TükƏnmƏZ XƏzinƏ

Son güncelleme:
  • Türkdilli xalqların ədəbiyyat tarixində səsi uzaq əsrlərdən gələn, gur işığı ilə tarixləri yarıb keçən yenilməz bir kitab var: «Kitabi-Dədə Qorqud»! Bu adla yaddaşımıza həkk olunmuş qədim oğuz dastanları həqiqətən də bir çox türk xalqlarının yaratdığı milli mədəniyyətin ən zəngin, ən ulu qaynaqlarından biridir.
    «Kitabi-Dədə Qorqud» çiçəkləri solmaq bilməyən, əbədi təzə-tər qalan, zaman-zaman nəsilləri heyran qoyan bir sənət gülşənidir. Bu «kitab»ı cəsarətlə Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası adlandırmaq olar. Qədim ədəbiyyatımızın təlqin və təqdir etdiyi müdrik, mənalı fikirlər, zərif bəşəri duyğular öz başlanğıcını böyük «Kitabi-Dədə Qorqud» nəhrindən götürür. Oğuz dastanlarındakı maraqlı və rəngarəng süjetlər, canlı həyat müşahidəsindən doğan motivlər, şer və nəsr parçalarının əlaqəli, harmonik düzümü onlarca parlaq və orijinal linqvopoetik vasitələr nağıl və dastanlarımıza, orta əsr yazılı ədəbiyyatımızın sanballı nümunələrinə dərindən təsir göstərmişdir. «Kitabi-Dədə Qorqud» lakonik olduğu qədər də monumentaldır; artıq sözdən, xaric səsdən uzaq, öz qurquşun siqləti ilə torpağın dərinliyinə işləyən, öz dadı-duzu, şirinliyi ilə əcdadımızın zəngin idrak və təxəyyülünün məhsulu olan möhtəşəm bir abidədir.
    «Kitabi-Dədə Qorqud» un koloritli, pak və təravətli sətirlərindən oğuz igidlərinin hay-harayını, döyüşən qılıncların sədalarını, axan suların şırıltısını, şahanə atların nal səslərini aydın eşidirik. Ülu dədələrimiz, ozanlarımız elin mənəvi aləminin tərcümanı idilər. Onlar doğma yurdu oymaq-oymaq gəzib, sazın-sözün sehri ilə bu «kitab»ın boylarını qoşub-düzdülər, tarixin qaranlıq keçmişinə gələcəyin poza bilməyəcəyi nurlu səhifələr yazdılar. «Kitabi-Dədə Qorqud» un hər boyu el-obaya, ata-anaya, qardaş-bacıya ülvi məhəbbətin canlı salnaməsidir; mərdlig və qəprəmanlıqa, yer üzündə səadət və bəxtiyarlıqa qüdrətli himndir. Ona görə də bu dastanların tədqiq, nəşr və təbliğ edilməsi təbii görünür.
    «Kitabi-Dədə Qorqud» haqqında müəyyən məlumata biz Əbülqazi xan Xivəlinin «Şəcəreyi-tərakəmə» adlı əsərində rast gəlirik1. «Kitabi-Dədə Qorqud» un «Şəcəreyi-tərakəmə» əsəri ilə öyrənilməsi dastanların tarixlə bağlı bir sıra cəhətlərini aydınlaşdırır. Rəşidəddinin «Came-at-təvarix»ində də «Oğuznamə»yə aid hekayələrin çox olduğu qeyd edilir.
0 0 0