M A D A: etnik tərkib və dil məsələləri

Son güncelleme:
  • M A D A: etnik tərkib və dil məsələləri
    Son tarix kitablarında çox zərərli bir məsələnin bünövrəsi qoyulmuşdur - Mada qədim İran dövləti kimi izah olunur: «Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı». (1; 217) Mə'lumdur ki, o zamanlar «Cənubi Azərbaycan» anlayışı yox idi. Bu anlayış sonralar təşəkkül tapmışdır və biz «Cənubi Azərbaycan» dedikdə, təbii ki, bütün mə'lum ərazini nəzərdə tuturuq. Ona görə də müəllifin dediyi «Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə» sözlərini həqiqi mə'nada anlasaq, onda madalıların yaşadığı ərazi Azərbaycan ərazisi deyil və madalılar da bizim əcdadlarımız deyillər. Bəlkə texniki səhvdir? Akademik tarixin sonrakı fəslinə - «Cənubi Azərbaycanın midiyalılar (madalılar) tərəfindən işğalı. Manna çarlığının süqutu» fəslinə (X fəsil) baxaq. Fəslin elə adı da göstərir ki, Mada Cənubi Azərbaycandan ayrı təsəvvür edilir. «E.ə. VII əsrin sonunda - VI əsrin başlanğıcında madalılar Mannanı, Urartunu və Skif çarlığını özlərinə tabe etdilər... Mada Cənubi Azərbaycanın, Urartunun və Skif çarlığının torpaqlarının tam hakimiyyətə malik olan sahibinə çevrildi».(1; 228) Əgər madalıların ərazisinə Cənubi Azərbaycan ərazilərinin şərq və cənub-şərq torpaqları da daxil idisə (başlanğıcı bu cür olub), onda Mannanın, başqa vilayətlərin işğalından söhbət gedə bilər, daha Mada özü özünü necə işğal edə bilər? Bütövlükdə Cənubi Azərbaycan ərazisinin işğalından söhbət gedirsə, onda madalılar bu ərazidə deyillər. «Mada dövləti... İran aləminin mədəni və dini mərkəzinə çevrilmişdi».(1; 231) Bu fikir təsadüfi deyil və eyni şəkildə «Azərbaycan tarixi»-98-in 233-cü səhifəsində də təkrar edilmişdir. Mada İran dövləti idisə, kitabda ona bu qədər yer verməyin nə mə'nası vardı? Manna nə üçün sonralar «Kiçik Mada», yaxud «Atropat Madası» adlanırdı? İ.Əliyev özü qeyd edir ki: «...həm «Midiya» və «Atropatena» (və onlardan düzələnlər), həm də «midiyalı» və atropatenalı» (və onlardan düzələnlər) terminləri əsrlər boyu əksərən bir-birini əvəz edən terminlər kimi işlənmişlər». (12; 25-26)
    Mada imperiyasına münasibətdə tarixçilər öz əvvəlki doğru mövqelərindən imtina etməkdədirlər. 1958-ci ildə çap olunmuş «Azərbaycan tarixi»ndə (1-ci cild) Midiyanın doğru olaraq Azərbaycan dövləti olduğu göstərildiyi halda (bax:səh.40; .41-51 və s.), 90-cı illərin tarix kitablarında Mada İran dövləti kimi təqdim edilir.
