həftənin axırıncı günü, səhərə yaxın şah keşikçiləri tərəfindən öz yatdığı yerdə öldürülür.
    ...Bütün bu hdisələrdən xeyli vaxt keçdikdən sonra Şuşa qalası Qafqazda ticarət mərkəzi kimi inkişaf etməyə başladı. Şuşa tacirləri Tiflis, İrəvan, Təbriz, Ərdəbil, Məşəd, Xorasan, Tehran, Bağdad və s. şəhərlərin tacirləri ilə ticarət əlaqələrini genişləndirdilər. Ticarətin inkişafı ilə əlaqədar olaraq Şuşada elm, ədəbiyyat, musiqi və s. sahələrdə də geniş irəliləyiş baş verdi. Heç də təsadüfü deyil ki, XIX əsrdə Azərbaycan xalqının görkəmli alimlərinin, ədiblərinin və digər incəsənət xadimlərinin bir qismi Şuşada anadan olmuş və gənclik illərini burada keçirmişlər. Yalnız onu göstərmək kifayətdir ki, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 16 rəssam, 5 astronom, 18 emar, 16 həkim və 42-yə yaxın müəllim-mirzə olmuşdur.
    Vaxtı ilə Qafqazın konservatoriyası sayılan Şuşa M.M.Nəvabın, M.P.Vaqifin, X.B.Natəvanın, H.B.Mehmandarovun, Ə.B.Haqverdiyevin, N.B.Vəzirovun, Q.B.Zakirin, Y.V.Çəmənzəminlinin, Ü.Hacıbəyovun və digər böyük sənətkarların vətənidir.
    Görkəmli bəstəkarlar Ü.Hacıbəyov, F.Əmirov, S.Ələsgərov, Ə.Abbasov tanınmış xanəndələrdən Q.Cabbar, professor Bül-bül, keçəçi Məmməd, İslam, Seyid Şuşinski, Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova və bir çox başqaları Şuşa qalasının yetirmələridir.
    Azərbaycan memarlıq tarixində Şuşa şəhərsalma prinsiplərinə görə digər şəhərlərdən fərqlənir. Yaşının az olmasına baxmayaraq Şuşa abidələr şəhəridir. İstər onun ağ şümal daşlarla döşənmiş küçələri, Azərbaycan memarlığı formasında tikilən binaları, milli ornamentlərlə zəngin olan pəncərə şəbəkələri, Avropa üslubunda çəkilmiş kanalizasiya tunelləri, ümumiyyətlə, Şuşa qalasının hər bir daşı canlı tarix və böyük sənət abidəsidir.
    Romantik gecələrdə Qarabağın məşhur yeddiqat dolama yolları ilə yaylağa gələn insanlar zəngin səmalarda ulduz toplusu tək sayrışan bir şəhər görürdülər. O, Şuşa idi.
    Şuşanın xüsusilə isti yay günlərində sərin olmasının başlıca səbəbi hündürlüyü 2200 metrəyə çatan Kirs dağına yaxınlığı ilə bağlıdır. Eni 260 m, dərinliyi 350 metrəyə yaxın olan Daşalıtı dərəsi, ətraf dağların loğman sayılan saf havasını Şuşaya çəkir. Bu dərə şəhərin havasını təbii şəkildə ventilyasiya edir.
    Təsadüfü deyildir ki, Şuşada doğulub boya-başa çatmış Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinə, musiqiçi və xanəndələrinə, alim və ziyalılarına Şuşanın estetikasının böyük təsiri olmuşdur. Dağ çaylarının qayalardakı əks sədası, qumru bulaqların şırıltısı, quşların cəh-cəki insanı istər-istəməz düşündürür. Payızda ayaqların altında xışıldayan xəzəl, qışda xırıldayan qar, yayda cığırlarda ayağa dolaşan çınqılların və kol budaqlarının səsi musiqidir. Şuşanın məşhur yeddiqat dolamaları, təbii mənzərəli "Şəkili" bulağı, Şamil bulağı, Daşaltı dərəsinə gedən cığırlar, eləcə də füsunkar "Qırxpilləkən" yolu və s. göstərdiyimiz estetikanı özündə ehtiva edir. Şəfalı və şəffaf "Turşsu", "Şır-şır", "Şəkili", "Alçalı", "Çarıq", "Saxsı", "Şəfa" bulaqları, eləcə də əsrarəngiz "İsa bulağı" və qeyriləri Şuşanın dilbər guşələrinə xüsusi rövnəq verir.
    Qarabağ - Şuşa həqiqətlərini beynəlxalq ictimaiyyətə daha səylə çatdırmaq, bu doğma şəhərin düşmən tapdağından tezlik azad edilməsinə nail olmaq borcumuzdur.
0 0 0
```[cite: 10]