Vaqif Səmədoğlu

Son güncelleme: 01.12.2009 14:34
  • Azərbaycan ədəbiyyatında Səməd Vurğun məktəbi və Səmədoğlular Xalq şairi Səməd Vurğun XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir. Çoxəsrlik Azərbaycan poeziyasının qüdrətli yaradıcılarının sıralarında da Səməd Vurğunun adı və məxsusi yeri vardır. Milli ədəbiyyatın klas***lərindən biri olan Səməd Vurğun Azərbaycan şerinin sönməz günəşi, vüqarlı qartalı, ölkə ictimai fikrinin mütəfəkkir təmsilçisi kimi şöhrət qazanmışdır. XX əsr Azərbaycan şerinin köklü, uzunömürlü, əsaslı və davamlı ənənələri Səməd Vurğunun ölməz adı və parlaq sənəti ilə bağlıdır.

    O, böyük sənət ənənələri ilə hələ özünün sağlığında Səməd Vurğun ədəbi məktəbini formalaşdırmışdır. Azərbaycan ədəbiyyatında Nizami, füzuli, Mirzə fətəli Axundov, ?Molla Nəsrəddin?, Rəsul Rza ədəbi məktəbləri olduğu kimi, Səməd Vurğun ədəbi məktəbi də vardır. Bundan başqa, Səməd Vurğunun keşməkeşli həyatı, müasirləri ilə əlaqələri, xalqla doğmalığı, oxucuları ilə görüşləri, səfərləri, ovçuluq səyahətləri barədəki söz-söhbətlər artıq dastana çevrilmişdir. Yorulmuz tədqiqatçı Şəmistan Nəzirlinin ?Vurğun keçib bu yerlərdən? xatirələr toplusu həmin dastanın əhatə dairəsini təsəvvür etməyə imkan verir. Səməd Vurğun Azərbaycan şerinin əfsanəsidir. Ədəbiyyatımızda Azərbaycan haqqında ən populyar, geniş yayılmış, dillər əzbəri olan şeri Səməd Vurğun yazmışdır. Şairin böyük istedadının məhsulu olan və cəmi iyirmi doqquz yaşında ikən yazdığı məşhur ?Azərbaycan? şeri azərbaycançılıq idealının poetik manifestidir. Bütövlükdə isə Səməd Vurğunun yaradıcılığı böyük və möhtəşəm Azərbaycan dastanından ibarətdir. Sənətkarın ayrı-ayrı əsərləri bu əzəmətli poetik dastanın fəsilləri, yaxud səhifələridir. Bütün bunlara görə xalq şairi Səməd Vurğunun ədəbi təsir dairəsi geniş olmuşdur. Daha doğrusu, Səməd Vurğunla eyni bir mühitdə yaşayıb-yaradıb, onunla ünsiyyətdə olub, yaxud əsərlərini oxuyub ondan təsirlənməmək çətin idi. Ona görə də XX əsrin 30-70-ci illərində Azərbaycanda Səməd Vurğun ədəbi məktəbi ənənələri əsasında yaranan ədəbiyyat üstünlük təşkil etmişdir. Sonralar bu ənənə bir qədər zəifləsə də, yenə davam etmişdir. İndi də poeziyada Səməd Vurğun şeir ənənəsi müəyyən səviyyədə davam etməkdədir. Azərbaycan ədəbiyyatında Səməd Vurğun bulağından su içən yaradıcı qüvvələri aşağıdakı dörd qismə ayırmaq mümkündür: 1. Səməd Vurğun şerinin təsiri altında olub, onu zəif şəkildə təkrar edənlər. Belələri əsl şair ola bilməyib, epiqonçuluqdan uzağa gedə bilmədilər. 