    Manna ilə yanaşı, Mada dövlətinin adı qaynaqlarda e.ə. IX əsrdən qeydə alınmışdır. Farslar isə İran ərazisinə tezi VIII əsrdə gəlmişlər. İran tayfaları uzun müddət Madanın ətraf ərazilərində dolaşmış, Madanın daxilinə nüfuz edə bilməmiş, xeyli müddət bir satraplıq kimi Madanın tabeliyində olmuş, e.ə.550-ci ildə farsların üsyanı nəticəsində Kuruş (Kir) hakimiyyətə gəlmiş, madalılar farslardan asılı vəziyyətə düşmüşlər. Həmin vaxta qədər həm Cənubi Azərbaycanın, həm də indiki İranın müəyyən əraziləri Madanın tərkibində olmuşdur. Bu tərkibdə olan Azərbaycan əraziləri sonralar Atropatın idarə etdiyi keçmiş Manna əraziləri ilə birlikdə Kiçik Mada, Atropat Madası adlanmışdır. Qalan hissəsi İran ərazisinin bir hissəsi kimi qalmışdır. Ona görə də Mada imperiyasından məxsusi İran dövləti kimi danışmaq düzgün deyildir. Manna ilə Mada tayfaları yaxın və qohum olmuşlar. Bu ölkələrin adları da bir kökdəndir:
    Mada etnosu Azərbaycan tayfası idi və madalılar türkdilli olmuşlar. Şərqdə Orta Asiyadan qərbdə Halis çayına qədər uzanan Mada imperiyasının ilkin vətəni Azərbaycan idi. Ona görə də Mada Azərbaycan dövlətidir. E.ə.550-ci ilə qədər Mada Azərbaycan mağlarının başda durduğu bir dövlət, böyük bir imperiya olmuşdur. Bu dövlət ilk növbədə Azərbaycan dövləti kimi izah olunmalıdır. Ola bilər ki, İran siyasiləri Cənubi Azərbaycanı hazırda öz dədə-baba yurdu saydığı kimi, Madanı da İran dövləti kimi izah etsin; biz öz tariximizi qorumalıyıq. Lakin akademik tarixdə obyektivlik naminə Azərbaycan təəssübkeşliyi bir qətrə də duyulmur. Müəllif bir çox məsələləri üstüörtülü şəkildə farsların xeyrinə izah etmiş, ruh e'tibarilə Mada imperiyasını fars imperiyası kimi təqdim etmişdir. Bütün faktlar göstərir ki, madalılarla farslar arasında münasibət pis olmuş, madalılar farslarla çox vaxt barışmamışlar. Bu barədə tarixin hifz etdiyi xeyli faktlar vardır. II Kir e.ə.550-ci ildə Madanı asılı vəziyyətə saldıqdan sonra madalılar dəfələrlə öz hakimiyyətlərini bərpa etməyə çalışmışlar. E.ə.522-ci ildə madalı kahin Qaumat (Qaumata) İran hökmdarı Kambisin (Kambizin) Misirdə olmasından istifadə edərək hakimiyyəti ələ almış və 7 aya qədər ölkəni idarə etmişdir. Sui-qəsd nəticəsində hakimiyyətə gələn I Dara (e.ə.522-486) Qaumatı və onun yaxın adamlarını Madanın Nisayya vilayətində öldürtmüş, payaya keçirtmişdir. Qaumat əhalini üç il vergidən və orduda xidmətdən azad etmişdi, bir sıra islahatlar keçirmişdi. Ona görə də Qaumat öldürülərkən «Asiyada hamı təəssüf edir, bir farslardan başqa».(17; 355) Amma akademik tarixi oxuyanda bə'zən daha çox təəccüb etməli olursan: «Qədim yazıçıların əksəriyyəti, habelə hökmdar Dara Qaumatanın çıxışını farsların hakimiyyətinə - Haxamanişilərə qarşı çevrilmiş Mada irticası (kursiv bizimdir - Q.K.) olduğunu yaxşı bilirdilər».(1; 241) Sən öz xalqının, öz vətəninin müstəqilliyi uğrunda, köləlik əleyhinə mübarizə aparasan, sənin 2500 il sonrakı nəslin (əgər bu nəsildəndirsə) bunu «irtica» adlandıra. Özü də bilə-bilə ki, »Qaumata madalıların hökmranlığını bərpa etmək niyyətində idi» və həm də bilə-bilə ki, bu hərəkat «...hökmran fars sülaləsinin və onunla bağlı olan yerli nəsli əsilzadələrin zülmünə qarşı çevrilmiş xalq hərəkatı, e'tirazı ilə birləşmişdi».(1; 242) Mən Qaumata heykəl düşünürəm, tarixçi də bu cür düşünür.
    E.ə.521-ci ildə Fravartiş adlı bir başqa madalı Mada hakimiyyətinin bərpası üçün üsyan etmiş, lakin Dara tərəfindən ağır işgəncə ilə öldürülmüşdür: burnu, qulaqları, dili kəsilmiş, gözləri çıxarılmış və Ekbatan şəhərində payaya keçirilmişdir. Özünü Kiaksarın nəslindən hesab edən Çissataxma da eyni şəkildə üsyan etmiş və eyni cəzalarla öldürülmüşdür. Sonralar da Mada üsyanları davam etmişdir.
