Dədə Qorqud eposunda mifik və emprik zaman

Son güncelleme:
  • «Dədə Qorqud"un haqqını tapdalamayaq (dördüncü məqalə)
    Müəllif: Ramazan Qafarlı
    Publikasiya: «Addım» qəzeti, sayı 019 (144), 03-10 may 2000, s. 5.
    Əvvəli: «Dədə Qorqud"un haqqını tapdalamayaq (birinci, ikinci və üçüncü məqalələr)

    Alimlərin, düşünən beyinlərin birliyini yaratmaqdan ötrü elmi-mərkəzin nəzdində respublikanın bütün bölgələrində özəkləri olan «Dədə Qorqudu sevənər», «Dədə Qorqud cəmiyyəti», ya da «Dədə Qorqud ocağı» yaradılmalıdır. Bu ocağın sədri ölkə Prezidentini təklif edərdim. Çünki üç ildə gördüm ki, respublikamızda Ata kitabımızı ən çox sevən odur. Hörmətli cənab Heydər Əliyev buna razılaşmasa, onda B.Vahabzadə, B.Nəbiyev, Ş.Cəmşidov kimi ağsaqqalların ətrafında «Dədə Qorqud»a, ümumiyyətlə xalq yaradıcılığına maraq göstərən bütün adamları birləşdirmək, arzuladığımız işləri həyata keçirmək və qarşıdan gələn 21-ci yüzilliyi Dədə Qorqud əsri etmək mümkündür. Nə qədər ki, Respublika Prezidentinin nəfəsi Dədə Qorqudumuzun üstündədir, bölgələrədəki rəhbərlər tələb olunan işlərin həyata keçməsinə canla-başla kömək edəcəklər.

    Yubiley nəşrləri arasında «Kitabi-Dədə Qorqud»un poetikası» (prof.B.Abdullanın) adlı bir monoqrafiya var. Kimsə, sübut edə bilərmi ki, orada Ata kitabımızın poetikası haqqında bir cümlə yazılıb? «Poetika» geniş anlayış olsa da, konkret predmeti, profili var. Həmin kitabda bir ruh olduqca ziyanlıdır. Yanlış olaraq yazılır ki, «Məhəmməd peyğəmbər islam dininin yaradıcısıdırsa, bu dini ilkin qəbul edən, qoruyan, uğrunda mübarizə aparıb dayaqlarını möhkəmləndirən həzərəti Əli əleyhissəlamdır» (səh. 174) Görəsən, tarixi faktın təhrif edilməsində məqsəd nədir?

    Hər il «Dədə Qorqud» həftəsi (aylığı) keçirməli, böyük el şənliyi və elmi konfransla yekunlaşmalıdır. Orada il ərzində görülən işlərə yekun vurulmalı, «Dədə Qorqud»un adını daşıyan mükafatlar təqdim edilməli və növbəti il üçün tədbirlər planı müəyyənləşdirilməlidir. Həftənin (ayın) hər gününü «Kitab»da qoyulan bir problemə, yaxud obraza həsr etməliyik. Məsələn: Atalar və oğullar. Ana südü-dağ çiçəyi. Buğac. Ətindən bişirilən qovurmanı yeyimmi, oğul?!. Uruz. Qazan bəy. Bəkil oğlu İmran sərhəd keşiyində. Qaraca çoban və s.

    Müntəzəm olaraq hər kvartalın sonunda «Dədə Qorqud» məcmuəsi nəşr etdirilməli, ildə bir dəfə onun rus və ingilis dillərində xüsusi buraxılışı hazırlanmalıdır.

    Toplanıb nəşr olunan folklor materialları (xüsusilə keçən əsrin ikinci yarısında rus mətbuatında) diqqətlə saf-çürük edilməlidir. İnanıram ki, onların içərisində Ata kitabımızla üst-üstə düşən motivlər, epizodlar, adlar və s. əlamətlər üzə çıxacaq.

    Azərbaycanın bütün bölgələrinə xüsusi ekspedisiyalar göndərilməlidir, folklor nümunələrini yazıya alarkən «Dədə Qorqud» motivlərinə diqqət yetirilməlidir.

