Fevralın 4-ü axşam saatlarından etibarən Naxçıvan Muxtar Respublikasına (MR) güclü qarın yağması ilə əlaqədar işini müvəqqəti dayandıran Naxçıvan Beynəlxalq Hava Limanı bu gün axşam saatlarında fəaliyyətini bərpa edib.
APA-nın yerli bürosu xəbər verir ki, iki günlük fasilədən sonra liman təyyarələrin qəbuluna başlayıb.
Limandan APA-ya bildiriblər ki, Bakı-Naxçıvan istiqamətində dünən səhər saatlarında baş tutmalı olan ilk reys üzrə təyyarə bu gün saat 18.30 radələrində Naxçıvan Beynəlxalq Hava Limanına enib. Əks istiqamətə aviareys yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına doğru istiqamət götürəcək.
Dünəndən təxirə salınan Naxçıvan-Gəncə reysi üzrə uçuşların nə zaman bərpa olacağı barədə dəqiq məlumat yoxdur.
Bakı-Naxçıvan-Bakı istiqmətində gün ərzində iki reys, Naxçıvan-Gəncə-Naxçıvan aviamarşrutu üzrə I, III, V günlər olmaqla həftədə 3 aviareys həyata keçirilir.