    Mən şəxsən düşünürəm ki, Mada tayfalarından biri olan mağlar şimallı-cənublu Azərbaycanın, şimallı-cənublu Muğanın ən qədim əhalisidir (müklər onların bir qoludur) və bunlar - mağ kahinləri çox qədim tarixə malik olmaqla, ilk səmavi allahların yaradıcılarıdır. Zaqros dağlarından İkiçayarasına enən şumerlər də onların şagirdləridir. Manna da, Mada da onların adı ilə bağlıdır. Onlar daim müstəqilliyə can atmış, öz yüksək ağlı, kahin qüdrəti ilə buna əksərən nail olmuşlar. Mağ sənəti sonralar müxtəlif ərazilərə yayılmışdır. İndi bütün dünya dillərində işlənən magiya sözü də onlardan yadigardır. Mağları müklərdən ayırıb Muğandan təcrid etmək bizim ən böyük ulularımızı öz əlimizlə özgələrə bağışlamaqdır. Təsadüfi deyil ki, əksər tarixçilər Mada mağlarını İran mənşəli hesab etməmişlər.
    İndi Azərbaycanın ağır günləridir. Xarici və daxili düşmənlərin əli ilə müxtəlif etnoslar qızışdırılır. İki yüz ildən artıqdır ki, ölkə parçalanıb. Bir tərəfdən də böyük bir ərazisi düşmən tapdağı altındadır. Rüşvətxorluq, yerliçilik, tayfabazlıq ölkəni daxildən didib-dağıdır. Mə'nəvi cəhətdən sarsılmışıq və bu işdə aşkar düşmənlərlə yanaşı, gizli daxili düşmənlərin də böyük rolu vardır. Bütün bunlara baxmayaraq, hazırkı «...murdar və böhtançı, insan şərəf və ləyaqətini tapdamağı özünə sənət seçmiş, türk və insanlıq düşməni rejimlə mübarizə aparmaq» (bax: 45), çarpışmaq lazımdır. Vaxt gələcək, vahid Azərbaycan qüdrətli və böyük bir dövlətə çevriləcək. Onda Astiaq da lazım olacaq, Astiaq əfsanəsi də, Avesta da, ulu maqlar da. Bunlara sahib durmağa çalışan başqa bir dövlət hələlik güclüdür deyə, acizlik göstərməməli, onun dəyirmanına su tökməməli, tariximizi heç kimə güzəşt etməməliyik. Bu saxta, satqın və riyakar, xalqın tarixinə xəyanətlə dolu «tarixlər» meydana çıxana qədər bizim tarixçilər və başqa elm sahələrini təmsil edən görkəmli ziyalılarımız, alim və yazıçılarımız ulu babalarımız midiyalılarla fəxr etmiş, onların bizim əcdadlarımız olduğuna şübhə etməmişlər. Xalq yazıçısı M.İbrahimov 1945-ci ildə Təbrizdə yazırdı: «Mə'lum olduğu üzrə, hələ miladdan 500 il əvvəl, indiki Cənubi və Şimali Azərbaycan torpaqlarında qədim dünyanın qüdrətli dövləti olan Midiya dövləti yerləşmişdi. O zaman bu torpaqlar Midiya və onun üzərində yaşayan xalq Midiya xalqı adlanırdı. Tarix sübut edir ki, midiyalılar azərbaycanlıların qədim babaları olmuşdur. Onların böyük mədəniyyət və sənətə malik olduqlarını bütün tarixçilər yazmaqdadırlar. Midiyalıların mədəniyyət və dili o qədər tərəqqi etmişdir ki, qədim farslar onlara görə çox dala qalmış və ibtidai halda idilər. Dilşünaslar indiki Azərbaycan dilində o zamankı Midiya dilinin qalıqlarını və ünsürlərini tapırlar... Bəs Midiyanın mədəniyyət və sənət asarı və yazıları nə olmuşdur? Onları işğalçılar ya məhv etmiş və ya da qəsb etmişlər. Midiyanın elm və sənət asarını dünyanın bütün muzeylərində tapmaq mümkündür. Çünki Azərbaycan xalqının düşmənləri, onun torpağına göz tikənlər nəinki bizim milli dövlət və siyasi istiqlaliyyətimizi məhv etmiş, həm də elm, sənət asarımızı və ana dilimizi də aradan götürmək istəmişlər. Bu məqsədlə qəsbkarlar daha da irəli gedərək Azərbaycan xalqının mənşəyi və doğma dili haqqında başdan dibə yalan və iftiradan ibarət olan bir «tarix», bir «nəzəriyyə» də uydurmuşlar. Söz yox ki, Azərbaycan xalqını əsarət altında saxlamaq və onun milli şüurunu öldürmək istəyənlərin uydurduğu «nəzəriyyə»lərlə həqiqi tarix və məntiq arasında heç bir əlaqə yoxdur».(41; 57)
    Bu sözlər bütünlüklə bu günə də aiddir və indiki bir sıra «tarix»lərin müəllifləri də Azərbaycan xalqının tarixini eyni şəkildə qəsb etməklə məşğuldurlar.
