Özünü VƏ Allahi DƏrk EtmƏ

Son güncelleme: 01.02.2010 01:05
  • Əxlaq alimləri nəfsin islahını və insan xoşbəxtliyini bu elmin son nailiyyəti hesab edirlər. Buna yetişmək üçün də yalnız bir yol vardır - özünüdərketmə. Buna görə də sizin diqqətinizi İslam nəzərindən bu mövzunun nə qədər əhəmiyyətli olmasına cəlb edirik, ancaq bəhsə başlamazdan əvvəl belə bir suala cavab vermək lazım gəlir: dərk olunması lazım olan, saflaşmanın başlanğıcı və Allah-təalanı tanımaq üçün vasitə olan hansı nəfsdir? Bəlkə bu, insanı mələklərdən üstün edən və "ruhullah" kimi mənalandırılan həmin ilahi nəfsdir? Bəlkə bu, Allahın ona and içdiyi, günahı və təqvanı ona ilham etmiş olduğu nəfsi-mülhəmədir(ilhamlandırılmış nəfs)? Həmin nəfs insanı pis yola çəkən nəfsi-əmmarə, fəsaddan, günahdan çəkindirən və təqvalıları danlayan nəfsi-ləvvamə,«Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!"- nidası ilə fəxr edilən nəfsi- mütməinnə, bəndəyə axirəti, ölümü xatırladan nəfsi-faniyə,insanı onun üzərində yaratdığı fitrətullah[73] da ola bilər.
    Cavab:
    Nəzərdə tutulan nəfs onların hamısıdır, yəni insan şəxsiyyətini formalaşdıran, onun mələkuti (insani) və nasuti (heyvani) mənşəyini cəmləşdirən, qeyb və şəhadət aləminə malik edən toplumdur. İnsan nəfsi öz mələkuti (insani) cəhətindən yuxarı mərtəbələrə doğru yüksələn zaman mütməinnə, raziyyə (razı), mərziyyə (razı salınmış) dərəcələrinə yetişən ilahi nəfsdir. O qədər ucalır ki, nəhayət "qabə qovseyni əv ədna" ("iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu") dərəcəsinə müşərrəf olur. "Qurani-Kərim" də buyurulduğu kimi:

    "Sonra yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu" («Nəcm»-8,9)
    Nasuti (heyvani nəfs) cəhətdən o yerə qədər süqut edir ki, müqəddəs Kitabda bu barədə belə buyurulur: "Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər" («Əraf»-179)
    Nəhayət, insan o qədər alçalır ki, «Qurani-Məciddə» rəzillərin rəzili adlandırılır: "Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!" («Tin»-5)
    Xülasə, zahirdə kiçik olan bu toplum, o qədər böyük və genişdir ki, bütün kainatı özündə cəmləşdirir, belə ki həzrəti-Əli(ə)-yə mənsub olan şerdə deyilir: "Sənin dərmanın öz vücudunda gizlənmişdir, ancaq sən başa düşmürsən. Xəstəliyinin mənşəyi də özündədir, lakin sən görmürsən. Belə fikirləşirsən ki, zəif bir məxluqsan? Halbuki vücudunda böyük bir dünya vardır. Sən o parlaq kitabsan ki, onun hərfləri ilə sirlər aşkar olur, buna əsasən, vücudunun dairəsindən kənar, taleyindən bir şey deməyə sənin ehtiyacın yoxdur"
    Bu geniş xitaba diqqət yetirməklə, açıq və gizli istedadlardan xəbərdar olub qəlbi saflaşdıraraq qeyblərin qeybini cilvə məzhəri etmək olar. Allah-təala buna dəlil olan ayədə buyurur:
    "Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı" («Nəcm»-11)
    Qeyd:
    Burada bir mətləbi də qeyd etmək lazımdır ki, insanlar özləri də bilmədən bu mərifətdən özünüdərketmədən az da olsa, faydalanırlar. Necə ki, uca Yaradan «Quran»da buyurur:
    "Batildən haqqa tapınaraq üzünü Allahın insanlara fitri olaraq verdiyi dinə tərəf tut" («Rum»-30)
    İnsanların çoxu özləri də bilmədən ondan xəbərsizdirlər:
    "Lakin insanların əksəriyyəti (bunu) bilməz" («Əraf»-187 və başqa ayələr.)
    Yəni insanların əksəriyyəti öz vicdanlarından və fitri hissiyatlarından xəbərsizdirlər. Aydındır ki, məsuliyyətin mövzusu, mükafatın və cəzanın mənşəyi ilə geniş tanışlıqdır. Başqa sözlə desək, mühüm olan məsələ bu yolda ayıqlıqla addım atmaq və özünü özündə tapmaqdır. Beləliklə, Allahı dərk etmək üçün ilahi və insani məsuliyyətlərə çıxış tapmalısan. Bu, bir növ məharətdir ki, ayə və rəvayətlərdə onu əldə etmək təkid olunmuş, ondan xəbərsiz yaşamaq isə, ziyana səbəb hesab edilmişdir. Mərifət və elmlə birgə həyata keçirilən ibadət qəbul olunmuş və faydalı sayılır. İnsana və ağıl sahibi olan məxluqlara məxsus ibadət budur, lakin Allahın buyurduğu kimi təkvini (yəni təbii) ibadət bütün şeylərdə vardır:
    "Göylərdə və yerdə hər nə varsa, Allaha səcdə edir".
    («Nəhl»-49)
    "Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız." («İsra»-44)
#01.02.2010 01:05 0 0 0