Flora Kərimova-Yaşadığım həyat,məni qane eləmədi

Son güncelleme: 17.12.2009 09:26
  • "CƏNNƏT MƏLƏYİ" tənha olubsa da, tək olmayı



    Haqqında yazmağa çətinlik çəkdiyim, aurasına girəndən sonra çıxa, özümə özümü qaytara bilmədiyim Flora xanımın danışdıqlarının da təsirindən "qurtulmaq" bir cəhənnəm əzabıdır!
    Çünki Onunla söhbət CƏNNƏT MƏLƏYİYLƏ olan söhbət-təmasdı. Bizə hər şeyi rahatca verən Allah UCALIQLARDA OLANLARI NECƏ QÜDRƏTLƏ YARATDIĞINI onları bizlə görüşdürəndə anlayırıq! Ki CƏNNƏT MƏLƏYİ olmaq nələrdən, necəliklərdən keçir!!!
    Səsinin diapazonu, dəyəri, yaşamının qədəri Allaha məlum və bizim içimizdən Ulu Tanrıyacan İSTİSNA kimi, özü də Yer üzündə ömür yaşayanların "səslər tablosunda Da Vinçi kodu" misalı çatan Flora Kərimovanın həyat hekayətini cəsarət edib belə tövsif edirəm - ONUN BAŞINA GƏLƏNLƏR GÜNDÜZÜN BAŞINA GƏLSƏYDİ, ƏTRAFI ZÜLMƏT BÜRÜYƏRDİ!

    "Müəlliməm küsdürdü məni!"

    Bakıda doğulsam da, sənədimdə Qutqaşen yazılıb. 134 nömrəli məktəbdə oxudum. Bayılda. Orta məktəbdə məni küsdürən müəlliməm olub. Yelizaveta Petrovna. Allah o dünyasını versin. Keçmişə bağlı adam idi. Həyat onu baş əyməyə məcbur etmişdi. Özünə qiymət verən idi. Dizləri sınmış adam kimiydi. "Çopornaya jenşina bıla ona". Kasıblara zülm edirdi. Kartoçka sisteminin tətbiq olunduğu vaxtlar idi. İşıqlar yanırdı-sönürdü, sirenalar verilirdi. Nəinki mənə münasibətinin, elə uşaqlarla rəftarının ağrısını da mən çəkirdim. Oxuduğum o illərdə atam müharibədəydi.
    Mən çox yumşaq olmuşam ürəyimdə, indi yox. O mühitə üsyan var içimdə, o mühitə nifrətim var mənim. Amma o dövrdə yaşanan mliyardda bir anlara da rəğbət olub! Nifrətlə rəğbət qəribə şəkildə üzləşir.

    "Məni nəticə yox, proses maraqlandırıb! Həmişə"

    Çörəyimi götür, amma məni alçaldıb götürmə. Gücün çatırsa götür, söymərəm, etiraz etmərəm, mübarizə apar, al. Qisas almaram. Amma alçaldıb götürməyi bağışlamıram. Məni şərləyib, öz dünyamı öz dünyasına oxşadanda, hə-ə, onda baxmaram uddum, uduzdum. Mənim uddum-uduzdum anlayışından zəhləm gedir. Uduzsam da, qisasımı alaram - mübarizəmlə. Həyatda həmişə udmuşam, məğlub olmamışam. Həyat tərzimdə də yaşadıqlarımın qarşılığında üzləşdiyim nəticələrə görə naməlumları müəyyənləşdirmişəm.
    Naməlum olan "a" ilə "b" ağrı gətirir, amma nəticə sevinclidi, sevincin ağrısı qalır.
    Nəticə kiminsə sənə münasibətindən asılıdır, proses isə birbaşa özündən asılıdır.
    Proses sənin rəqibinin simasını açır, eləcə də iştirakçıların iç üzünü göstərir. Bu mənada nəticə prosesdən az maraqlıdır.

    "Heç kimlə dostluq eləməmişəm"

    13 yaşından mənə maraq vardı. Artıq Flora Kərimovaydım. Özlərinə şərəf bilirdilər orbitimdə olmağı, ünsiyyət qurmağı. Sinif yoldaşlarıma qonaq gedəndə, yoldaşlarım da, valideynləri də qonşulara, tanış-bilişlərə hiss etdirmək istəyirdilər ki, Flora bizə qonaq gəlib. Bunlar məni aldatmırdı, orbitimdən, özlüyümdən çıxarmırdı.
    Mən səsimə əhəmiyyət vermirdim. Heyranlarımı axtarmırdım. Məşhur idim, amma dərsdən gələndə aşağıdan qışqırırdım: "ma-maa! Ma-aa-ma-aa!, mamoçka!!!"
    Baxmayaraq ki, hamı deyirdi səsinə bənzər səs yoxdu.