    Akademik tarixdə Mada əhalisinin etnik tərkibi və dili haqqında fikirlərə diqqət yetirək: «Bu zamandan (e.ə.590-cı ildən - Q.K.) başlayaraq intensiv etnik proseslərin nəticəsində yerli tayfalar tədricən Mada dilinin ləhcələrini qəbul edərək madalaşmağa, «madalılar» adlanmağa başladılar. Madanın bir hissəsinə çevrilmiş Mannanın özü isə «Mada» və yaxud «Kiçik Mada» adlanmağa başladı». (1; 228) Burada əsas məsələ yerli tayfaların «Mada dilinin ləhcələrini qəbul edərək madalaşması»dır. Oxucu unutmamalıdır ki, mada dili müəllif tərəfindən ölü İran dillərindən hesab olunur. «Yerli tayfalar» dedikdə isə Manna ərazisində və başqa ərazilərdə yaşayan aborigen Azərbaycan əhalisi nəzərdə tutulur. İrandilli gəlmələr, müəllifin fikrincə, bir az əvvəl qeyd etdiyimiz iranlılaşdırma işini madalıların simasında daha da sür'ətləndirirlər, nəticədə, yenə müəllifin fikrinə görə, yerli əhalinin antropoloji quruluşu da, dini də, dili də dəyişir: «Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq öz dillərini itirmiş, gəlmələrlə qaynayıb-qarışmış yerli əhalinin nəsillərindən ibarət idi. Etno-mədəni simbioz baş verirdi».(1; 232) İfadəyə fikir vermək lazımdır: «öz dillərini itirmiş əhalinin sonrakı nəsilləri». Yə'ni artıq Əhəməni sülaləsinə qədərki dövrdə «yeni etnik törəmə təşəkkül tapmağa başlamışdı». Müəllif «iranlılaşmış» belə bir xalqı «Mada-Atropatena xalqı» adlandırır və nəticədə bu başdan Atropatena xalqının dili və etnogenezi haqqında da öz hökmünü vermiş olur.
    Manna e.ə.590-cı ilə qədər müstəqilliyini saxlaya bilmişdi. Bundan sonra Madanın qüdrəti yüksəlir, lakin o qədər də uzunömürlü olmur. E.ə.550-ci ildə Mada da süqut edir. Madanın qüdrətli yüksəlişi təqribən 40-50 il çəkmişdir. Bu az müddət ərzində «fars ləhcələrində danışan» madalılar Mannanın türk əhalisinin dilini necə dəyişə bilərdilər? Hələ bunu demirik ki, Madanın qədim əhalisinin İran ləhcələrində danışdığını iddia etmək üçün də heç bir əsas yoxdur. İran tayfaları gəlməmiş, Mada və onun əhalisi var idi və Manna ilə Mada adaş idilər, yanaşı yaşayırdılar.
