Azərbaycan Dövlət Aqrar Universiteti

Son güncelleme: 05.12.2009 11:55
  • Azərbaycan Dövlət Aqrar Universiteti
    1920-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaradılan kənd təsərrüfatı fakültəsi müstəqil Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun əsası olub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may 1929-cu il tarixli (protokol №10, b 35) qərarı ilə yaradılmış Kənd Təsərrüfatı İnstitutu 1931-ci ildə Gencə şəhərinə köçürülmüşdür. Respublikamızda kənd təsərrüfatının elmi əsaslarla inkişafının və milli kadrlar hazırlığının təməli o vaxtlar Qafqaza sürgün edilmiş V.P. Smirnov-Loginov başda olmaqla İ.V. Fiqurovski, V.V. Akimtsev, İ.İ. Kalugin, D.V. İvanov və başqaları tərəfindən qoyulmuşdur. Sonralar milli kadrların yetişməsində uğurlar əldə edildi. İnstitutun yetirmələri akademiklər Həsən Əliyev, Firuz Məlikov, Ağaxan Ağabəyli, Validə Tutayuq, İmam Mustafayev, Vahid Hacıyev, Musa Musayev, Ələkbər Quliyev, Rəhim Hüseynov, Siddiqə Məmmədova, Məmmədtağı Cəfərov və başqaları Azərbaycan elmini dünya səviyyəsinə yüksəltmişlər. Akademiya Respublikamızın aqrar bölümünü yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri ilə təmin edən yeganə dövlət ali təhsil müəssisəsidir. 1929-cu ildə sərbəst ali məktəb kimi formalaşdığı dövrün ilk aylarında bu ali tədris və elm məbədinə Dadaş Bünyadzadə rəhbərlik etmişdir. Sonralar akademiyaya İslam Datiyev (1930-1932), Hüseyn Musayev (1932-1935), Yusif Tahirov (1936), Möhsün Poladov (1936-1941 və 1953-1954), Soltan Mirzəyev (1942-1944), Bala Ağayev (1944-1953), Məmməd Mehdiyev (1954-1960), Niyaz Səfərov (1962-1973), Behman Xəlilov (1973-1983), Məmmədtağı Cəfərov (1983-1989), Raul Qədimov (1990-1995) və 1995-ci ildən 2007-ci ilin iyun ayınadək yenidən Məmmədtağı Cəfərov rəhbərlik etmişlər. 1918-ci il may ayının 28-də Tiflisdə yaranan Azərbaycan Demokratik Respublikasının yeni hökuməti paytaxt Gəncəyə köçən günü - yəni iyun ayının 17-də öz ilk yığıncağını hazırda Azərbaycan Kənd Təsərrüfat Akademiyasının tarix muzeyinin yerləşdiyi binada keçirmişdir. ADR-in yarandığı ilk illərdə ölkənin kəskin tələbatı nəzərə alınaraq Azərbaycandan 100 nəfər istedadlı gənc dövlət hesabına xarici ölkələrə - Rusiya, Türkiyə, Almaniya, İtaliya, Fransa və digər ölkələrə təhsil almağa göndərilmişdi. Onların arasında aqrar təhsil alan Əhməd Rəcəbli və Hüseyn Nağıyev kimi gənclər də var idi ki, sonralar hərəsi bir sahədə sanballı alim kimi tanındı. AKTA AKTA-nın tarixində özünə məxsus yeri olan pedaqoqlardan biri də Bəhram Abdinov olub. Respublikanın Əməkdar aqronomu olan bu məşhur ziyalı Moskvada Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasında oxuduqdan sonra Almaniyanın Bonn şəhərində Kənd Təsərrüfatı Akademiyasının bitirmiş, sonralar Azərbaycanda müxtəlif ali məktəblərdə, o cümlədən AKTA-da pedaqoq kimi çalışmışdır. XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, azadlıq nəğməkarı Əhməd Cavad 1931-1934-cü illərdə AKTA-da dilçilik kafedrasına rəhbərlik etmiş, rus dili üzrə ilk professor olmuşdur. Bununla yanaşı sonralar dünya şöhrətli alimlər-akademiklər Yusif Məmmədəliyev və Çingiz Cuvarlı bu akademiyada çalışmış, mütəxəssis hazırlığında böyük xidmət göstərmişlər. İnstitut 1980-ci ildə «Şərəf Nişanı» ordeninə layiq görülüb. 17 iyun 1991-ci il tarixdə İnstitut Akademiya statusu almışdır. Akademiyanın zəngin maddi-texniki bazası, muzeyi, əsaslı kitabxanası, redaksiya-nəşriyyat şöbəsi, mətbəəsi, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları, təmir emalatxanası, tədris-təcrübə tarlası və s. vardır. Akademiyanın aqronomluq və texnologiya, aqrar iqtisadiyyat və menecment, aqrar mühəndislik, zoobaytarlıq və əmtəəşünaslıq fakültələrində aşağıdakı istiqamətlər üzrə mütəxəssis hazırlığı aparılır: Aqrokimya və torpaqşünaslıq, aqronomluq, qida məhsullarının texnologiyası, meşə və meşə ehtiyatlarının bərpası, yerquruluşu və torpaq kadastrı, memarlıq, ekologiya və təbiətdən istifadə, zootexniklik, baytarlıq, əmtəəşünaslıq, aqrar mühəndislik, energetika və enerji maşınqayırması, yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı, maşınqayırma və material emalı, standartlaşdırma və sertifikasiya, ümumi iqtisadiyyat, mühəndis iqtisadiyyatı və idarəetmə, inzibati idarəetmə, informasiya sistemləri. 2005-ci ildən akademiyada alınan proqramı ilə «aqrar menecment» ixtisası üzrə bakalavr təhsil pilləsində mütəxəssis hazırlanır. Yarandığı gündən bu vaxtadək akademiyada 60 minə yaxın yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisi hazırlanmışdır. Akademiyanın məzunları arasında görkəmli alimlər, dövlət və ictimai xadimlər, parlament deputatları, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vardır. Akademiyanın ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Misir, Türkiyə, İran, İsrail, Niderland, Albaniya, İspaniya, Çexiya və MDB ölkələrinin ali kənd təsərrüfatı məktəbləri ilə tədris və elmi əlaqələri vardır. 2001-ci ilin aprel ayında tədris prosesində aparılan islahatlara, Avropa Şurasının tələblərinə uyğun təhsil proqramlarına və planlarına və digər yüksək göstəricilərə görə AKTA Fransa Respublikasının ən qədim tarixli (200 il) Sənayeyə Yardım Assosiasiyasının «Qızıl medalı» ilə təltif olunmuşdur. Məmmədova Günel
#05.12.2009 11:55 0 0 0