2. Səməd Vurğun şeri ənənəsi üstündə köklənib, bu qüdrətli sənətkardan ilham alıb, onun irsindən yaradıcı şəkildə faydalanan, bu ənənəni qoruyub saxlayan, genişləndirən, zənginləşdirən şairlər. Həmin qəbildən olan sənətkarlar ədəbiyyat tarixində müəyyən yer, mövqe qazanmaq imkanı əldə edə bildilər. Məsələn, Osman Sarıvəlli, İslam Səfərli, Zeynal Xəlil, Adil Babayev, Əhməd Cəmil və başqaları Səməd Vurğun poeziyası zəminində formalaşıb inkişaf etməklə ədəbiyyatda bu ənənəni daha da möhkəmləndirdilər. 3. Xalq şairi Səməd Vurğunun poetik ənənəsindən yaradıcı şəkildə faydalanmaqla ədəbiyyat aləminə gələn şairlərdən bir qismi sənətdə tamamilə orijinal yol tutaraq poeziyada yeni zirvələr fəth edə bildilər. Belə şairlərdən xalq şairləri Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Məmməd Araz və Nəriman Həsənzadəni xüsusilə qeyd etmək lazım gəlir. İlkin ilham bulağı Səməd Vurğun şeri olsa da, onlar sənətdə yeni söz sahibi kimi çıxış etdilər, bu məktəbin sədlərini aşaraq müstəqil yol tutmaqla özlərinə məxsus böyük ədəbiyyat yarada bildilər. 4. Xalq şairi Səməd Vurğun irsindən novatorcasına faydalanaraq yeni ədəbiyyat yaradan sənətkarlar; belə ədiblər üçün Səməd Vurğun şerinin vəzn və qafiyə sistemi, mövzu və ideyalar aləmi, təsvir və ifadə vasitələri əsas kimi qəbul olunmadı. Bu tip sənətkarlara Səməd Vurğunun ədəbiyyatda gəlib çatdığı, lakin bir çox səbəbdən inkişaf etdirə bilmədiyi, dayanmağa məcbur olduğu məqamı müəyyən edib, həmin nöqtədən başlayaraq yaradıcılıq yolunu yeni müstəvidə davam etdirən yazıçı və şairləri aid etmək lazım gəlir. fikrimizcə, tam orijinallıq mənasında belə sənətkarlar ədəbiyyata daha çox fayda verə bildilər. Həmin qrup yazıçı və şairlərin sırasında xalq şairi Səməd Vurğunun ədəbi məktəbindən yox, ocağından çıxmış xalq yazıçısı Yusif Səmədoğlunun və xalq şairi Vaqif Səmədoğlunun xüsusi yeri vardır. Səməd Vurğuna təbii ki, hamıdan yaxın olmalarına baxmayaraq, onlar bu böyük və ilhamlı sənətin ritmini və ahəngini deyil, dərin qatlardakı ideya-fəlsəfi axarını, ictimai ruhunu əsas kimi qəbul edərək, tamamilə orijinal yollarla getməklə yeni tipli sənətkarlara çevrildilər. ?Səmədoğlu? təxəllüsü onlar üçün poetik ənənənin deyil, sadəcə əsl-kökün, soyadın davamı mənasında başa düşülməlidir. Həmçinin ?Səmədoğlu? təxəllüsündə xalq şairi Səməd Vurğunun parlaq siması, böyük sənəti qarşısında bir məsuliyyət duyğusu da məna tapır. Yəni Azərbaycan xalqının ədəbiyyatının tarixində və taleyində görkəmli yer tutan Səməd Vurğunun adını təxəllüs kimi qəbul edən şəxs, xüsusən də övlad, oğul olan şəxs ya əlinə qələm almayıb, mövcud şöhrəti və nüfuzu, həyatı və əməlləri ilə qorumalı, ya da əgər bədii yaradıcılıq yolunu seçibsə, sənətdə ciddi bir iz buraxmağı bacarmalıdı. Bəlkə də bütün bunlara görədir ki, Yusif