Leyla Bədirbəyli

Son güncelleme: 21.12.2009 19:11
  • Leyla Bədirbəyli Biyografi
    noimage

    Leyla Ağalar qızı Bədirbəyli 8 yanvar 1920-ci ildə(Cavanşirova) əslən Şəmkirli olsa da, Bakıda anadan olub. Bakıda 3 saylı Beynəlmiləl məktəbdə oxuyandan dram dərnəyinin iştirakçısı olub.
    Əsasən Əli Bayramov adına klubda çıxış edib. On dörd yaşından Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblına üzv olub. Orta məktəbdə oxuya-oxuya rəqqasəlik edib, daha sonra Mahnı və Rəqs Ansamblında solist işləyib.
    1942-ci ildə "Səbuhi" filmində Tubu xanımın roluna çəkilib.
    16 oktyabr 1942-ci ildən teatrın baş rejissoru Ədil İsgəndərovun çağırışı ilə Milli Dram Teatrına aktrisa götürülüb.
    1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayanda. Leyla Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilir.
    1975-ci ildə aktrisa Cəfər Cabbarlı adına "Azərbaycanfilm"in nəzdində yaradılan "Kino Aktyorları Teatrı "nın bədii rəhbəri və aktrisası işləyib. Burada Qarsiya Lorkanın "Qanlı toy", Məmməd Muradın "Təkan" dramları və s. pyeslər tamaşaya hazırlanıb.
    Leyla Bədilbəyli 1994-cü il mart ayının 3-də yenidən Milli teatra gəlib və Vidadi Babanlının "Ana intiqamı"nda Qumru müəllimə rolunu oynayıb. 1998-ci ildən öz ərizəsi ilə təqaüdə çıxıb. Prezident təqaüdü alıb.
    Leyla xanım Milli teatrda yaradıcılığa Mirzə İbrahimovun "Həyat" dramının tamaşasında Zəhra rolu və az sonra Aleksandr Ostrovskinin "Tufan"ında Qlaşa obrazının ifası ilə başlayıb.
    Tezliklə teatrın tamaşalarında əsas rolların ifaçısına çevrilən aktrisa Sabit Rəhmanın "Aydınlıq" (Şükufə), "Əliqulu evlənir" (Qumral), "Yalan" (Şəlalə), Mirzə İbrahimovun "Yaxşı adam" (Zəhra), "Kəndçı qızı" (Göyərçin), İslam Səfərlinin "Göz həkimi" (Nərminə), "Yadigar" (Dilarə), İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (Ancelika), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Əntiqə), Mehdi Hüseynin "Alov" (Rəfiqə), Bəxtiyar Vahabzadənin "İkinci səs" (Həyat) pyeslərinin tamaşalarında iştirak edib.
    Leyla xanım Cəfər cabbarlının qəhrəmanlarından Almazı ("Almaz"), Saranı ("Solğun çiçəklər"), Firəngizi ("Oqtay Eloğlu"), Solmazı ("Od gəlini"), Gülsabahı ("Dönüş"), Səməd Vurğunun mənzum dramlarında Gülnarı və Xuramanı ("Vaqif"), Mehribanı ("Xanlar"), Dilarəni ("İnsan"), Mirzə Fətəli Axundzadənin komik personajlarından Nisə xanımı ("Lənkəran xanının vəziri"), Şekspirin əsərlərində Oliviyanı ("On ikinci gecə"), Dezdemonanı ("Otello"), Perditanı ("Qış nağılı"), Bernard Şounun qəhrəmanlarından Cuditi ("Şeytanın şagirdi"), Lev Tolstoyun surətlərindən Lizarı ("Canlı meyit"), Hüseyn Cavidin Zəhrasını ("Şeyx Sənan") oynayıb.
    Azərbaycan televiziyasında hazırlanmış "Körpüsalanlar" (İlyas Əfəndiyev), "Lənkəran xanının vəziri" tamaşalarında oynayıb.
    Leyla xanım 1946-cı ildə "Arşın mal alan" filmindəki Gülçöhrə roluna görə Stalin (sonralar Dövlət mükafatı adlandırıldı) mükafatı, 1972-ci ildə isə "Mahnı dağlarda qaldı" tamaşasında oynadığı Fəxrəndə xanım obrazına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub.
    21 iyul 1949-cu ildə Respublikanın Əməkdar artisti, 10 iyun 1959-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
    Leyla Bədirbəyli dramatik aktrisadır. Müxtəlif janrlı tamaşalarda çıxış etsə də, oynadığı obrazın bədii tutumunu dramatik zəmində kökləyib.
    İfasında sadə və əsasən realist boyalara üstünlük verib. Səhnədə ciddi, bir qədər romantik, bəzən melodramatik obrazları oynamaqda daha səriştəlidir.
    Xalq artisti Leyla Bədirbəyli dövri mətbuatda teatra və sənət dostlarına aid müxtəlif janrlı məqalələr yazıb.
    Bakıda teatr institutunu qiyabi qurtarıb (1948-1952).
    Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
#21.12.2009 19:11 0 0 0