    Nəzərə almaq lazımdır ki, Azərbaycanın əsas parçası İranda yerləşir və folklorumuzun böyük hissəsini orada yaşayan soydaşlarımız sinəsində daşıyır. Ən böyük əlaqəmiz İran dövlətinin bu məsələ ilə məşğul olan orqanları ilə olmalıdır. Dövlət səviyyəsinda razılaşma əldə edildikdən sonra İran Azərbaycanının yaşayış məntəqələrinə də ekspedisiyalar təşkil edilməlidir. Bu işi Türkiyədə və Orta Asiyada yaşayan azərbaycanlılar arasında da aparmaq müsbət nəticələr verəcək.

    İranda və başqa ölkələrdə saxlanan Azərbaycan xalqına məxsus əlyazmalara diqqət yetirilməlidir. Bilirik ki, Orta Asiya alimləri bir vaxtlar yurdumuza gəlmiş, sadəlövh camatdan çoxlu qədim əlyazmalarını bir çörəyə dəyişərək yığıb özləri ilə aparmışlar. Məsələn, Molla Cümənin şe'rlər dəftərinin Özbəkistan və Dağıstan şairləri cüz'i dəyişiklik edərək öz adlarına çap etdiriblər. İnanıram ki, o əlyazmalarının içərisində yeni konsepsiyanı təsdiqləyən faktlar tapılacaq. Əgər onlar bizimlə həqiqi qardaşdırlarsa, bu sahədə köməklərini əsirgəməməli, həqiqətin üzə çıxmasına çalışmalıdırlar.

    Aparılacaq tədqiqat işlərinin əsas istiqamətləri: Dastanda tarixilik (Azərbaycan tarixi ilə bağlılığı kontekstində). Azərbaycan folkloru, mədəniyyəti və yazılı ədəbiyyatında «Dədə Qorqud» ən'ənələri. Bu məsələ bir də ona görə vacibdir ki, indiyədək xalq yaradıcılığı nümunələrindən və klassiklərimizin əsərlərindən dastanın yalnız üzdə olan cəhətlərini - obraz adlarını, yaxud uyğun süjetləri axtarmışıq. Orijinal bədii əsər kimi onun daxili qanunauyğunluqları ilə, struktur spesifikliyi ilə müqayisələr aparmamışıq. Dastanı ulularımız yaradıblarsa, deməli, onlara məxsus bütün strukturlar folklorun sonrakı ən'ənəsində və yazılı ədəbiyyatda izlərini yaşatmalıdır. Süjet oxşarlığı məsələsinə gəlincə, «Nizami və «Dədə Qorqud» adlı tədqiqat işi yazan alimimiz (prof.Ə.Şükürlü) böyük şövqlə dahi şairin əsərlərindən tapdığı övlad həsrəti, qadın qəhrəmanlığı motivlərini əsas götürüb belə bir fikir yürüdürsə ki, «Dədə Qorqud»dan keçmişdir, tamamilə yanılır. Çünki 200 ilə yaxın bir dövrdə dünyanın bir çox aparıcı folklorşünasları süjet oxşarlığı problemi üzərində baş sındıraraq elə maraqlı nəticələr əldə ediblər ki, bu primitiv nümunə ilə Azərbaycandan kənardakıları təəccübləndirmək mümkün deyil. Mifoloji qaynaqları. Struktur təhlili. Yazılı ədəbiyyatdan gələn qatları. Azərbaycan və ümumtürk epik ən'ənəsidə yeri. «Dədə Qorqud»un dünya eposşünaslığında yeri. «Kitabi-Dədə Qorqud» və yunan mifologiyası. Tədqiqatçıların diqqətini bir məsələyə cəlb etmək lazımdır ki, son illərin araşdırmalarında bizə gərək olan bir neçə ehtimallar meydana çıxmışdır. Bunlardan biri məşhur Troya müharibəsi ilə bağlıdır. Belə qənaətlər irəli sürülür ki, Troya türk sözünün yunanlaşdırılmış formasıdır və Homerin qəhrəmanları ulularımızla vuruşurdular. Prometeyin də saka türklərinə aidliyi fikrini qəribçiliyə salmaq olmaz. Herodotun «Tarix» kitabında oğuzlardan bəhs açılması faktı təsdiqlənsə, Ditsin «Homer Siklopu oğuzlardan eşitdiyi əsatirlər əsasında yaratmışdır» qənaətinə şübhə edən tapılmaz. Təsdiqlənər ki, daha erkən çağlarda oğuzlar yunanların qonşuluğunda - Qafqazda məskunlaşmışlar. Bu halda «Kitab»ın mənşəyi tamam Azərbaycana yönələr. Dastanda oğuz epik ən'ənəsindən gələn qatlar. Oğuz və İslama zidd amillər və s.

    İncəsənət xadimləri ilə əlaqə. Bədii əsər ekranlaşdırılanda onun ruhu mütləq saxlanılmalıdır. Əsərdə qoyulan məsələlərin düzgün yozulması, müasir tamaşaçıya aydın olması, asan çatdırılması xətrinə əlavələr etmək faydalıdır. Ancaq bu halda da dastandakı ab-havanın dəyişdirilməsi yolverilməzdir. «Dədə Qorqud» filmində isə bə'zi məsələlər tamamilə tərsinə yozulur. Məsələn, dastanda göstərilir ki, Bamsı Beyrəyir əsir düşdüyü yer Bayburtdur, oranın əhalisi də türkdür, lakin dini inancları başqadır. Onlar Qalın oğuz elinin bir qanadı ilə (dış oğuzla) dostluq münasibətindədirlər, hətta bir-birilərinə qız verib-alırlar. Onlar üçün də qopuz müqəddəsdir. Və Bamsı Beyrəyin bayburtlular tərəfindən qalaya salınmasının səbəbi başqa boylardakı kimi yurdu talan edib qız-gəlinləri, oğul-uşaqları qolu bağlı əsir aparmaq, var-yoxu talayıb daşımaq şəklində deyil. Bamsı Beyrək Bayburd qalasında zindanda zəncirdə saxlanılmır, sərbəstdir, istədiyi vaxt dostları ilə görüşür, bayburdluların məclislərində qopuz çalır, oğuz elindən gələn tacirlərlə dərdləşir və s.

    Bu epizodlar kinofilmdə necə əks olunub? Bamsı Beyrəyi əsir alan məliyin (? -Bayburd sultanı nə səbəbəsə məliyə çevrilir?) iqamətgahında qəribə bir məclisin təsviri verilir. Qadını qucaqlayan kim?.. Məgər müqəddəs qopuzu belə yerdə səsləndirirərdilər? İkincisi, Bamsı Beyrək zindanda qapalı vəziyyətdədir və hökmdarın qızı tez-tez onun yanına gəlib-gedir (?). Və hər an özünü Bamsı Beyrəyin ağuşuna atmağa hazırdır. Təki qarşı tərəf buna işarə etsin. Qızın geyimi və davranışı onun yüngülxasiyyət olduğunu nümayiş etdirir. Başqa sözlə, atasının məclisindəki ab-həva ilə tərbiyələndiyi təsdiqlənir. Bəs dastanda bu qız necə təsvir olunur? Ozanlar bir neçə yerdə onun bakirəliyindən bəhs açırlar. Üçüncü, dastanda «bakirə bəy qızının» «Səni gəndirlə hasardan aşırsam, gəlib məni halallıqla alarsanmı?» təklifinə Bamsı Beyrək and içir ki, əgər səni halallıqla almasam, torpaq yarılsın, yerə girim, qılıncımla doğranım, oxuma sancılım...» və s. Kinofilmdə nə məqsədləsə, bu and da tərsinə içilir. Nədənsə, bu halda da «eşq macərası»ndan qovrulan qız ölkəsinə yola düşməkdə ona yardımçı olur. Göründüyü kimi, Ata kitabımızda «bakirəlik» və «halallıq» xüsusi vurğulandığı halda, filmdə hər şey baş-ayaq verilir və bu epizodların dastanla heç bir əlaqəsinin olmadığını nümayiş etdirir. Dördüncü, dastanın əsas qəhrəmanlarından biri olan Uruz da tamam başqa prizmadan göstərilir. Beşinci, İç oğuzla dış oğuzun müharibəsinin səbəbi dastanda qoyulduğu şəkildə təqdim edilmir. Və alınan son nəticəni də ancaq film yaradıcılarının təxəyyülünün məhsulu hesab etmək olar. Onun dastanla heç bir əlaqəsi yoxdur. Əgər dastana əsaslansaydı, onda bütün igidlər bir-birinin qanına susayıb məhv olmaz və əhəmiyyətsiz daş parçalarına çevrilməzdilər. Daş-çınqıllaşmış torpaqda tək qalan pirani Dədə Qorqud bir uşaq tapıb belə bir ideyanı aşılamazdı ki, Azər «az ər» deməkdir, yə'ni kişiləri, ərləri az olan yer. Kişiləri az olan tayfadan hansı qəhrəman xalq törəyə bilər? Son epizod tarixin dəyişgənliyini əks etdirmək mə'nasında göstərilməklə də Ata kitabımızın ruhuna ziddir. Əslində ulularımız elə bir varlığa çevrilməli idilər ki, onları torpaqdan qoparıb atmaq mümkün olmasın. Məsələn, ağaca. Dastanda çox dərin qatlarda da olsa, kökün ağaca bağlanmasına işarələr var («Anam adın sorsan qaba ağac»). Və bunu başımıza gələn son olaylar da sübut edir. Ruhən qurddan, quşdan və başqa varlıqlardan daha çox təbiətin ən qüdrətli əsəri sayılan ağaca bağlıyıq. Tarixdə ikinci elə bir hadisə baş verməyib ki, Topxana meşəsində olduğu kimi, düşmən əlləri ilə kəsilən iki ağacdan ötrü böyükdən kiçiyə hamının qanı qaynayıb coşsun, elliklə meydanlara, küçələrə atılaraq dünyanın özünü mehvərindən çıxartmağa hazır olsun. Daşları isə kinofilmdə göstərildiyi tək torpağın üzərindən götürüb gərəksiz bir şey tək kənara tullayırlar. Deməli, bizim kökümüzü oradan təmizləyirlər. Azərbaycan televiziyasında dastanın tam ekranlaşdırılması qərara alınıb və göstərilən ilk seriyada da «Kitab»ın ruhunun incidildiyini müşahidə etdik.

    Altı «Oskar» mükafatına layiq görülmüş «Cəsur ürək» filmini yada salaq. Şotland milli qəhrəmanı Uilyam Volos haqqındakı tarixi rəvayətlər əsasında çəkilib. Bu film ona görə böyük marağa səbəb olub və asanlıqla ürəklərə yol tapıb ki, çoxəsrli adət-ən'ənələrə və dövrün ruhuna uyğun çəkilib. Şəxsi təxəyyüldən doğan əlavələr özünə tamam başqa istiqamətdə yer tapıb. İşin düzgün təşkili onunla şərtlənir ki, filmə həmin rəvayətləri və hadisələri araşdıran alimlər məsləhətçi sifəti ilə də'vət olunublar. Filmdəki hər hərəkət və predmet onların rə'yi əsasında mizanlanıb. Rus kino-filmlərində də belədir. Məhz «Dədə Qorqud» elmi-mərkəzi xalq yaradıcılığı nümunələri ekranlaşdırılanda məsləhətçi rolunu öz üzərinə götürməlidir.

    Dədə Qorqudun və başqa qəhrəmanların şəkillərinin çəkilməsində də dastanın ruhu əsas götürülməlidir. Hörmətli şairimiz B.Vahabzadə Prezident yanında keçirilən son iclasda çox ağrılı bir məsələyə toxundu: Ulu ozanın şəkilləri nəşr olunan bə'zi kitablarda gözləri qıyıq çəkilir. Bu, «Orta asiyalı» fikrini təsdiqləmək deməkdir. Dədə Qorqudun obrazı dastanın ruhuna uyğun yaradılmalıdır. İlk növbədə alplıq, qəhrəmanlıq, mərdlik, kişilik, ərlik, ərənlik, torpağa, vətənə bağlılıq nişanələri əks olunmalıdır. Rəssam və heykəltəraşlar bu nişanələri göstərən cizgiləri tapandan sonra ona müdriklik, ağsaqqallıl, atalıq, müqəddəslik elementlərini əlavə etməlidirlər.

    Qardaş türk xalqları ilə əlaqələr mühümdür, daimi və sıx olmalıdır. Lakin bu diskussiya şəklində qurulmalıdır. Biz onların yanına əliboş getməməliyik. «Kitab»ın Azərbaycanda doğulduğunu təsdiqləyən dolğun dəlilləri ortaya çıxarmaqla ulularımızın haqqını özlərinə qaytarmalıyıq.

    Məsələni bütün çılpaqlığı ilə ortaya atmalıyıq. «Manas» qırğızların eposudur, biz qardaşlarımızın elə möhtəşəm sənət əsəri yaratması ilə fəxr edirik. «Alpamış» özbəklərin, «Altın-Arıq» xakasların, «Oğuz xaqan» isə uyğurlarındır. Azərbaycanda bu abidələrin hər biri ilə qürur duymayan tapılmaz. Heç vaxt qardaşlarımaza məxsus sənət incilərinin ətəyindən yapışıb özümüzə tərəf çəkməyə çalışmırıq. Başqaları da bunu həmin əsərlərlə bağlı etmirlər. Bəs onda sual doğur: Azərbaycan türklərinin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi iki qüdrətli eposu var - «Dədə Qorqud» və «Koroğlu» - niyə onları bizə qısqanırlar? Özlərinin möhtəşəm eposları olduğu halda nə səbəbə bizim uluların «tikəsinə» əl uzadırlar? Bütün bunlar ona görə edilir ki, eposların yazıya alınma və nəşri təcrübəsinə görə hər iki abidəmiz ilk və ən parlaq uluduzlardır. Doğrudur, «Oğuz kağan»ın da yazılma tarixi «Dədəm Qorqud»umuzla üst-üstə düşür. Lakin iki əsas variantından biri (uyğur) «konspekt», digəri isə tarixi xronika (F.Rəşidəddinin «Oğuznamə»si) - xüləsə şəklindədir. «Manas», «Alpamış» və «Altın-Arıq» isə bizim günlərimizdə yazıya alınmışdır.

    Əslində məsələ bütün çılpaqlığı ilə qoyulmalı və deyilməlidir ki, tarixin çox dərin qatlarında biz bir kökdən pöhrələnmişik. Və bu dastanların hamısı bu kökdən rişələnib. Onları bir-birinə bağlayan yalnız bu kökdür. Başqa sözlə, hamımız bir ananın övladlarıyıq. Lakin qardaşların hərəsinin öz ailəsi, namusu hesab edilən həyat yoldaşı, övladları var. Qardaşların hamısı bir-birinin ailə namusunun keşiyini çəkməyə borcludur. Biri digərinin namusuna göz dikməməlidir. «Manas» qırğızların namus, qeyrət pasportudursa, «Dədə Qorqud» da Azərbaycan türklərinin. İlk olaraq onun təəssübünü biz çəkməliyik. Qardaşlarımızı məsələyə bu cür yanaşmağa alışdırmalı, babalarımızın iki yadigarının birini Qazan bəyin üsulu ilə paylaşmamalı (o, həyat yoldaşını götürüb evdən çıxır, yerdə qalan nəyi varsa, bəylərin çapıb-talamasına imkan yaradır), digərinin qəhrəmanlarını - Koroğlunu «uşaqbaz», Eyvazı, nə bilim, adamın dili də gəlmir deməyə, nə e'lan edilməsinin qarşısını almalıyıq.

    Ulu Dədə Qorqudun haqqını özünə qaytarmaqla nəvələri olduğumuzu sübut etməyin vaxtı çoxdan çatmışdır.

    Əgər hörmətli Prezidentimizin Ata kitabımıza sonsuz məhəbbətini, eləcə də birbaşa elmi-mərkəzin məs'uliyyət yükünü daşıyan prof. Y.Qarayevin, folklorşünas H.İsmayılovun «Dədəm Qorqud»a vurğunluğunu və hər üçünün «Dədə Qorqud ocağı»nı həqiqi mə'nada alovlandırmaq eşqiylə yaşadığını bilməsəydim, susardım. Yə'qin ki, yazdıqlarımın çılpaqlığı çoxlarına toxunacaq. Lakin onların bir ildən sonra bu oğacın tüstülənə-tüstülənə qaldığına baxanda içəridən qovrulmalarını görməməyim üçün bunları deməliydim.

    Yeni yaranan «Dədə Qorqud» elmi-mərkəzinin bütün əməkdaşlarına uğurlar diləyi və bir ildən sonra bu oğacın istisində qızınmaq arzusuyla

    Qaldırılan məsələlər acı olsa da, həqiqətin açılmasına xidmət edəcəyini nəzərə alıb oxucuların ixtiyarına buraxıram. Mübahisə və diskussiyalar həmişə elmi kəşflərə yol açıb. Yurdumuzda «Dədə qorqud» ocağını qalamaq istəyənləri münasibət bildirməyə çağırırıq.

    SON
0 0 0