və Vaqif Səmədoğlular nəinki içində böyüdükləri Səməd Vurğun məktəbini təkrarlamadılar, onlar hətta bir-birlərindən belə təsirlənməyərək, hərəsi müstəqil və orijinal sənət yolunu qəbul etdilər, hər biri ayrılıqda ədəbiyyatda xüsusi mövqe qazanmaq imkanı əldə edə bildilər, Səmədoğlu ədiblərə çevrildilər. İlk növbədə xalq şairi Səməd Vurğunun keşməkeşli şəxsi həyatı, tərcümeyi-halındakı zamanla bağlı tragik məqamlar, böyük sənətkarın tam potensialını bütün vüsəti ilə açmasına buxov olan ciddi sədlər Yusif Səmədoğlunu geniş mənada Azərbaycan xalqının yaxın-uzaq keçmişlə bağlı çətin, acı, ağır taleyini bədii baxımdan əks etdirməyə sövq etmişdir. Bu məqamda Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutan Molla Pənah Vaqifin faciəli taleyi də Yusif Səmədoğlunun yaradıcılığının qida mənbəyinə çevrilmişdir. fikrimizcə, xalq yazıçısı Yusif Səmədoğlunun ?Qətl günü? romanında Azərbaycan xalqının Molla Pənah Vaqifdən Səməd Vurğuna qədərki mürəkkəb və keşməkeşli taleyi ədəbi-tarixi baxımdan məharətlə ümumiləşdirilmişdir. Hətta bu baxımdan yanaşmaqla ?Qətl günü? romanında Molla Pənah Vaqifin və Səməd Vurğunun prototipi ola biləcək obrazlar da müəyyən etmək mümkündür. Romanın uğurlu çıxmasının, ədəbiyyatımızda ədəbi hadisə səviyyəsində qəbul edilməsinin əsas səbəblərindən biri də əsərdə əks etdirilən mətləblərin, bəzi analoji məqamların, Yusif Səmədoğlu tərəfindən atası Səməd Vurğunun tərcümeyi-halında və yaradıcılıq taleyində dərindən və əsaslı şəkildə görünən və görünməyən tərəflərilə müşahidə edilməsi ilə əlaqədardır. ?Qətl günü? əsəri Azərbaycan ədəbiyyatında yeni tipli romanın ən bariz nümunəsidir. Əsər ədəbi tənqiddə ?müasir ədəbiyyatımızın həqiqət günü? kimi dəyərləndirilmişdir. ?Qətl günü? romanı ilə yeni nəsr ? altmışıncıların nəsri ədəbiyyatda tam kamala çatmışdır. Təkcə ?Qətl günü? romanı kifayət edər ki, Yusif Səmədoğlu Azərbaycan ədəbiyyatı tarixində özünəlayiq əbədi yer tuta bilsin. Xalq şairi Səməd Vurğun həm də yaşadığı dövrün tələblərini nəzərə alaraq öz zamanı üçün aktual olan, önə çəkilmiş idealları tərənnüm etməli olmuşdur. Böyük sənətkar ideologiyadan uzaq, əsl insanın həyatını və psixologiyasını, necə deyərlər, xalqı təmsil edən sadə, adi, sıravi insanların obrazını yaratmağa ardıcıl olaraq cəhd göstərsə də, bu niyyətini həyata keçirməyə normal şərait olmadığı üçün məqsədinə, arzusuna tam nail ola bilməmişdir. Daha doğrusu, mövcud ideoloji sistem buna imkan vermirdi. Amma yenə də Səməd Vurğun sərt ideoloji qadağalar dövründə müxtəlif əsərlərində Cəlal, Humay, Sarvan, Manya, Aygün Əmirxan, Eldar və sair kimi yaddaqalan obrazları oxucuya təqdim etməyi, ədəbiyyata gətirməyi