    Herodot Madanın son padşahı Astiaqa maqların maraqlı bir müraciətini vermişdir. Bu müraciət İ.Əliyevə də mə'lumdur: «Bizim üçün, çar, hər şeydən vacib sənin hakimiyyətini möhkəmləndirməkdir, yoxsa hakimiyyət... farslara keçdiyi təqdirdə m i d i y a- l ı l a r yad adamlar kimi qul edilər, farsların nifrət mənbəyinə çevrilər; əksinə, nə qədər ki sən, b i z i m h ə m q ə b i l ə m i z, çarlıq edirsən, biz o müddətdə hakimiyyətdə iştirak borcumuzdan istifadə edirik və sənin hesabına bizə daha çox hörmət edilir...»(seyrəltmə-fərqləndirmə İ.Əliyevindir).(12; 17)
    Buradan bir daha aydın olur ki, Astiaq da iranlı deyil, madalılar da. Madalılar öz tayfalarından olan Astiaqa bu qədər açıq şəkildə müraciət edirlər. Bir tayfa öz həmcinsi və qohumu əleyhinə bu qədər nifrətlə danışmaz. Görünür, hələ Harpaqın xəyanətindən əvvəl madalılar fars təhlükəsini duyurmuşlar. Bu gün olduğu kimi, o zaman da əhalinin etnik tərkib e'tibarilə yerləşməsi az fərqli ola bilərdi - türklər öz ərazilərində, farslar öz ərazilərində və müəllifin iddia etdiyi iranlaşmadan, fars ləhcəli madalaşmadan heç bir söhbət gedə bilməzdi. Herodotun verdiyi bu qədər açıq söhbətə baxmayaraq, İ.Əliyev bu müraciəti verərək bir neçə sətir sonra yenə də yazır: «Heç bir şübhə yoxdur ki, mağlar mənşəcə iranlılardan ibarət idi və əlbəttə, İran nitqinin daşıyıcıları idilər». (12; 17-18) «Tarixçi» adlananın həqiqətə bu qədər düşmən münasibət bəslədiyini təsəvvür etmək dünyanın sonsuzluğunu təsəvvür etmək qədər çətindir.
    Mağlar daim azadlıq uğrunda assur köləliyinə qarşı vuruşmalı olmuş, Ön Asiyada Assur dövlətinin 520 illik ağalığına qarşı mübarizə aparmaqla öz azadlıqlarını tə'min edə bilmişlər. Deyokun (e.ə.712-675), Fraortun (e.ə.675-653), Kiaksarın (e.ə. 625-585) və Astiaqın (e.ə.585-550) vaxtında Mada yüksək inkişaf yolu keçmişdir. Ortada yaranan kimmer-skit-sak padşahlığı dövründə də (e.ə. 653-625) madalılar öz üstünlüklərini mühafizə etmişlər.
    Madalılarla farslar adət-ən'ənələrinə görə də kəskin fərqlənmişlər. Farslar öz bacıları ilə evlənirdilər (çar Kambiz bacıları Roksana və Atossa ilə evlənmişdi), madalılar bu mənfur adətin əleyhinə idilər. Farslar ölülərini quşlara yedirdirdilər, madalılar dəfn edirdilər. Madalıların xüsusi geyimləri var idi, farslar da o geyimdən istifadəyə başlamışdılar. Herodot yazır ki, fars çarı Kserkis Afinaya hücum edərkən ordunun silahları «Midiya silahlarıdır, fars yox». Deməli, farslarla madalıların silahları da fərqli imiş. Mədəni üstünlük də madalılardadır. Farslar Əhəmənilər dövründə vergilərdən azad idi, madalılar ağır vergi altında idilər - ildə saklarla birlikdə 450 talant vergi verməli idilər. (Herodot, I,140; III,62-92) Madalılar bir etnos kimi çox qədim və məşhur idilər. Kalankatuklu Moisey Yafəsin nəslinin şəcərəsi içərisində Qomer (kimmerlər, qəmərlər), Maday (madalılar), Maqoq (aşkuzlar), Yavan, Tubal, Meşek, Tiras və Hetləri vermişdir. Bunların arasında, göründüyü kimi, parslar yoxdur.(42; 14-15) Strabon yazır ki, «Deyilənlərə görə, midiyalılar ermənilərin və elə ondan əvvəl fars hökmdarlarının və adətlərinin baniləridir». Və yenə yazırdı ki, «Ən cəsur adamın çar seçilməsi daha çox Midiya adətidir» (Strabon, XI,13,11)
    Bu cür fərqli keyfiyyətləri nəzərə alaraq obyektiv tarixçilər qeyd edirlər ki, madalılarla farsların qohumluğu fikri tamamilə əsassız və uydurmadır. Herodotun əsərində və Bisütun yazılarında madalılarla parslar düşmən xalqlar kimi təsvir edilir. Herodot göstərir ki, Midiya çarı Deyokun oğlu Fraorta parsların üstünə getmiş və düşmənini özünə tabe etmişdir.
