Başdan-ayağa pələng stilində geyinmək eybəcər görünür.
Mövsümün ən dəbli təsviri - seksual və aqressiv olan pələng təsviri demək olar ki, hər yerdə - don, palto, aksesuar, ayaqqabı, çanta, alt paltarı, corabların üzərində əks olunub.
Stil
Pələng təsviri dəbdə olsa belə, başdan-ayağa pələng təsviri olan geyimlərə üstünlük vermək eybəcər görünür, hətta geyiminiz bahalı olsa belə. Pələng təsvirinə uyğun gələn ən ideal rəng qırmızıdır. Əgər pələng təsvirli don və ya palto geyinmisinizsə, ayaqqabınız və ya çantanızın qırmızı və ya hər hansı birçalarlı başqa rəngdə olmasını təmin edin.
Forma
Biçimdə əsas aksent çiyinə vurulur. Həmçinin trapesiya, mini, maksi, düz siluet dəbdədir. Retro yenə də qayıdır: mövsümün hiti sayılan palto; üçdüyməli plaş; dar dəri şalvar; yuxarısı enli, aşağıya doğru daralan şalvarlar; corabla şort, kardiqan (uzun jaket), çiyinlik, həcmli yaxalıq; dirsəyə qədər qolu olan uzunboğaz kofta; düz uzun, maksi, mini, yubka-karandaş, trapesiya yubka; qısa, qara paltar.
Ayaqqabı
Ayaqqabı modasında heç bir ciddi dəyişiklik edilməyib. Platforma, tanketka və ölümsüz hündürdaban yenə də dəbdədir. Rənglərə gəldikdə isə, yaşıl, bənövşəyi, qırmızı, çəhrayı, göy rəng aktualdır. Əlavə detal kimi lent, gipür də işlənə bilər.
Çanta
Yeni mövsümün çantaları həm forma, həm də material baxımından fərqlidir. Dəbdə həmişə olduğu kimi timsah və piton (isti ölkələrdə yaşayan iri zəhərsiz ilan) dərisidir. Müasir dövrdə qadınlar əsasən iri çantalara - içinə çox şey yerləşən modellərə üstünlük verirlər.
Parça
Hazırda dəbdə olan parçalar ipək, məxmər, gipür, atlaz və melanjdır (müxtəlif hissəli və rəngli lifli materialdan hazırlanmış parça).
Bər-bəzək
Qadınlar üçün boyunbağı, üzük, sırğa kimi bərbəzək əşyaları böyük önəm daşıyır. Yeni mövsümdə iri bəzək əşyaları aktualdır. Seçim zamanı qeyri-adi materiallardan (ağac, polad, kauçuk) hazırlanmış bəzək əşyalarına üstünlük verin. Amma onlar straz və qiymətli daşlarla bəzədilmiş olmalıdır.
Kəmər
Yeni mövsümdə kəmərsiz keçinmək çətindir. Hazırda həm enli, həm də ensiz kəmərlər dəbdədir. Kəmər həmçinin beli incə göstərir. Müxtəlif rəngli və formalı kəmərlərə müraciət edə bilərsiniz.
Rəng
Bu mövsüm rəng seçiminə tam azadlıq verilir. Əvvəllər klassik ziyafət paltarı qara, balaca don idisə, bu il qaranın yerinə qırmızı və yaşıl rənglər dəbdədir.