Gənc müğənni Leyla Ramazanova yalnız bəstəkar İsmayıl Əsədovun musiqilərindən ibarət albom çıxarmağa hazırlaşır.
Bu barədə Lent.az-a açıqlama verən gənc müğənni albomla yanaşı, klip layihəsinə də imza atdığını deyib. Müğənninin "Belə birdən getmə" adlanan mahnısına rejissor Xavər Ramazanlı ekran həyatı verəcək.
Qeyd edək ki, Xavər Leylanın bacısıdır. Qrafika üslubunda hazırlanan klipi Mako ləqəbi ilə tanınan Samir Fərzəliybəyov montaj edir. Klipin ərsəyə gəlməsi üçün 3 ay vaxt sərf olunub. Bu günlərdə adıçəkilən klipin təqdimat mərasimi keçiriləcək.
Gənc ifaçı bu il bir çox irihəcmli, maraqlı layihəyə imza atmağı da nəzərdə tutub. Müğənni işlərinin bəyəniləcəyinə ümid edir: "Böyük mənada qısqanclıq hiss etməmişəm. Ola bilər ki, qısqananlar da var. Ancaq mən heç kimlə maraqlanmıram, diqqətimi yalnız yaradıcılıq işlərimə vermişəm. Çünki bu sənəti sevirəm, uğur əldə etmək üçün isə çalışmaq lazımdı".