Azərbaycanlı və erməni deputatlar növbəti dəfə görüşəcək

Son güncelleme: 22.12.2009 08:26
  • Azərbaycan və Ermənistan deputatlarının növbəti görüşünün nə vaxt keçiriləcəyi hələlik məlum deyil.

    Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib. Səfirin sözlərinə görə, görüşün keçirilməsi üçün danışıqlar gedir.


    Görüşün Bakıda, yaxud İrəvanda baş tutacağı barədə məlumatlara gəlincə, səfirin görüş yerinin də hələlik dəqiqləşmədiyini bildirib.


    P.Bülbüloğlu "Bu kimi görüşlər münaqişənin həllinə kömək edə bilərmi" sualına cavab olaraq bunları deyib: "Bu, münaqişənin həllinə kömək etməyəcək. Biz bəyan etmişik ki, danışıqlar prosesinə qarışmırıq. Sadəcə, iki xalq, icmalar arasında daha yaxşı münasibətlərin qurulmasına çalışırıq. Söhbət ondan gedir ki, əvvəl-axır bir yerdə yaşamalıyıq. Bunun üçün də gec-tez təmaslar başlanmalıdır. Uzun zamandır ki, bir-birimizlə danışmırıq, bu isə mənfi fikirlərin formalaşmasına səbəb olub. Bunları aradan qaldırmaq üçün ünsiyyət lazımdır. Təbii ki, bu görüşlər problemi kökündən həll etməyə kömək edə bilməz. Problemin həlli böyük siyasətçilərdən asılıdır".


    Qeyd edək ki, Azərbaycan və Ermənistan deputatları arasında ilk görüş bu il oktyabrın 22-də Moskvada keçirilib.

    Qaynaq:LENT.AZ
#22.12.2009 08:26 0 0 0