    Deməli, madalılar etnik mənsubiyyətinə görə farslardan tamamilə fərqlənmişlər.
    İ.Əliyev Manna və Mada ərazilərində türk mənşəli tayfa təsəvvür etmədiyi üçün qoyduğu yanlış konsepsiyanı davam etdirə-etdirə mannalıların da, madalıların da, atropatenlərin də irandilli olduğunu əsaslandırmağa çalışmışdır. Mada dövlətinin güclənib Mannanı işğal etməsindən sonra heç bir əsas olmadan madalıların tə'siri ilə Manna əhalisinin sür'ətlə iranlılaşdırıldığını iddia edir. Tarixçilər madalıların irandilli olmadığını öyrənmişlər. Bu, aydındır. İ.Əliyev Mannada türk təsəvvür etmir. Bu da aydındır. Bəs onda «irandilli» mannalıların dilini irandilli olmayan madalılar fars ləhcələrindən birinə necə çevirdilər? Məntiqsizlik bir-birini əvəz edə-edə məntiqi nəticələr çıxarmağa imkan verir: madalıların İran mənşəli olmadıqlarını madalılar özləri və əksər tədqiqatçılar qeyd etmişlər, əgər müəllif iddia edirsə ki, mannalıların dilini madalılar iranlılaşdırmışlar, demək, mannalıların dili İran dillərindən deyilmiş. Mannalılar qafqazdilli də deyildi və qafqazdilli ola bilməzdilər. İ.Əliyev özü mühüm bir tarixi həqiqəti qeyd etməklə yuxarıdakı məntiqsizliyin aradan qalxmasına kömək etmişdir: «...Arazdan və Urmiyadan başlamış və müasir Türkmənistana qədər, Strabonun o mə'lumatını xatırlayaq ki, Midiyanın, Baktriya və Soqdiananın əhalisi «ən kiçiyinə qədər birdilli idi», başqa sözlə, mahiyyətcə birdilli idi, yaxud antik müəlliflərin Midiya və Parfiya dillərinin qohumluğu barədə mə'lumatını nəzərə alaq ki, ciddi nüfuz sahibləri tərəfindən təsdiq olunur və s.» (12;24) Mannalıların türkdilli olduğu sübut olunmaqla yanaşı, bu sözlərdən digər çox mühüm bir problem - parfiyalıların da - türkmənlərin babalarının da türkdilli olduğuna şübhə qalmır.
    Akademik tarixin Mada-Atropatena dövlətinə həsr olunmuş IV bölməsində ilk növbədə kadusi, alban, sakasen, kaspi, pavsik, pantimat, dareyt, uti, skif, kuti, lullubi, hurri, mannalı və başqa tayfa və xalqların adları çəkilir, Atropatenanın Kiçik Madaya - indiki Cənubi Azərbaycan ərazisinə (şimalın da bir sıra torpaqları daxil olmaqla) uyğun gəldiyi göstərilir, -bu, tarixdir.
