Teatrı Xatireleri

Son güncelleme: 21.12.2009 12:53
  • 10 FEVRAL 2007-Cİ İL

    İlham müəllimin çıxaracağı kitabla əlaqədar xalq artisti Nurəddin Mehdixanlı ilə görüşdük. Hər tələbəyə bir teatr işçisi ( aktyor, rejissor, bəstəkar, rəssam və s. ) düşmüşdü və Aygün də öz istəyilə məhz bu aktyoru seçmişdi. Mən də Aygünlə bərabər müsahibədə iştirak etdim. Onsuz da böyük hörmətlə yanaşdığım o insana, yaxından tanış olduqdan sonra hörmətim birə-beş artdı.
    İlk əvvəl girişdə bizi qarşılamağa özü çıxdı, çox mehriban və gülərüzlə qrim otağına apardı. Onun bizimlə belə rəftarı elə ilk görüşdən məndə ona qarşı məhəbbət oyatdı. Özümüzü rahat hiss etməyimiz üçün əlindən gələni edirdi. Sonra müsahibəyə başladıq. Verdiyi cavablar da xoşuma gəlirdi, səmimi idi. Hətta bu müsahibənin köməyilə onun necə vətənpərvər olduğunu da öyrəndim və təbii ki, bu da mənim çox xoşuma gəldi. Nurəddin Mehdixanlı Qarabağda vuruşmuş, yaralanmış və kontuziya da almışdı. Yaman yaralı idi Qarabağ sarıdan. Dediyinə görə Qarabağda tamaşa vermək istəmiş, bununla əlaqədar Akademik Dram Teatrının aktyorlarını da dəvət etmiş, lakin heç kəs razı olmamışdı. O, bildirdi ki, o zaman teatra yeni gələn Əjdər Həmidov və adını unutduğum başqa bir aktyoru ( səhv etmirəmsə Əlabbas Nurəliyev) "qurbanlıq" kimi göndərmişdilər. Bəzən Qarabağdan elə danışırdı ki, düşünürdüm bu dəqiqə ağlayacaq. Mən onun çox səmimi və kövrək bir insan olduğuna inandım. Aygün də mənim kimi. Onun yanından çıxandan sonra hələ də sözlərinin təsiri altında idik. Günlərlə müzakirə obyektimiz yalnız Nurəddin Mehdixanlı oldu. O, bizim ən sevimli aktyorlarımız cərgəsinə qatıldı.
    Müsahibə zamanı diktofonu mən tuturdum. Söhbət başa çatdı və ayağa qalxdıq. Artıq getməliydik. Paltomuzu geyinəndə Nurəddin müəllim nə düşündüsə bizi saxladı və dedi:
    -Sonda isə sizə bir söz deyim. Unutmayın, teatr həmişə yaşayacaq!
    Hər biri; həm Aygün, həm də Nurəddin müəllim diktofonun artıq söndürüldüyünü düşünürdü. Mən isə onun sözlərini olduğu kimi diktofona yazmışdım. Evə qayıdarkən onun son sözlərini yazdığımı deyəndə Aygün çox sevindi və o sözləri ( baxmayaraq ki, onlar müsahibənin bir hissəsi deyildi) olduğu kimi kitaba daxil etdi.
    Alinti
#21.12.2009 12:53 0 0 0
  • 16 FEVRAL 2007-Cİ İL

    Kitabla əlaqədar bu dəfə mənim ən sevimli aktyorum olan Səyavuş Aslanla görüşməyə getdik. Yenə Aygün və mən. İlham müəllim mənə onun çox kaprizli olduğunu demiş və suallarıma diqqət etməyi tapşırmışdı. Bu da təbii ki, məndə bir az qorxu yaratmışdı, ancaq düzünü deyim ki, bir tərəfdən də sevinirdim ki, mənim işim çətin alına bilər. Mən asan başa gələn işləri sevmir və ona ciddi yanaşmıram. Hətta mənim Səyavuş Aslanla görüş təyin etməyim də çətin oldu. Dəfələrlə truppa müdiri Elnur Məmmədovla əlaqə saxladım və hər dəfə də eyni cavabı aldım: "Səyavuş müəllim xəstədir." Təbii ki, Səyavuş Aslanın öz bəhanəsi idi, Elnur müəllimin heç bir günahı yox idi. İlham müəllim aktyorun uzun müddətlik "xəstəliyindən" bezdi və özü Elnur müəllimə zəng vurdu. Səhərisi mən Səyavuş Aslanla görüşdüm. Əvvəl zəng vurdum. Müsahibənin nə qədər davam edəcəyini soruşdu. "Bir saat yarım" ifadəsini eşidəndə dəhşətə gəldi: -"Bu qədər müsahibə olar? Dediyin vaxt çoxdu." Mən də bildirdim ki, daha tez bitirməyə çalışaram. Teatra gedəndə o, bufetdə idi. Bizi içəri foyeyə buraxdılar. Uzaqdan onun addım səslərini eşitdikcə həyacanım və qorxum artırdı. Yavaş-yavaş səslər yaxınlaşırdı. Mən Aygünə, Aygün də mənə baxır, heç nə danışmırdıq. Deyəsən elə o da qorxurdu. Birdən dairəvi sütunun arxasından onu gördüm; kök, balacaboy, nurani nir insan. Amma görməyə alışdığımız Səyavuş deyildi, yaman qocalmışdı. Yaxından illərin əlaməti daha çox bilinirdi. Bizi qrim otağına dəvət etdi. Tərslikmi deyim, qismətmi deyim, qrim otağının işığı yanmadı. O da əsəbiləşdi. Qışqıra-qışqıra işçilərdən birini çağırdı. Mən də ürəyimdə onunla görüşmək istədiyim üçün özümü danlamağa başladım. Axı qorxurdum! Əsəbi bir insandan necə müsahibə alacağımı heç təsəvvürümə belə gətirmirdim. Sonra bir nəfər nəhayət ki, işığı yandıra bildi. Biz içəri keçdik. Səyavuş Aslanın keyfi də qayıtdı. Hətta zarafat da edirdi. Müsahibə zamanı baçına gələn məzəli əhvalatları da danışır, həm bizi güldürür, həm də özü gülürdü. Bütüm ömrü boyu minnətdar olacağı mərhum aktyor və özünün dediyinə görə, sənətdə yeganə dəstəyi Lütfəli Abdullayevin də adını çəkməyi unutmadı. Görünür ki, həqiqətən onu çox sevirdi.
    Müsahibədən sonra ondan boşuna qorxduğumu anladım. Sevdiyim bir insanla görüşməyin təsirindən uzun müddət çıxa bilmirdim.
    Səyavuş Aslanın verdiyi cavabların üzərində işlədim.. Anam da onun verdiyi cavabları çox bəyəndi. Həqiqətən, savadlı və tutumlu cavablar verirdi. Amma çox heyif ki, əksər suallara qısa cavablar verməklə kifayətlənirdi.
    Mən onun həqiqətən böyük bir aktyor olduğuna inandım. Onu onsuz da çox sevirdim və bu qədər yaxın bir məsafədən tanıdıqdan sonra daha da çox sevdim. O, mənim ən sevimli aktyorumdur.

    Alinti
#21.12.2009 12:53 0 0 0