bacarmışdır. Şair həmin niyyətini gerçəkləşdirmək üçün bəzən qəhrəmanlarını müəyyən ideoloji mühitdə təsvir etsə də, son nəticədə onlara canlı, təbii həyat nəfəsi bəxş edə bilmişdir. Xalq şairinin yaradıcılığında bir çox məqamlarda müəyyən ideoloji mühitə müraciət zahiri fon yaratmaq, senzuradan yayınmaq məqsədi daşımışdır. Lakin bizim müşahidələrimizə görə bütövlükdə Səməd Vurğun Azərbaycan insanını qayğıları və narahat dünyası, daxili mənəvi-psixoloji aləmi ilə canlandırmağın dəmir sədlərini tam olaraq aşmaqdan ehtiyatlanmamışdır. ?Aygün? poemasında bu istiqamətdə etdiyi əhəmiyyətli cəhdlərin zamanın ədəbi tənqidinin təpkisi ilə qarşılanması ona və o dövrün əsl milli ruhlu yazıçılarına həyatı və insanı harayadək, hansı ölçülərə və prinsiplərə qədər göstərmək səlahiyyətinin olduğunu diqtə etmişdir. Deməli, Səməd Vurğun və onun müasirləri real, təbii, sadə sıravi insan obrazlarını ideoloji mühitin içində göstərməkdən uzağa gedə bilməzdilər. Ona görə də Yusif Səmədoğlu bədii yaradıcılığa ayaq açarkən Səməd Vurğunun gəlib çatdığı, lakin inkişaf etdirə, irəli gedə bilmədiyi həmin nöqtədən, yəni həyatın dibindən başlamışdır. Xüsusən, Yusif Səmədoğlunun ilk hekayələri XX əsrin əvvəllərində ədəbiyyatda bərqərar olmuş kiçik adamın təzədən dirçəlişinin təkanverici qüvvəsinə çevrildi. Yazıçı bu mərama bütün yaradıcılığı boyu, ömrünün sonuna qədər sadiq qaldı. Onun ?Yaddan çıxmış gözlər?, ?220 N-li otaq?, ?Soyuq daş?, ?Saat işləyir?, ?Astana?, ?İnci dərəsində yaz çağı? hekayələri, yarımçıq qalmış ?Deyilənlər gəldi başa? romanı keçmiş ideologiyadan tam uzaqda olan, gerçək həyatı və real insanı bütün təbiiliyi ilə təqdim edən dəyərli bədii nümunələrdir. Bu əsərlərdə alilərin deyil, adilərin hekayəti bütün təbiiliyi və reallığı ilə öz əksini tapmışdır. Yusif Səmədoğlunun ?Yeddi oğul istərəm? filminə yazdığı ssenari Səməd Vurğunun məşhur ?Komsomol poeması?nın əsasında yazılsa da, orijinal bədii əsər təsiri bağışlayır. Yusif Səmədoğlu böyük istedadın məhsulu olan bu əsərdən ideoloji qatı ? ?Hücuma tanklarla keçir komsomol? motivini təmizləmiş, məlum obrazlara daha çox həyati yön verməyə səy göstərmişdir. Bütövlükdə ?Yeddi oğul istərəm? filmi ədəbiyyatda ənənə və novatorluq mövqeyindən çıxış etməyin üstün imkanlarını qabarıq şəkildə nümayiş etdirir. Yusif Səmədoğlu xalq şairi Səməd Vurğunun keçən əsrin 30-cu illərinin sərt ideoloji mühitində yazdığı əsərlər həmin əsrin axırlarına yaxın, təxminən 90 il sonra Azərbaycan insanına yeni söz deməyin mümkünlüyünü isbata çatdırmışdır. filmdə mövzu və personajlar heyəti Səməd Vurğuna, yeni səviyyədə təqdimat və yozum isə Yusif Səmədoğluna məxsusdur. Əgər