    Dil və etnik mənsubiyyət məsələlərinə gəldikdə vəziyyət dəyişir: «Cənubi Azərbaycan tayfalarının və xalqlarının - kuti, lullubi, hurri, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos - Hellinizm dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı».(1; 259) «Mannanın madalılar tərəfindən işğalı diyarın etno-dil taleyində həlledici rol oynamışdır» - deyən müəllif bu məqamda müxtəlif «əsaslar» gətirərək Mada dilinin İran dillərinə aid olduğunu bir daha əsaslandırmağa çalışmışdır. Məsələn, müəllif «dəlil» gətirir ki, Daranın Bisütun yazılarındakı: «Parsa (Farsistan), Mada, habelə başqa dilli ölkələr»- frazasında Parsa ilə Madanın bir yerdə sadalanması onların qohum dillər olduğunu göstərir. Əslində isə tarixi abidənin müəllifi bunları fərqli dillər kimi qeyd etmək üçün yazmışdır. Müəllif inamla yazır: «...madalıların irandilli olmaları müasir elmdə şübhə doğurmur».(1; 260) «...bu dili (Mada dilini - Q.K.) İran dilləri ailəsinin şimal-qərb qrupuna aid edə bilərik. Bu dil əlamətlərinin məcmusuna görə qədim fars dilindən daha çox Avesta dilinə yaxındır».(1; 260) Mada dilinin daşıyıcıları, təbii ki, Cənubi Azərbaycan ərazisində yerləşdirilir və göstərilir ki, hazırda Mada dialektlərinin yayılma mənzərəsi pozulmuşdur, çünki «...onların böyük qismi fars və türk dilləri tərəfindən sıxışdırılıb çıxarılmışdır». (1; 260)
    Bu bölmədə Cənubi Azərbaycanda və onunla həmhüdud ərazilərdə Mada dili (dialektləri) ilə yanaşı, bir sıra başqa tayfaların və tayfa dillərinin olduğu da qeyd edilmişdir. Belə tayfalardan biri indiki Muğan ərazisində yaşamış müklərdir. Müəllif onları mağlarla eyniləşdirməyin əleyhinədir və «Muğan» sözünün məhz müklərlə bağlı olduğunu israr edir. Burada həmçinin müəllif indiki udinlərin babaları saydığı utilər, eləcə də kaspilər, mağlar, «hurri» mənşəli saydığı mantianalılar, «irandilli» saqartalılar, amardlar, sakesinlər, kadusilər, saklar və başqaları haqqında da mə'lumat vermişdir. Yenə müəllifin fikrincə, «...Mada etnik elementlərinin geniş surətdə məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada-Atropatena xalqı adlandırmaq olar».(1; 265) Bir az əvvəl söylədiyi (və bizim qeyd etdiyimiz) bir fikri müəllif olduğu kimi burada da təkrar edir: «Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq mahiyyətcə öz dillərini itirmiş, gəlmələrlə qaynayıb-qarışmış avtoxton əhali qruplarının nəsillərindən ibarət idi. Etno-mədəni simbioz baş verirdi».(1; 265) Əldə heç bir əsas olmadığı halda, müəllif məsələni yaddaşda möhkəmlətmək üçün bir daha yazır: «...biz tam əsasla iddia edə bilərik ki, Atropatenanın orta Mada dili, şübhəsiz, geniş yayılmış, zəngin yazı ən'ənəsinə malik olmuş İran dillərindən biri idi».(1; 265-266) Öz «İran dilləri» ideyasını bir daha əsaslandırmaq üçün müəllif bir qədər də irəliyə gedir, ərəb tarixçilərindən misallar gətirir: «...ərəb müəlliflərinin mə'lumatlarına görə, burada yayılmış dillər İran dilləri olmuşdur. Ərəb müəllifləri bu dövrdə Cənubi Azərbaycanda yayılmış dillərin və ləhcələrin sırasında azəri (adari), pəhləvi (fahlavi<pahlavi) və fars (furs) dillərini xatırladırlar».(1; 266) Bəlkə də ilk dəfə ərəblər tərəfindən həyat səhnəsinə çıxarılan azəri, əl-azəri sözlərini düzgün olaraq 'azərbaycanlılar' mə'nasında ümumiləşmiş bir söz kimi izah edən müəllif Cənubi Azərbaycan əhalisinin əksəriyyətinin işlətdiyi bu dilin də (azəri dilinin) İran dillərindən olduğunu sübuta çalışmış və həmin sözün üzərində xüsusi dayanaraq, aşağıdakı nəticələrə gəlmişdir:
    «Hələ orta əsrlərdə Azərbaycanda azəri dilində danışırdılar;
    Azəri dilinin İran dillərindən olduğu mübahisəsizdir;
