Azerbaycan Teatr Tarixi

Son güncelleme: 21.12.2009 12:35
  • Teatrların daha bir mövsümü başa çatır

    Onların məhsuldar və qeyri-məhsuldar fəaliyyəti
    Teatrlar növbəti mövsümü də başa vurur. Artıq bir neçə teatr kollektivi istirahətə çıxıb. Teatrlar üçün yola saldıqları mövsümün nə dərəcədə uğurlu olub-olmadığını aydınlaşdırmaq üçün onların fəaliyyətinə nəzər saldıq. Teatrların yola saldıqları mövsümün nə dərəcədə uğurlu olub-olmadığını deyə bilmərik. Amma onların fəliyyəti bir-birindən o qədər də fərqlənmir. Yalnız onu qeyd edə bilərik ki, maraqlı hadisə Rus Dram Teatrının təmirdən çıxması oldu. Teatr demək olar ki, təmir bitənə qədər fəaliyyətini dayandırmışdı. Bu teatrla bağlı təmirin aşağı səviyyədə aparıldığı da bildirilirdi. Akademik Milli Dram Teatrı da təmirə dayandırıldı. Daha doğrusu, bina təmirdədi. Teatr fəaliyyətini Dənizçilərin Mədəniyyət Evində davam etdirir. İki ildən sonra teatr tamaşaçılarını öz binasında qarşılayacaq. Onu da bildirək ki, teatrların uğursuzluğu adətən binaların bərbad vəziyyətdə olması ilə əlaqələndirilirdi. Onu görə də gözlənilir ki, teatrların təmirindən sonra vəziyyət dəyişsin. Hər halda bütün teatrlar təmir olunmalıdı.
    Hazırda isə teatr işçiləri istirahət edirlər. Akademik Milli Dram Teatrı geridə qoyduğu mövsümdə Tuncay Cücenoğlunun "Uçqun", Artur Millerin "Körpüdən mənzərə" və Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşalarını təqdim edib. Qeyd edək ki, "Körpüdən mənzərə" tamaşası Amerika ilə Azərbaycanın birgə layihəsi idi və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyilə həyata keçirilib.
    Milli Dram Teatrının yola saldığı mövsümdə rayonlara qastrol səfəri kifayət qədər olub. Teatr cənub bölgəsində, Şəkidə, Ağsuda, Göyçayda, Dəvəçidə, Quba və Xaçmazda tamaşa oynayıb. Bununla yanaşı Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində də çıxış edib. Bu səfər Tatarıstanla Azərbaycan arasında yaradılmış mədəni əlaqələr nəticəsində baş tutmuşdu.
    "YU°" teatrı isə fəaliyyətindən narazı deyil. Baxmayaraq ki, dəvət aldığı bir neçə festivala qatıla bilmədi. Teatr mövsüm boyu "Mən, Məhəmməd Füzuli" layihəsini işlədi və mövsümü layihənin sonuncu tamaşası ilə başa vurdu. Layihəyə "Vəsl", "Hicr", "Rüsva", "Yar", "Rəhm", "Bəlayi-eşq" və "Ya rəbb", "Əfğan" tamaşaları daxildi. YU° eyni zamanda İradə Səyyanın "Səni görüm" tamaşasını da təqdim edib. Ötən mövsüm YU° yalnız Tiflisə qastrol səfərinə gedə bilib.
    Gənclər Teatrı da şəraitsiz kineoteatrın binasında yerləşdirilməsinə baxmayaraq, bir neçə tamaşanı ərsəyə gətirə bilib. Teatr Üzeyir Hacıbəyovun "Təzə gəlin", uşaqlar üçün "Tülkünün uçuşu" və "Qar qızın nağılı", Hüseyn Cavidin "İblis", Suxov Kabolinin "Tarelkinin ölümü", Ramiz Abdullayevin Pasport" əsərləri əsasında hazırlanmış tamaşaları təqdim edib. Mövsümü isə iyulun 11-də bağlayacaq.
    Qeyd edək edək ki, tamaşaları müxtəlif məkanlarda təqdim etməli olan Gənclər Teatrı ilk dəfə olaraq yola saldığı mövsümdə "İblis"i xanım aktrisanın ifasında təqdim edə bilib.
    Mahnı Teatrı da bağladığı mövsümdə bir sıra işlər görüb. Teatr Yeni il və Novruz bayramlarını, Rəşid Behbudovun anım gününü keçirib. Bununla yanaşı Neftçala, Əli Bayramlı, Çilov adasına və başqa məkanlara səfər edərək, konsertlər verib.
    Opera və Balet Teatrı da yola saldığı 99-cu mövsümü məhsuldar hesab edir. Bu teatr 3 tamaşanı- Firəngiz Əlizadənin "Qarabağnamə", Tofiq Bakıxanovun "Xeyir və Şər", Aqşin Əlizadənin "Ümid valsı"nı təqdim edib. Qastrol səfəri isə çox olub. Teatrın balet truppası Türkiyəyə səfər edərək, burada "Min bir gecə"ni ifa edib. Bununla yanaşı kollektivin ayrı-ayrı solistləri Almaniya, Fransa, Meksika və başqa ölkələrdə olublar. Bu ay isə teatr Almaniyaya gedəcək.
    Onu da bildirək ki, opera sənətinin tanınmış ulduzları da Bakıya gələrək, bu teatrda çıxış ediblər.
    Musiqili Komediya Teatrında isə məhsuldarlıq hiss olunmur. Teatr yola saldığı mövsümdə əsasən uşaq tamaşaları təhvil verib. Bir də Türkiyənin Qars şəhərinə səfər edib. Teatr il boyu bir neçə tamaşanı səhnələşdirsə də, onları təhvil verə bilməyib. Amma Musiqili Komediya Teatrı mövsümü hələ bağlamayıb. Mövsümü nə vaxt bağlayacağı isə hələ məlum deyil.
    Qeyd edək ki, Musiqili Komediya Teatrına bu günlərdə Əliqismət Lalayev yeni direktor təyin edilib.

    Gülər Nizamiqızı
#21.12.2009 12:35 0 0 0