Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Dövlət Kinostudiyasında 2010-cu ildə istehsal olunacaq filmlərin adları artıq məlum olub.
Bu haqda Lent.az-a kinostudiyanın istehsalat şöbəsinin müdiri Çingiz Həsənov məlumat verib. O bildirib ki, bu il iki yeni filmin çəkilməsi planlaşdırılır. Bunlar «Bəşəriyyətin xilası» və «Tərsinə çevrilmiş dünya» filmləridir.
«Bəşəriyyətin xilası» filminin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir. Film hazırlıq dövründədir. «Tərsinə çevrilmiş dünya» filminə isə rejissor Ənvər Əbluc Çingiz Hüseynovun ssenarisi əsasında quruluş verəcək. Film hələ ki, rejissor ssenarisinin yazılışı dövründədir.
Çingiz Həsənovun sözlərinə görə, hər iki filmin çəkilişi təxminən iki aydan sonra başlayacaq. Ötən ildən yarımçıq qalan filmlərə gəlincə isə şöbə müdiri bildirib ki, Eldar Quliyevin "İstanbul reysi" filmi artıq tamamlanmaq üzrədir. İlqar Nəcəfovun «Buta» adlı ekran əsərinin isə montajı yekunlaşaraq hazırda səsləndirmə işləri aparılır.