Azərbaycan tamaşaçısı xalq şairi Səməd Vurğunun ?Komsomol poeması? adlı əsərinin mövcudluğundan xəbərdar olmasaydı, ?Yeddi oğul istərəm? ssenarisini və ssenari əsasında çəiklmiş uğurlu filmi tam orijinal əsər kimi qəbul edə bilərdi. Bütövlükdə, Yusif Səmədoğlu romanları, ssenariləri, hekayələri ilə ciddi və bənzərsiz yazıçıdır. Bir sənətkar kimi onun adı XX əsrdə yeni tipli ədəbiyyat yaradanların sırasında görkəmli yer tutur. Yusif Səmədoğlunun hekayələri XX əsr Azərbaycan hekayəsinin klas*** nümunələridir. Real, gerçək həyat hadisələrini və adi insanları lirik planda təsvir etmək, yığcamlıq, mükəmməl bədii ümumiləşdirmə Yusif Səmədoğlunun hekayə yaradıcılığının fərdi xüsusiyyətlərini müəyyən edir. Müşahidələr göstərir ki, Vaqif Səmədoğlu da bədii yaradıcılığa Yusif Səmədoğlunun başladığı nöqtədən gəlmişdir. Həyatilik, xəlqilik, adilik, sadəlik Vaqif Səmədoğlu şerinin əsas qayəsini təşkil edir. Şair çox sonralar yazdığı şeirlərindən birində həmin prosesi aşağıdakı kimi mənalandırır: İndi gileydən-güzardan, Baş alıb qaçmaq vaxtıdır. Qapıları döyülməmiş Taybatay açmaq vaxtıdır. İndi hər səsdən, hər küydən Sükuta dönmək vaxtıdır. Millət, dövlət zirvəsindən İnsana enmək vaxtıdır. Səməd Vurğun şerindəki səs-küylü tərənnümdən sükuta, pıçıltıya, Vətən və xalq haqqındakı ümumi, uca düşüncələrdən konkret insana enmək Vaqif Səmədoğlunun özünəməxsusluğunu təyin edir. Vaqif Səmədoğlunun şeirləri həyat və insan haqqında poetik-fəlsəfi pıçıltılardır. Bu poetik pıçıltılarda sanki insan ürəyinin döyüntüləri şeirə çevrilir: Nə qədər sual cavabsız qalarmış Bircə gödək insan ömründə? Nə vaxta qədər Həyatın özünə belə Yeganə doğru cavab Ancaq ölüm olarmış? Nə çağa kimi heç nə Bilməyəcəyik yaşayarkən? Heç nə bilməyəcəyik Ağlaya-ağlaya, gülə-gülə? Elə beləmi gedəcək? Ya gah elə, gah belə Ən nəhəng içi dolu gəmi də Bir gün görünməlidir axı dənizdə, Yan almalıdır axı sahilə... Vaqif Səmədoğlu üçün daha bir ?yapışmaq yeri? xalq şairi Səməd Vurğunun ilhamlı, quş qanadlı misraları yox, onun yaradıcılığındakı fəlsəfi düşüncələrdir. Xüsusən ?İnsan? dramındakı fəlsəfi dünyagörüş, cavab verilməsi tələb olunmayan dərin suallar, insanın və cəmiyyətin fəlsəfi dərki məsələləri Vaqif Səmədoğlunun şeir yaradıcılığının cövhərini təşkil edir. Vaqif Səmədoğlunun şeirlərindəki poetik düşüncələrin həm də dərin fəlsəfi yükü vardır. Hətta bu şeirlərdə fəlsəfə, fikir əksər məqamlarda şeriyyəti üstələyir. İnsan və dünya, həyat və ölüm kimi fəlsəfi baxış tələb edən mətləblər Vaqif Səmədoğlunun şeirlərində orijinal poetik vasitələrlə açıqlanır. Bu mənada Vaqif Səmədoğlu filosof şairdir. Onun yaradıcılığındakı fəlsəfi motivlər