Yaqubun on iki oğlu var imiş. Yaqub onların içində ən çox Yusifi sevirmiş. Bir gün Yusif evə gəlib çıxmır. Yaqub nökərlərdən iki nəfər çağırıb deyir: -Bu saat gedib Yusifi tapın, yanıma gətirin. Nökərlər hər yeri axtarırlar. Yusifi tapa bilmirlər. Ərənlərdən arzu edirlər ki, onlara qanad versin quş olub Yusifi tapsınlar. Onlar quş olub göyə uçurlar. Yusifi axtarmağa başlayırlar. İndi həmişə biri "Yusif", o biri "Nəsib" deyir. Biri çağırır, o biri cavab verir. Ona görə də onlara Yusif-Nəsib quşu deyirlər.
Yapalaq quşu (əfsanə) Keçmiş zamanlarda bir qardaşla bir bacı varmış. Ögey anaları uşaqları çox incidirmiş. Günlərin bir günü ögey ana onlara deyir: -Öküzü aparın meşədə otarın. Əgər itirib eləsəniz, ilkinizin də başını dibək daşının altına qoyub əzəcəyəm. Uşaqlar öküzü meşəyə otarmağa aparırlar. Axşam qayıtmaq istəyəndə öküzü itirirlər. Bacı meşədə qalır. Oğlan ağlaya-ağlaya evə gedib əhvalatı ögey anasına söyləyir. Ögey ana onu çoxlu döyüb deyir: -Gedin öküzü tapın gətirin! Əgər tapıb gətirməsəniz, ikinizin də gözünü çıxardacam. Oğlan geri qayıdıb əhvalatı bacısına danışır. Onlar öküzü çox axtarır, amma tapmırlar. Qorxularından geri də qayıda bilmir, göyə üz tutub yalvarırlar ki, quş olsunlar. Onlar hər ikisi yapalaq quşu olur. Biri "tapdın", o biri də "yox",-deyə öküzü indi də axtarırlar...
Mənbə:"Dünya uşaq ədəbiyyatı kitabxanası" silsiləsindən, "El çələngi", toplayıb tərtib edənlər: filologiya elmləri namizədləri: Təhmasib Fərzəliyev, İsrafil Abbasov".
Süleyman peyğəmbər Tovuz adlı bir qıza aşiq olmuşdu. Nə qədər eləyirdi, Tovuz ona getmirdi. Axırda Süleyman Tovuzu zorla almaq fikrinə duşdü. Tovuz bunu bilib dedi:
Quş dimdiyindən bir ev tikərsən, ayağı dəryadan nəm çəkər, başı buluddan. Sənə gələrəm. Məni toy eləyib evinə apararsan.
Süleyman peyğəmbər bu şərtə razı oldu. Bu fikrə gəldi ki, dünyada olan quşların hamısını toplasın, qırdırsın, dimdiklərindən imarət tikdirsin. İxtiyarı var idi, hamısının padşahı idi. Bəli, quşların hamısını topladılar. Süleyman peyğəmbər baxıb gördü ki, təkcə yapalaq yoxdur. Vəzir, vəkili göndərdi ki, onu da gətirsinlər. Yapalaq vəzir, vəkilə dedi:
- Mən axmaq padşahın çağırışına getmirəm. Özüm də bəy quşam.
Qayıdıb Süleymana xəbər verdilər:
- Deyir, mən axmaq padşahın çağırışına getmirəm, özüm də bəy quşam.
Süleyman qəzəblənib özu getdi. Yapalaq ona dedi:
- Bir saatlığa padşahlığını mənə tapşır, gəlim, yoxsa gəlməyəcəyəm. Özümü də quşların bəyi elə.
Süleyman razı oldu. Bayquş onunla gəldi. Süleyman bir saatlığa padşahlığı ona tapşırdı. Özunü də quşlara bəy elədi.
Bayquş taxta çıxıb dedi:
- Ay şah, bir qızdan ötrü bütün quşları qırıb nəslini kəsmək olarmı? Mən quş dimdiyindən sənə Tovuz dediyi imarəti tikərəm.
Bayquş əmr elədi, hər quş dimdiyinin ucundan bir az kəsib bir yerə topladı. Böyuk dağ əmələ gəldi. Süleyman peyğəmbər Tovuz dediyi binadan da gözəl ev tikdirdi. Bayquşa da dedi:
- Sən elə bəyə layiq quşsan. Sənin adını bayquş qoyuram, özumz vəzir qəbul edirəm.
Bu zamaldan onun adı bayquş qaldı.