    Azəri dili fars dili deyildir. Bu dil Şimal-qərbi İran dilləri qrupuna aiddir. ...və o, şübhəsiz, hələ Mada dilinə xas olmuş fonetikanın başlıca xüsusiyyətlərini özündə saxlamış talış dilinə yaxın idi». (1; 267)
    İran alimlərinin köməyi ilə müəllif «müəyyənləşdirə bilir» ki, Cənubi Azərbaycan ərazisində talış dilindən başqa, tati, xarzani, takestani, xalxali dilləri də var və bunlar da «Mada dilinin dialektləridir». Bu sonrakı tapıntıya adam lap heyran qalır: «Maraqlıdır ki, Cənubi Azərbaycanın bə'zi kəndlərində hal-hazırda da azəri dilində danışırlar».(1; 267) «Artıq indi iddia etmək olar ki, talış dili problemi azəri dili ilə, Cənubi Azərbaycan ərazisində yayılmış müasir dialektlərlə bilavasitə bağlıdır». (1; 267) (Bü cür uydurma fikirlər göstərir ki, Azərbaycan türk xalqı öz çörəyini bu gün də öz əli ilə öz düşmənlərinə yedirdir!) Bunlarla kifayətlənməyən müəllif B.V.Millerin, Azərbaycana və Azərbaycan türk dilinə qarşı son dərəcə mürtəce mövqe tutan Seyid Əhməd Kəsrəvi Təbrizinin nalayiq fikirlərinə ürəkdən üstünlük verərək yazır: «Kəsrəvi azəri dilinə dair materialları ilk dəfə aşkara çıxardı, orta əsrlərdə Azərbaycanda yayılmış bu dilin İran səciyyəli olduğunu sübut etdi. Lakin o, dilçi olmadığına görə... səhv olaraq azəri dilini fars dili kimi müəyyənləşdirirdi».(1; 268) İqrar Əliyev Kəsrəvidən çox-çox «irəli» gedərək, xalis bir «dilçi» kimi, bu dilin fars dili yox, başqa bir İran dili olduğunu «müəyyənləşdirmiş» və məsələni böyük ustalıqla «dəqiqləşdirmişdir». İ.Əliyev qeyd edir ki, talış dilinə dair fikri (onun Mada dilinə yaxınlığını) tati dili haqqında da demək olardı, lakin çox təəssüf ki, İran tədqiqatçıları E.Yarşater, A.Karəng, Y.Zoka, M.Nəvvabi və başqaları qabağa düşüb deyiblər. Müəllif bir cəhəti də qeyd edir ki, Mada ərazisindəki bütün bu cür tayfalar «etnik simasını itirmiş və assimilyasiyaya uğramış yerli əhalinin nəsillərindən ibarət idi».(1; 269)
    İnsan etnik simasını nə qədər itirər! Neçə dəfə itirər! Bunlar hələ təzədən türklərin təzyiqi ilə öz «etnik simalarını itirməli» olacaqlar - amma çox gec - bizim eranın ikinci minilliyinin əvvəlində. Bir millət ki iki dəfə öz etnik simasını itirmiş ola, onun yer üzündə yaşamağa haqqı yoxdur və ya «tarixçi» adlanan milləti bu cür ləkələyirsə, onu dünya ictimaiyyətinə böhtanla bu cür təqdim edirsə, onun bu millətin arasında yaşamağı millət üçün təhqirdir. Nəhayət, müəllif madalıları Azərbaycan ərazisinə gəlmə və irandilli hesab etdikdən sonra göstərir ki, müasir (türkdilli) Azərbaycan xalqı fəxr edə bilər ki, onların əcdadları madalılar onları hindavropalılarla bağlayır.(1; 271) Bir xalqa bundan artıq nifrət eləmək olmaz. İrqi üstünlüyü nəzərdə tutan bu fikir Azərbaycan xalqı üçün daha ağır təhqirdir.
    Akademik nəşrin «əsas müəllifi» Avestaya münasibətdə də eyni istiqamətdə getmiş, Avestanın köklərinin bəlkə lap 6-7 min il əvvələ getdiyini, lakin əsasən e.ə. I minilliyin başlanğıcında təşəkkül tapdığını göstərsə də, İran sədaqətini unutmamış, bütün varlığı ilə bu əsərin də İran tayfaları tərəfindən yaradıldığını sübuta çalışmışdır; heç bir dəlil «...Azərbaycanı zərdüşti Avesta tə'limlərinin vətəni saymağa imkan vermir». (1,326)
    Zərdüştilik, zərdüşti tə'lim, oda sitayiş bilavasitə Azərbaycanla bağlıdır. Zərdüştiliyə, oda sitayiş sonralar əlavə edilmiş və bu tə'lim müxtəlif etnoslar arasında yayılmışdır. Əksər tədqiqatçılar Mada mağlarını iranmənşəli hesab etməmişlər. Oda, atəşə sitayiş isə daha çox Azərbaycanla bağlı yaranmışdır. Buna görə də Azərbaycanı bu tə'limin, xüsusən də onun yaradıcısı Zərdüştün vətəni hesab etmişlər.
0 0 0