    "Atamın istəyinə görə həkim oldum, Allahın istəyinə görə müğənni"

    Uşaqların necə oxuyub-oxumamağından, kimin savadlı, ya zəif olduğundan söz düşəndə atam deyirdi: "Floşun ayağının bildiyini o birilərinin başı bilmir".
    Atam istəyirdi ki, "medinstitut"a girim. Atamı çox istəyirdim. İki ali təhsili vardı.
    Anam dünyasını dəyişənə qədər də ana-bala çərçivəsindən çıxmadım.
    Atamla da mahnı oxumağım və yaxud necə oxumağım müzakirə, danışıq predmeti deyildi.
    Atamda səsimlə bağlı bir "gizli qürur" vardı, amma anam heç vaxt nəinki mənə, heç kimə hiss elətdirmədi.

    "Yoxdu pozitiv həyatımda!"

    Mənim faciələrimdə pozitiv axtarmaq? Sən istəyirsən mən deyim ki, sevirdim?
    Olmayıb belə!!!
    Məni heç nə ruhlandırmayıb!
    Məndə ümid olmayıb!
    Mübarizə olub.
    Mən öz ömrümdə bir neçə ömür yaşamışam - siyasi, musiqi
    Mən bilməmişəm, tanımamışam, maraqlanmamışam məni bu mübarizələrə çəkən nədir, aparan qüvvə hansıdır.

    "Tənha idim, tək deyildim"

    Mən ömrü boyu öz taleyimin qarşısında mükəlləf olmuşam.
    "Evropeyski tanes" oynayanda "veduşiy" mən olmuşam.
    Məni heç nəylə sevindirmək olmaz və heç nə ilə də sevinməmişəm!
    Məni təəccübləndirmək olar! O vaxt ki, bütün arzularım maneəsiz həyata keçsin.

    "Maneələri sevirəm"

    Tavandan gələn, birbaşa işığı sevmirəm. Artırmadakı işığı - "ikinci işığı" istəyirəm.
    Xoşum gəlir narahat daxmada - qazın yanında, darısqallıqda, çöldən düşən işıqda olmaqdan. Bəlkə də ruhumun ifadəsidi yaşadığım həyat - heç bir İşim maneəsiz alınmır.

    "Kitab oxumağa yuxumdan da keçmişəm"

    Çox yaxşı kitabxanamız olub. Düzdü, indi yox, əvvəllər həmişə mütaliə eləmişəm. Hətta körpəm olanda da. Səhərəcən yatmayıb oxumuşam.

    "Sevdiyim rəngin adı"

    Belə götürəndə daha çox qaranı, bir də göyü bəyəndiyim rənglərə qatmaq olar. Amma daha dəqiqi budur ki, şəbəkə halında, rənglər toplusunu xoşlayıram. Prinsipim rənglərin hansını seçmək olmayıb, "mənə yaraşırsa, mən sevirəm" olub.
    Mənəvi-ruhi olanı fani-maddi olanla uzlaşdırıb deyim rəng seçimimi: sərtliyimlə bərabər, prinsipiallığım var! Mütləq və mütləq mənada sərtliklə prinsipiallığı ədalətlə sürdürməyi sevirəm. Ədalət hissi olmasa, prinsipiallıq cılız düşmənçilikdən başqa bir şey deyil. Bax budur mənim rəngim - sevdiyim rəng! Həyatımın rəngi!!!
    Mən heç Allahla saziş bağlamıram, danışıqlara getmirəm, Ona rüşvət vermək istəmirəm. Onu olar-olmaza, halal-harama bölmək istəmirəm. Mən insana tabe olmaq istəmirəm - çünki özünü Allah biləcək!

    "Bu həyata bağlı adam deyiləm"

    Məni təcrid edə-edə təsdiq eləyiblər.
    Mənim mövcudluğumu əlimdən ala bilməyiblər - bu səs yaşamaq üçün doğulub!
    Mən həyatda bütün suallara cavab vermişəm: acısı da, şirini də olub.
    Bütünlükdə olmasa da, yaşadığım həyatın böyük hissəsi məni qane eləmədi.
    Tabe ola-ola tabe etdim!
    Sevməyə-sevməyə sevildim.
    İtirə-itirə qazandım.
    Mən heç vaxt keçmişə boylanmıram.
    Bir anda hər şeydən imtina edə bilərəm.
    Mən bilmirəm yarım saatdan sonra necə olaram.

    "Özgə dərdində, özgə sevincində təskinlik axtarmamışam"

    Özgə həyatı mənim həyatımda ölçü olmayıb.
    Kiməsə bənzəməyi düşüncəmdə belə yaxın buraxmamışam! Hətta dodağıma boya çəkməyi ağlıma gətirməmişəm.
    Şövkət Ələkbərovanı bəyənmişəm.


    "Səsimin ölçüsü"

    Məğlubiyyət və qələbələrimin qədəri qədərdir. Mən də hələ ki məğlub olmamışam.
    Düzdür, kənardan baxan elə bilər "ya baloven sudbı, ili ya faraon", belə deyil!!!

    "Ən böyük düşmənim"

    "Komar", "muxa" mənim düşmənimdi. Öldürməsəm, sakit qala bilmirəm! Uşaqlığımdan bu günəcən

    Aydın Canıyev
#17.12.2009 09:26 0 0 0