Bəli, Süleyman peyğəmbər qırx gün, qırx gecə toy elədi, Tovuzu tikdirdiyi evə gətirdi. Hər gün Tovuz bəzənirdi, düzənirdi, öz gözəlliyi ilə fəxr eləyirdi.
- Xudaya, görəsən dünyada mənim kimi də gözəl varmı? - deyirdi. Qanrılıb ayağına baxanda xəcalət çəkirdi. Çünki ayaqları çirkin idi. O həmişə ayaqlarını Süleyman peyğəmbərdən gizlədirdi. Günlərin bir günü Süleyman peyğəmbər ona dedi:
- Bilmirəm, nə üçün ayaqlarını həmişə məndən gizlədirsən, mənim yanımda soyunmursan.
Tovuz söz tapa bilmədi, dedi:
- Düz deyirsən.
Tovuz o biri otağa getdi, bəzəndi, düzəndi.
- İlahi, görəsən mənim kimi dunyada gözəl varmı? - dedi.
Ayaqlarına bir də baxdı, xəcalət çəkdi, bu ayaqla Süleyman peyğəmbərin yanına getmək istəmədi. Üzünü göyə tutdu, yalvardı:
- Allah, məni quş elə.
Allah onun yalvarışıiı eşitdi, quş elədi.
Tovuz uçub qapıdan çıxdı. Süleyman peyğəmbər dediyi sözə peşman oldu. İndi də Tovuz quşu qanad çalır, pərvazlanır, öz gözəlliyi ilə fəxr edir, amma ayağına baxanda xəcalət çəkir.
Mənbə:
Azerbaycan folkloru antologiyası, (toplayıb tərtib edən: Əhliman Axundov; redaktor: Kamran Məmmədov), Bakı: Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı, 1968, c. II, səh. 239-240.
Yusif ilə Nəsib adlı iki qardaşın Fatma adlı bir bacısı var idi. Fatmanın başına anadan doğma daraq vurulmuşdu. Qardaşlarının hərəsinin bir atı var idi. Günlərin bir günü onlar atlarını itirir. Fatmaya belə deyirlər:
-Can bacı, biz atları axtarmağa gedirik, biz gələnə sən südlü aş hazırla, gəlib yeyərik.
Yusiflə Nəsib atları axtarmağa gedirlər. Fatma südlü aş bişirir. Gecə düşür. Bacı nə qədər gözləyirsə, qardaşlar gəlib çıxmırlar. Fatma çox ağlayır, axırda meşəyə düşüb qardaşlarını axtarmağa başlayır. Qız çox axtarır, qardaşlarını tapa bilmir. Arzu edir ki, bir quş olsun, uçub göyə qalxsın, qardaşlarını tez tapsın. Qız o saat bir quş olur. O quşa hüt-hüt quşu deyirlər. Fatma göyə qalxıb qardaşlarını axtarır, həmişə deyir:
-Hop-hop, gəl tap, Yusif-Nəsib, südlü aş...
Fatma quş olandan sonra onun atasının var-yoxu torpağa dönüb yox olur. İndi quşdan soruşanda:
-Hüt-hüt, atanın var-yoxu necə oldu?
O, dimdiyini torpağa döyüb deyir:
-Atamın var-yoxu bu torpaq oldu.
Keçmişdə Turac adlı qız zalım bir xanımın evində qulluqçu imiş. Xanım onu çox incidirmiş. Turaca qarın dolusu çörək, geyiməyə paltar vermirmiş. Günlərin bir günü xanım onu çağırıb deyir:
-A qız, bu saat su isidib başımı, ayaqlarımı yuyursan.
Turac gedib su isidir. Nə qədər axtarır, darağı tapmır, bilmir darağı hara qoyub. Xanımın səsi gəlir:
-Səni parça-parça olasan, bəs necə oldun?!
Turac deyir:
-Xanım, bu saat gəlirəm. Turac nə qədər axtarır, yenə də darağı tapmır. Xanımın ayağının səsi gələndə Turac ağlayıb deyir:
-Nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
Turac bir quş olur, xanım əli ağaclı qapıdan içəri girəndə uçub bacadan çıxır. Birdən yadına düşür ki, daraq taxçadakı buxçadadır. Təzədən uçub pəncərənin qabağına qonub, deyir:
-Xanım, taxçada, buxçada.
İndi də Turac həmişə bu sözləri oxuyur:
-Xanım, taxçada, buxçada.
Mənbə:"Dünya uşaq ədəbiyyatı kitabxanası" silsiləsindən, "El çələngi", toplayıb tərtib edənlər: filologiya elmləri namizədləri: Təhmasib Fərzəliyev, İsrafil Abbasov".