şairanədir, poeziyanın fəlsəfəsi deyildir, fəlsəfənin poeziyasıdır. Geniş mənada Vaqif Səmədoğlu yaradıcılığının qayəsi etibarilə xalq şairi Səməd Vurğunun ?Qalib gələcəkmi cahanda kamal?? sualının poetik-fəlsəfi cavabından yoğrulmuş şeir-sənət adamıdır. Bütün bunlarla bərabər, Vaqif Səmədoğlunun yaradıcılığında Səməd Vurğun poeziyası ilə səslənən şeirlər də vardır. Həyatı, insanı, təbiəti vüsətli poetik tərənnüm vasitəsilə canlandıran xalq şairi Səməd Vurğunun şair-rəssamlığı bəzən Vaqif Səmədoğlunun şeirlərində də qabarıq nəzərə çarpır. Məsələn, ?Muğan? poemasındakı aşağıdakı ilhamlı misralar ana təbiətə vətəndaş-şair Səməd Vurğunun poetik münasibəti ilə bərabər, həm də şeriyyətlə təsviri sənətin, şair-rəssamlığın vəhdətinin parlaq ifadəsidir: Kür qırağı... Qarayazı... göy çəmən, Qoca palıd... Tüstülənən od-ocaq! Saç ağardı, unutmadım sizi mən, Hansı şair sizi bir də yazacaq? Vaqif Səmədoğlunun aşağıdakı şerində Səməd Vurğun şerinin ritmi yox, ruhu yaşayır: Ömrümdə olmalıymış O əyri yol, tək vələs, Yalçın qaya, uzaq səs, Birdən qaralan nəfəs. Ömrümdə olmalıymış Yadımda qalmalıymış. ...Saat üstə şirmayı, Qatarın yetim payı, Heyva ayı, nar ayı Ömrümdə olmalıymış, Yadımda qalmalıymış. Dənizin ada günü, Dağların səda günü, Hər günün vida günü Yadımda qalmalıymış. İçərişəhər mövzusunda yazılmış şeirlərdə də dərin mənəvi-ruhi bağlılıq vardır. Səməd Vurğunun ?Bakının dastanı? poemasının bir parçası olan ?İçərişəhər? fəslində ?qoşa qapılar?, ?bir çox yeri uçulmuş? divarları, ?zınqırovlu, yüklü dəvə karvanları?, ?heykəl kimi dayanmış daş sütunlar? şəhər içindəki bu qədim şəhərin əsas cizgiləri kimi vəsf olunur. Səməd Vurğun İçərişəhərin özünəməxsus görkəmini, ayrı-ayrı detallarını poetik tərənnüm yolu ilə oxuculara çatdırmışdır: İndisə bax: nələr deyir bu dalanlar Bir çalağan ilan kimi burulmuşdur. Bəzən bizə dar gəlsə də bu gün onlar, Elin geniş əllərilə qurulmuşdur. ...Toxunmasın bu yerlərə memar əli, Bu döngələr, bu dalanlar yadigardır. Hər dövranın öz sevdası, öz əməli, Hər daşın da, kəsəyin də adı vardır. Göründüyü kimi, Səməd Vurğun İçərişəhər mövzusuna tarixilik və vətənpərvərlik mövqeyindən yanaşmış, bununla belə, həm də bu qədim şəhərin bənzərsiz poetik obrazını canlandıran bəndləri və misraları da genişhəcmli fəslin ayrı-ayrı parçalarına səpələnmişdir. Vaqif Səmədoğlunun ?