Ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş, "Azərbaycan səhnəsinin Cülyettası" çağırılan Barat xanım Həbib bəy qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Nəsillərinin bir qolu Şəki xanları ilə bağlı olduğuna görə "Şəkinskaya" soyadını götürüblər. Ata nənəsi Şuşada məscid tikdirmiş Göhər ağadır. Göhər xanım Əbdürrəhim bəy Haqverdiyevlə əmiqızıdır və kişi qeyrətli olduğu üçün ona "ağa" deyirmişlər.
Barat xanım ilk təhsilini Şuşada alıb. Gəncəyə köçəndə 1923-cü ildə oradakı 2 saylı qız məktəbində oxuyub. Şuşada Sultan xanımdan, Gəncədə Sayalı xanım Dilbazidən və Həmid Araslıdan dərs alıb. On üç yaşından Gəncə Qadınlar klubunun dram dərnəyində iştirak edib.
Bir sıra tamaşalarla yanaşı, Cavidin "İblis"ində Xavəri oynayıb. 1929-cu ildən 1933-cü ilədək Gəncə İşçı Klubunun (fəhlə-kəndli klubu da deyilirdi) dram dərnəyində fəal çıxış edib. Burada Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasında Nazlı, Cəfər Cabbarlının "Od gəlini" faciəsində Solmaz, "Sevil" dramında Gülüş və sair rollar ifa edib.
1932-ci il dekabrın axırlarında Bakı Türk İşçi Teatrı Gəncəyə köçürüldü. Burada işçi qrupunun həvəskar aktyorları ilə birləşən kollektiv 1933-cü ilin martında Gəncə Dövlət İşçi Teatrı adıyla fəaliyyətə başladı.
Barat xanım da kollektivə qəbul olundu. İki il ərzində o, Cəfər Cabbarlının "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Yaşar" və s. rollarında səhnəyə çıxıb.
1935-ci ildə Bakıya gəlib Milli Dram Teatrı kollektivinə daxil olan Barat xanım 1943-1945-ci illərdə də Gəncədə aktyorluq edib. Bakıda müəyyən təcrübə toplayan aktrisa ikinci gəlişində Gəncə səhnəsində Afaq ("Nizami", Mehdi Hüseyn), İntizar ("Vəfa", Rəsul Rza),Gülnar ("Vaqif", Səməd Vurğun), Bahar ("Bahar", Məmmədhüseyn Təhmasib), Hürü ("Məhəbbət", Mirzə İbrahimov) rollarını yaradıb.
Barat xanım Şəkinskayanın zəngin yaradıcılığının əsas dövrü Akademik Milli Dram Tetarı ilə bağlıdır. 1935-ci il oktyabrın 5-də truppaya daxil olan aktrisa "Sevil"də Gülüş roluna əlavə dublyor verilib. Xeyli müddət məşqləri gedən Qurban Musayevin "Qızıl çeşmə" pyesində ona Gülümsər rolunu tapşırıblar.
26 noyabrda premyerası göstərilən tamaşada barat xanım da vardı. İkinci müstəqil işi Ədil İsgəndərovun quruluşunda Şəfiqə ("Polad qartal", Aleksand Korneyçuq) rolu olan Şəkinskaya qısa müddətdə teatrın aparıcı aktrisalarından biri kimi şöhrətləndi.
Nobel mükafatı laureatı Moris Meterlinqin "Göy quş" (Tiltil), Şekspirin "Kral Lir" (Kardeliya), "Romeo va Cülyetta" (Cülyetta), "Otello" (Dezdemona), "On ikinci gecə" (Viola), Şillerin "Məkr və məhəbbət" (Luiza), Karlo Haldoninin "Mehmanxana sahibəsi" (Mirandalina), Lope de Veqanın "Rəqs müəllimi" (Florela), Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.
Barat Şəkinskaya Azərbaycanın ilk travisti (oğlan rolunu oynayan) aktrisasıdır. Gəncə teatrında Kostya b("Partizan Kostya", Nadejda Fillipova) və Bakıda 1939-cu ildə oynadığı Napoleon ("Ögey ana", Balzak) yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb.
"O olmasın, bu olsun" filmində Sənəm, "Görüş"dəm Şövkət rolları uzun illərdən bəri maraqla baxılan Barat Şəkinskaya "Telefonçu qız", "Qızmar günəş altında", "Fövqəladə hadisə", "Onun bəlaı sevgisi" və digər kinolentlərinə də çəkilib.
1978-ci ildə Barat Şəkinskaya öz ərizəsi ilə fəxri təqaüdə çıxıb. O, ömrünün sonunadək şərti adı "Mənim sənət yolum" sənədli-bədii xatirə kitabı üzərində işləyirdi.
1986-cı ildə İşıq nəşriyyatı həmin əsərdən kiçik bir hissəni "Xatirələrim" adı ilə çap edib.
1935-ci ildə xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunan aktrisanın iştirak etdiyi "Arxip baba və Lyonka", "Ad günü", "Köhnə qala", "Çippolino", "Buratino", "Sirk gəlir" və onlarca bu səpkili tamaşalar Teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır.
Barat xanım Şəkinskaya 4 may 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.
Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə ömrünün 85-ci ilində dünyasını dəyişmiş aktrisa Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub.