Türk-oğuz eposunda zaman və məkan

Son güncelleme:
  • Türk-oğuz eposunda zaman və məkan
    Müəllif: Ramazan Qafarlı

    ƏVVƏLİ: Üçmərhələli (dövrlü) mifik dünya modelı.

    V.M.Jirmuniskiyə əsaslansaq, söyləyici tərəfindən eposda Bayandır xan, Salur Qazan və Qorqudun çağı Oğuz tayfalarının törədicisi Oğuz xanın mifik zamanı ilə müqayisədə guya tarixi əsaslarla çatdırılır. Lakin «Dədə Qorqud»da göstərilən «oğuz əsri» oğuzların heç bir məhdud tarixi ilə uyğun gəlmir: «burada bütöv xalqın tarixi keçmişi monumental ölçüdə, epik ideallaşdırılma formasında əks olunur» [184, 526].

    Zaman və məkanın təsviri məsələsinə toxunanda aydınlaşır ki, eposda konkret vaxt və yer aydın, anlaşıqlı olmaqla bərabər, həm də (çox hallarda) mücərrəd və qaranlıqdır. Şübhəsiz, boyların hər birinin bünövrəsi müəyyən bölgədə və bir xalq çərçivəsində qoyulmuşdur, sonra başqa türk elləri yaşayan geniş ərazilərdə yayılaraq, demək olar ki, bəşər oğlunun ümümmədəni dəyərlər səviyyəsinə yüksəlmişdir. Özül kökdə olduğundan eposun əsas obraz və motivləri həmin kökdən pöhrələnən digər millətlərin də epik ənənəsində dərin izlər buraxmışdır. Bu səbəblərdən də abidənin guya kənarda düşünülüb guya bilinməz səbəbə görə yazıya alındığı ərəfədə Azərbaycana gətirməsi haqqındakı qənaətlər əsassızdır. «Dədə Qorqud» kökdən mayalansa da, V.V.Bartoldun müşahidə etdiyi kimi, bütün haallarda yerli materiallarla, Qafqaz bölgəsində [134, 120] türkdilli əhalinin qədim tarixi, etnoqrafiyası, coğrafi şəraiti, mifoloji görüşləri ilə yoğrulmuşdur. O, mayasını nə Orta Asiya, nə də Altaydan almışdır. Köçərilər vasitəsiylə Azərbaycana, yaxud Antaliyaya gətirilərək [90, 321] yazıya köçürüldüyünü irəli sürmək isə ən azı Qafqaz və Ön Asiya türklərinin kökünü dədə-baba yurdundan ayırmaq deməkdir.

    Boylarda zaman və məkan anlayışlarına münasibət bir daha təsdiqləyir ki, Azərbaycan Dədə Qorqud qəhrəmanlarının doğma yurdudur. Onlar nə köçəri-gəlmədirlər, nə də ötüb-gedəndirlər. Dədə-baba kurqanları da, öz qəbirləri də buralarda yerləşir. Qonşularına - Qara dəniz ətrafı gürcülərə, Xəzərüstü qıpçaqlara və Trabzon içi yunanlara münasibətdən hiss olunur ki, Qafqaz oğuzları turukların, sakların, midiyalılaran, massagetlərin, albanların varisləridirlər. Eyni kökdən olduqları üçün Şimallı qıpçaqlarla (Beyrək qıpçaq qalasında 16 il əsr qalsa da), Orta asiyalı türkmənlərlə (Qanturalı «cigi-mici» [58, 85] türkmən qızlarını bəyənməsə də) daha çox qaynayıb qarışmış, osmanlılarla siyasi dövlət idarəçiliyi və din arasında ikitirəliyin yaranmasından müəyyən çağlarda uzaqlaşma meylləri yaransa da, mənəvi dəyərlərə, adət-ənənələrə, ozan və aşıq sənətlərinə bağlılıq bu sapınmalardan hər iki qardaş xalqı xilas etmişdir. V.V.Bartoldun dediyi kimi, dastandakı oğuzlar türkmənlər olsaydılar, «Qanlı Qoca oğlu Qanturalı boyu»nda bu sözlər əsas qəhrəmanın dilindən çıxardımı? «Pəs varasın, bir cici-bici türkman qızını alasan, nagahandan tayanım, üzərinə düşəm, qarnı yırtıla?..»//«Bəs gedəsən, bir cici-mici türkmən qızını alasan, birdən sürüşüb üzərinə düşəm, qarnı yırtıla?..» Mətndəki «cici-mici» indiki dildə «incə-mincə» şəklində işlənən söz mə'nasında başa düşülməlidir. Bu məsələdə tarix meydanında keçmiş nüfuzunu itirmiş farslar, ərəblər və xristian dünyası od rolunu oynasa da, qopuza, saza sığınan oğuz nəslini kökündən, soyundan ayıra bilməmiş, qardaşın biri «həpimiz», digəri «hamımız», biri «sultanım», «paşam», digəri «xanım», «bəyim» desə də, türklüyünə qayıtmışdır. Çünki bayatlı Dədə Qorqudun söylədiyi kimi, «gəlimli-gedimli dünyada qarı düşməndən dost olmaz». Və dar günlərdə yenə ulu ozanın sözlərini yada salıb bir-birilərinə bağlılıqlarını nümayiş etdirmişlər:

    Ağzın üçün ölüm qardaş!
    Dilin üçün ölüm, qardaş!
    Ərmi, igidmi oldun, qardaş!
    Qəribliyə qardaşın üçün sənmi gəldin, qardaş? [58, 211]

    Arxaik qəhrəmanlıq və tarixi qəhrəmanlıq dastanların zamanın əsas çıxış fərqləri, tədqiqatçılar tərəfindən aşağıdakı şəkildə müəyyənləşdirilmişdir:

    1.Eposlarda zamanın ilkin mühüm əlaməti ondan ibarətdir ki, təsvir «başlanğıc»la - «dünyanın uşaqlıq» çağlarıyla və hər hansı bir etnosun əsasını qoyan ilk nümayəndə ilə əlaqəli şəkildə -sonrakı inkişaf mərhələlərində təbəqələşərkən yaranan bütün müxtəlifliklər nəzərə alınmaqla verilir (Propp V.Y., Neklyudov S.Ö., Koroğlı X.Q., Şarakşinova N.O., Kudiyayarov A.V.). Bu dövrü ümumiləşmiş halda «mifik zaman» kimi işlətmək daha düzgündür. «Oğuz kağan» dastanında zamanın çıxışı məhz bu şəkildədir:

    UYĞUR OĞUZNAMƏSİNİN TRANSKRİPSİYASI:

    «Bolsunğıl deb dedilər. Anun anağusu oşbu turur. Takı mundan son sevinc tapdılar. Kenə günlərdən bir Ay kağannun közü yarıb bodadı, erkək oğul toğurdı».

    AZƏRBAYCAN TÜRKCƏSİNƏ ÇEVRİLMİŞ QARŞILIĞI:

    «Qoy olsun dedilər. Onun görünüşü, bax budur... Bundan sonra sevinc tapdılar. Günlərdə bir gün Ay kağanın gözü parladı, erkək oğul doğdu» [78, 10]

    2.Zamanın eposlarda ikinci xarakterik epik şəraiti onunla şərtlənir ki, birincinin əksinə olaraq hadisələr «fantastik yozumda deyil, həqiqətən baş vermiş kimi qəbul edilir» [228, 229].

    Dinləyənlər onlara müəyyən tarixi dövrün ciddi qaynaqları tək yanaşırlar. Bu, eposlarda «emprik zaman»ın əksi hesab edilir. «Kitabi Dədə Qorqud»da rastlaşdığımız ilk təsvirə diqqət yetirək:

    «Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın, ol kişi təmam bilicisiydi, - nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Həq təala anın könlinə ilham edərdi...» [58, 31]

    Mətndə tarixi zamanın bütün əlamətləri özünə yer tapmışdır. Belə ki:

    a) tarixə bəlli dövrə - Məhəmməd peyğəmbərin yaşadığı zamana,

    b) məlum tayfaya - Bayat boyuna, Oğuz elinə işarə vardır. Lakin həmin fikirlərin özündə arxaik dünyagörüşünün izləri də qorunub saxlanmışdır - Qorqud ata gələcəkdən xəbərlər verirdi, Allah onun könlünü ilhamlandırır.

    «Kitabi-Dədə Qorqud» oğuznamələrinin spesifikliyini şərtləndirən amillər əsas hadisələrə - boylara keçməzdən əvvəl özünü göstərir. Ancaq bu təkcə arxaikliklə (mifikliklə) tarixiliyin eyniləşdirilməsi ilə bağlı deyildi. Əslində mifik zamanı emprik zamanın içərisində əridən ozanlar türkün tarixinin uzaqlığını, ilkinliyini təsdiqləyirdilər.

    Dədə Qorqudun eposda zamanın özünü - hadisələrin yekununu, nəticəsini müəyyənləşdirən şəxs kimi təqdimi göstərir ki, ilk cümlədə onu konkret dövrlə bağlamaq olduqca şərti xarakter daşıyır. Çünki belə edilməsəydi, onun zamanı qabaqlayan kəlamlarına inam azalardı:

    «Qorqud ata ayıtdı: «Axır zamanda xanlıq gerü - Qayıya dəgə, kimsənə əllərindən almıya. Axır zəman olıb qiyamət qopınca bu didigi Osman nəslidir. İşdə sürilib gidə-yürir...» [58, 31]



    Yazıya alındığı (ya da üzünün köçürüldüyü) dövrdə oğuznamələrin müqəddiməsində katiblər tərəfindən Osmanlı sarayının xeyrinə xeyli dəyişiklik edildiyi göz qabağındadır. Birincisi, «Kitab»ın adında və boylarda «Dədə» kimi təsdiqlənən Qorqud burada «ata» şəklindədir. İkincisi, səlcuqların tarix səhnəsindən çıxarıldığı ərəfədə türkün başqa qolunun dirçəlməsi ideyasının məhz gerçəklik kimi formalaşdırılması müəyyən dövrün möhürnün sonradan vurulması deməkdir.

    Diqqət yetirin: başlanğıcda üç dəfə «ata» kimi verilən Qorqud müdrikliyini, ululuğunu təsdiqləyən kəlamlara keçiləndə «dədə»ləşir, əslində öz adına qaytarılır. Çünki artıq katiblər məqsədlərini həyata keçirib türkün səlcuqlarla bitib-tükənmədiyini çatdırmışdılar. Bu, çox incə məsələdir. Ancaq faktdır: müqəddimədə də dörd abzasdan üçündə ata (Kiçik Asiya türklərinin tələffüzünə uyğun) kimi çıxış edən Qorqud dördüncü və əsas hissədə (ona görə əsas hissədir ki, əvvəlki abzaslarda onun haqqında qısa məlumat verildiyi halda burada yaratdıqlarına üz tutulur) «Dədə» şəklində təqdim olunur:

    «Dədə Qorqut soylamış:
    Allah-allah diməyincə işlər onmaz.
    Qadir tanrı verməyincə ər bayımaz...» [58, 32]

    Bu hal təsadüfi xarakter daşısaydı, müqəddimə mətnində Qorqudun sonrakı təqdimlərində bir yerdə də olsa, təzədən «ata»ya qayıdış nəzərə çarpardı. Halbuki bir daha onun bu tələffüzü yada düşmür. Özü də S.Əlizadənin müşahidəsinə görə, Drezden nüsxəsində bu sözlər hər dəfə qalın hərflərlə yazılıb nəzərə çarpdırılmışdır:

    «Dədə Qorqut bir dəxi soylamış:
    Sarb yürürkən Qazlıq ata namərd yigit yenə binməz;
    Binincə binməsə, yeg!
    Çalub-kəsər uz qılıncı müxənnətlər çalınca, çalsa, yeg!..»

    Yaxud:

    «Dədə Qorqut soylamış, görəlim, xanım, nə söylamış:
    Getdikdə yerin otların keyik bilür.
    Kənəz yerlər çəmənlərin qulan bilür...»

    Və yaxud:

    «Dədə Qorqut soylamış, görəlim, xanım, nə söylamış:
    Ağız açub ögər olsam, üstimizdə tanrı görkli!
    Tanrı dostı, din sərvəri Məhəmməd görkli!
    Məhəmmədin sağ yanında namaz qılan
    Əbubəkr siddiq görkli!..» [58, 32]

    Sonuncu nümunədə İslam dininin təsiri duyulur. Başqa sözlə, Dədə Qorqudun dilindən söylənən aforizmlər əslində katiblər tərəfindən onun xalq arasında gəzib-dolaşan əsil müdrik kəlamlarına uyğunlaşdırılaraq yazılmış, mətnə əlavə edilmişdir. Burada məqsəd İslam mühitində eposun yazılı mətninin geniş yayılmasına şərait yaratmaq idi. Lakin əvvəlki üç abzasdakı fikirlərin aşılanmasındakı qayə ilə heç bir əlaqəsi olmadığı üçün «ata» kimi deyil, əslində olduğu şəkildə saxlanılmışdır.

    Müqəddimənin sonunda qadınlarla bağlı Ozanın qənaətləri müstəqil əsər, yaxud mətn təsiri bağışlayır. Çünki orada söylənən fikirlərin nə Dədə Qorquda aid aforizmlərlə, nə oğuz-səlcuk, nə oğuz-osmanlı adətləri ilə, nə də boylarla səsləşməsi var. Zaman və məkan baxımından da olduqca fərqli detallar nəzərə çarpır. Eləcə də ayrı-ayrı boylarda emprik zaman kimi götürülən epik təsvirdə bəzən konkret məkan göstərilir:

    «Bir gün Qam ğan oğlı xan Bayandır yerindən turmışdı. Şami günligi yer yüzünə dikditrmişdi. Ala seyvanı göy yüzinə aşanmışdı. Bin yerdə ipək xalça döşənmişdi». [58, 34]

    Bu təsvir tarixi zaman və məkan baxımından məlum dövrlə səsləşir. Oğuzların başçısı ildə bir dəfə böyük bir məclis düzəldib görülən işləri yekunlaşdırır, bəyləri xidmətlərinə görə mükafatlandırır, gələn il üçün tədbirlərini söyləyər, təklifləri dinləyib müzakirə edirdi. Türk tarixində toy, qurultay kimi tanınan məclis idarəçilikdə ilk demokratik institutlardan biri idi. Dastanda həmin tarixi mərhələ ümuləşdirilir, bədii formaya salınıb aşağıdakı mətndə emprik zamanın illə müəyyənləşən kiçik dövrünə aid (il ərzində bir dəfə təkrarlanan) hal kimi təqdim olunur: «Xanlar xanı xan Bayandır yildə bir kərə toy edib, Oğuz bəglərini qonaqlardı. Genə toy edib, atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı».
0 0 0