İçərişəhər? şeri (1965) isə birbaşa İçərişəhərin poetik portretini çəkir. Səməd Vurğundakı tərənnümü burada obrazlı poetik təqdimat, xalq şairinin izlədiyi milli qürur və vətənpərvərlik düşüncəsini Vaqif Səmədoğluda vətəndaşlıq harayı əvəz edir. Birinci şeir heca vəzni, ikincisi isə sərbəst vəzn üstündə köklənmişdir. Beləliklə, oxşar cəhətlərinə baxmayaraq, fərqli bir şeir alınmışdır: Əyrin-üyrün Dar küçələrin, Gündüzlər Otaqlarındakı bəyaz gecələrin, Damarlarının yastısı, İçinin astası Küçələrini Dolanan addımların Həmişə tənha səsi, Gecələrinin Dünyada itən tarix tikəsi. İçindən böyük şəhərə, Bayır şəhərə Çıxan təəccübüm, Oğrulardan qorxan cibim, Ölüm ayağındadır indi. Biçarə şəhər, İçərişəhər! ?İçərişəhər? Vaqif Səmədoğlunun yaradıcılıq möhürü, imzası, özünütəsdiq şeridir. Yeri gəlmişkən, deyək ki, xalq yazıçısı Yusif Səmədoğlunun ?Gözlər? hekayəsindəki Şair obrazının bir çox xarakterik cizgiləri həmin surətin Səməd Vurğun olduğunu göstərir. Yusif Səmədoğlu hekayənin mövzusunu Səməd Vurğunun həytından almışdır. Hiss olunur ki, o özü də təqdim olunan süjetlə bağlı hadisənin iştirakçısıdır. Şairin həyatının bir məqamını ifadə edən ?Gözlər? hekayəsində Yusif Səmədoğlu lirizmə üstünlük vermişdir. Lirik-romantik təhkiyənin və seçilmiş hadisənin fonunda şair ? Səməd Vurğun yaddaqalan cəlbedici və təsirli görünür. Vaqif Səmədoğlunun Səməd Vurğunun müraciət etdiyi mövzulara yenidən üz tutması, Yusif Səmədoğlunun xalq şairinin həyatından alınmış mövzuda hekayə yazması ilk növbədə ustad sənətkara ehtiramın ifadəsidir. Bundan başqa, Səməd Vurğunla əlaqədar mövzulara müraciət ata şairin toxunduğu məsələlərin yeni tarixi şəraitdəki yaradıcı davamı kimi səslənir. Lakin burada oxşarlıqdan çox fərq müşahidə olunur. Yusif və Vaqif Səmədoğluların məlum mövzudakı əsərləri yeni zamanın səsi və fərqli üslubun bədii təqdimatıdır. Dramaturgiya sənətində də Vaqif Səmədoğluda dərin qatlardan gələn ənənə zəminində daha çox yeni yanaşma müşahidə olunur. Belə ki, Səməd Vurğun məşhur ?Vaqif? dramında Molla Pənah Vaqifin timsalında ideal sənətkar obrazı yaratmağı ön mövqeyə çəkmişdisə, Vaqif Səmədoğlu ?Bəxt üzüyü? pyesində şair Moşu Göyəzənlinin simasında sənətkar və cəmiyyət münasibətlərinə üstünlük vermişdir. Sənətkara münasibətdə Səməd Vurğun sənətindəki romantik pafosu Vaqif Səmədoğlundakı realist yanaşma əvəzləyir. ?Vaqif? dramında Molla Pənahı əhatə edən saray əyanlarının yerinə ?Bəxt üzüyü?ndə Moşu Göyəzənlinin ətrafındakı məişət planında düşünülmüş sadə adamlar səhnəyə çıxarılmışdır. Hətta Moşu Göyəzənli müşahidə olunan obrazında romantik görüntü komik ünsürə çevrilmişdir. Beləliklə, şair və zaman mövzusunda tamamilə yeni əsər meydana çıxmışdır. Göründüyü kimi, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu bir sənətkar kimi Səməd Vurğun ədəbi məktəbinin birbaşa təmsilçiləri deyillər. Lakin onların hər ikisinin yaradıcılığının ideya-fəlsəfi qaynaqları Səməd Vurğun sənətindən qida və dərs alır. Səməd Vurğunun