Ermənilər azərbaycanlı girovu televiziyaya çıxardılar

Son güncelleme: 19.01.2010 00:00
  • Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşı Eldar Tağıyev Ermənistanın İctimai Televiziyasına çıxarılıb.

    APA-nın "Novosti Armenia" agentliyinə istinadən verdiyi məlumata görə, girov Azərbaycana qayıtmaq niyyətində olmadığını deyib, əgər Ermənistan hökuməti onu saxlamağa razılıq verməsə, üçüncü ölkəyə köçə biləcəyini bildirib. O, ailəsinə geri qayıtmayacağını çatdırmaq istədiyini söyləyib.

    E. Tağıyev Azərbaycanda işsiz qalması, kənddə yoxsul vəziyyətdə yaşaması, kənd təsərrüfatında istifadə etmək üçün su tapmaması barədə danışdırılıb.

    Eldar Tağıyev bildirib ki, onun yaşadığı Tovuz rayonunun Əlibəyli kəndinə əvvəllər su Ermənistan tərəfdən verilirmiş: "Lakin müharibə başladıqdan sonra su gəlmir".

    Qeyd edək ki, ermənilərin atəşkəs rejimini pozması nəticəsində Tovuz rayon sakini Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində təmas xəttinin yaxınlığında atəşə tutulub. Daha sonra isə o, erməni hərbçiləri tərəfindən girov götürülüb.

    Qaynaq:LENT.AZ
#19.01.2010 00:00 0 0 0