Gözəl yaz günlərindən biri idi. Günəş ağacların yarpaqları arasından yerə nur saçırdı. Meşədə qeyri-adi bir səssizlık hökm sürürdü. Bu səssizliyi ovçunun gəlişi pozdu. O, həmişəki kimi yenə də yavaş-yavaş ağacların arasıyla gəzərək, tələsini asmaq üçün münasib bir yer axtarırdı. Nəhayət tələni hündür bir ağacın budağından asaraq üstünü yarpaqlarla örtdü və yarpaqların üzərinə buğda səpdi. Özü isə bir qıraqda gizləndi.
Sizə kimdən deyək, balaca quşcuğazdan. Heç bir şeydən xəbəri olmayan balaca quşcuğaz yorğun halda həmin ağacın budağına bir az dincəlmək üçün qonmuşdu. O, yarpaqların üzərindəki buğdanı gördükdə, tələnin fərqinə varmadan, onu yeməyə tələsdi. Yarpaqların xışıltısını eşidən ovçu isə dərhal tələnin ipini dartaraq, balaca quşcuğazı tələyə saldı. O, balaca quşcuğazı yaxşı pula satmaq barədə fikirləşirdi ki, quşcuğaz dilə gəlib danışmağa başladı¬¬:
- Ey ovçu, gəl sən məni azad et. Bunun əvəzində mən sənə puldan daha qiymətli olan üç nəsihət söyləyərəm.
- Puldan daha qiymətli?! - ovçu qulaqlarına inanmadı.
- Hə. Puldan daha qiymətli olan nəsihətlər. Amma bir də şərtim var. Nəsihətimin birincisini sənə ovcunun içində, ikincisini ağacın başında, üçüncüsünü isə göydə olarkən deyəcəyəm.
Ovçu bir qədər fikirləşəndən sonra dedi:
- Yaxşı, birinci nəsihətin xoşuma gəlsə, səni buraxacağam.
Quşcuğaz dedi:
- Ey ovçu, biri sənə bir söz desə, onun barəsində diqqətlə fikirləş, sonra öz qərarını ver. Ovçu dedi:
- Əhsən sənə, balaca olsan da çox ağıllısan. Get, səni azad edirəm, amma digər nəsihətlərini də eşitmək istərdim.
Quşcuğaz ağacın budağına qonaraq söylədi:
- İkinci nəsihətim budur ki, əlindən gedən heç bir şey üçün təəssüflənmə.
Ağıllı quşcuğaz bunu söyləyib, havada dövrə vurdu və sözünə davam etdi:
- Sənə mühüm bir sirri açmaq istəyirəm. Mənim çinədanımda yarım kiloqram ağırlığında cəvahir var. Məni buraxmaqla bu cəvahiri əldən verdin.
Ovçu bu sözü eşidəndə quşcuğazı buraxdığına yaman peşman oldu:
- Ay səni hoqqabaz, qiymətsiz sözlərinlə məni aldadıb əlimdən qaçdın. Heç olmasa, üçüncü nəsihətini də de!
Quşcuğaz ovçunun başının üstündə dövrə vuraraq söylədi:
- Sənə demədim ki, əlindən gedən heç bir şey üçün kədərlənmə? Əgər sözlərimə qulaq asdıqdan sonra diqqətlə fikirləşsəydin, bilərdin ki, mənim çinədanım o qədər cəvahiratı tuta bilməz. Nə üçün fikirləşməmiş mənim sözümə inandın?
Ovçu quşcuğazın ağlına heyran halda söylədi:
- Hə, düz deyirsən. Üçüncü nəsihətini de. Söz verirəm ki, ona əməl edəcəyəm.
Quşcuğaz: "Məgər o birilərinə əməl etdin ki, üçüncüsünü də deyim? Sənin kimi cahil insana nəsihət söyləmək, şor torpaqda əkin əkməyə bənzəyir" - deyə-deyə gözdən itdi.