sənətdə dayandığı, yaxud yuxarıda dediyimiz kimi, dayanmağa məcbur olduğu nöqtədən başlayan Yusif Səmədoğlu ədəbiyyatda keçilməmiş yollarla getmiş, yeni yaradıcılıq istiqaməti açmışdır. O, sənətinin problematikası: dili, üslubu, ifadə vasitələri, təhkiyəsi baxımından Səməd Vurğundan ayrılır. Yusif Səmədoğlu ədbiyyatda davam etdiyi yollarda Vaqif Səmədoğlu ilə qoşa addımlamışdır. Biri nəsrdə, digəri poeziyada qoşa qanad kimi. Hər ikisi Səməd Vurğunu təkrar etmədikləri kimi, bir-birlərini də təkrar etmirlər. Vaxtilə Səməd Vurğunun örtülü şəkildə, müəyyən sədləri, buxovları nəzərə almaq şərti ilə ifadə etdiyi və ya ifadə edə bilməyib yalnız müəyyən işarələr verməklə kifayətlənməli olduğu mətləblərdən Yusif və Vaqif Səmədoğlular açıq danışmağı bacardılar. Əlbəttə, burada dəyişən zaman da öz sözünü dedi. Ancaq zamanın açdığı qapıları sənətdə hər qələm sahibi Səmədoğlular kimi, onların səviyyəsində aça bilmədi ? Yusif Səmədoğlunun sənəti nəsrin ağır artilleriyası, Vaqif Səmədoğlunun fəlsəfi poeziyası şerin yüyənsiz, sərbəst atı ilə ədəbiyyat qatarını irəliyə apardı. Səməd Vurğun ədəbi məktəbində xalq şairinin fəth etdiyi poetik səviyyəni aşmaq müşkül iş olduğu halda, bu məktəbin poetik ənənələrindən deyil, ideya-fəlsəfi qaynaqlarından faydalanan Səməd Vurğun ocağının nümayəndələri fərqli sənət yolu seçməklə görkəmlilər cərgəsində layiqli, sanballı yer tuta bildilər. Səmədoğlu ədiblərin ? xalq yazıçısı Yusif Səmədoğlunun və xalq şairi Vaqif Səmədoğlunun ən yaxşı əsərləri ustad xalq şairi Səməd Vurğunun əsərləri kimi Azərbaycan ədəbiyyatının daha da zənginləşdirilməsinə və inkişafına uğurla xidmət edir. Öz ocağından iki görkəmli, bənzərsiz sənətkarı Azərbaycan ədəbiyyatına bəxş etmək də xalq şairi Səməd Vurğunun tarixi xidmətlərindəndir. fikrimizcə, Yusif və Vaqif Səmədoğlular da Səməd Vurğunun ?əsərləridir?. Yusif Səmədoğlu və Vaqif Səmədoğlu meydana qoyduqları mükəmməl bədii əsərləri ilə Səməd Vurğun ocağının sönməzliyini, zənginliyini bir daha təsdiqlədilər. Azərbaycan ədəbiyyatının inkişafında xalq şairi Səməd Vurğunun da, Səmədoğlu ədiblərin hər birinin də öz yeri, özünəməxsus fərqli ximdmətləri vardır. Bu gün də Səməd Vurğunun şeir-sənət ənənələrini müxtəlif səviyyələrdə yaşadan, davam etdirən sənətkarlar yazıb-yaratmaqdadır. Xalq şairi Səməd Vurğunun ata ocağının odunu, istisini, ənənələrini isə xalq şairi Vaqif Səmədoğlu ləyaqətlə qoruyub yaşadır. İndi Azərbaycan ədəbiyyatında Yusif Səmədoğlunun da, Vaqif Səmədoğlunun da ayrı-ayrılıqda davamçıları vardır. Beləliklə, ədəbiyyat özü də nəsildən-nəslə, ənənədən yeniliyə davam edərək yaşayır, dəyişir, inkişaf edir.
#01.12.2009 14:34 0 0 0