Xəzərdə, Azərbaycana məxsus adalardan birində ekoloji təmiz yeni istirahət və əyləncə şəhərciyi tikəcəklər. Adada ancaq günəş, külək və su enerjisindən istifadə olunacaq. Gözlənilir ki, burada ənənəvi enerjinin ekoloji təsiri «sıfır» olacaq. Məlumatı layihənin baş planının dizaynını Bjarke İngels Group (BİG) verib.
BİG-in məlumatına görə, tikinti Zirə adasında olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən «Azadlıq» Radiosuna deyiblər ki, Xəzərdə «Zirə» adında ada yoxdur, belə bir layihənin mövcudluğunu da bilmirlər.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev «Azadlıq» Radiosuna deyib ki, bu layihədən xəbəri yoxdur, büdcə vəsaiti hesabına bu tipli layihənin həyata keçirilməsi nəzərdə tutulmur: «Amma biz Nargin adasında turizmin inkişafını nəzərdə tuturuq».
BİG yazır ki, adanın ərazisi 1 kv km.-dir, istirahət şəhərciyini bütün ərazidə tikəcəklər. Layihənin ideyası Azərbaycanın səmadan da görünən yeddi dağ zirvəsindən alıb.
Beləliklə, adada Azərbaycandakı yeddi dağ zirvəsini təmsil edən komplekslər tikiləcək.
Layihənin dizayneri Bjarke İngels Group press-relizində yazır ki, Yaxın Şərqdəki bəzi ekstravaqant layihələrdən fərqli olaraq, bu layihədə ərazinin iqliminə xüsusi diqqət ayrılır, bu da ona ümid verir ki, layihə gələcəkdə başqa ekoloji cəhətdən təmiz layihələr üçün zəmin yaradacaq.