Bəndə Allahın canlı, müqəddəs, ən qiymətli əsəridir. Adi bir rəssamın təbiətə baxıb çəkdiyi şəkili qiymətli əsər adlandırıb, evinizin yuxarısından asırsınız. Amma Allah öz varlığı, Qüdrəti və elmilə, heç bir şeyə baxmadan heç bir kömək olmadan canlı insan əsərini yaradıb. Surətinə qələm çəkib, bədən-cəsədini elə quraşdırıb ki, dizlərə, topuqlara, bilək və barmaqlara sümükdən diyircəklər qoyub ki, insan istədiyi vaxtda hər tərəfə asanlıqla çevrilə bilir. Bu cür mürəkkəb, möcüzəli, heç kimin yarada bilmədiyi bu canlı insan əsərini qiymətsiz edib, küçələrə, yetimxanaya, qocalar evinin künclərinə atırlar. İnsanların bir qismi bu işləri törədirlər, digər qismi isə susub tamaşa edir. Heç birimiz vicdan əzabı çəkib onları bu vəziyyətdən çıxara bilmirik. Əksinə hərə öz sahəsində gah dəniz çimərliyində lütləşir, abır-həyasını müqəddəslik kəsərindən salır, gah zina edir, gah da Allahın xəlq etdiyi düzgün bədən quruluşunu dəyişdirirlər, gözəl sifət cizgilərini pozub, estetik əməliyyatları aparıb özlərini eybəcər cildlərə salırlar və sairə. Bütün varlıqları yoxluqdan yaradan Allahın canlı əsərinin başına oyunlar açıb yerlə-yeksan edirlər. Sonra da deyirlər ki, Allah bizi bəsbəxt yaradıb, zülmlərə düçar edib. Halbuki insanların dinc və salamat yaşaması üçün Allah-təala kamil Peyğəmbərlər vasitəsilə müqəddəs kitablar göndərdi bizə doğru yol, davranış, yaşayış qaydalarını göstərdi və öyrətdi. Lakin biz özümüz qanunu pozub, kim harada fürsət tapırsa ordaca qanunsuz zina edib, insana xas olmayan fəsadlar törədib, həm vələdi-zina doöulan körpələri, həm də cəmiyyəti korlayırıq. Allah-təala insanı, cin-şeytan və heyvandan üstün yaratdı. İnsana xas olan davranış qaydaları məsələn, kəbin, ev-avadanlıq, əkmək-becərmək, ata-ana-övlad bir-birini tanıması və sairə kimi şeyləri halallaşdırıb, qanunlaşdırıb ki, insan öz müqəddəslik kəsərində qalsın. Çünkü, Quran, insan, bərəkət, Allahın məqamından, Ərş-Əlanı, Cənnəti görüb gəliblər.
İndiki zamanda bu gün ailə qurub, sabah nigah pozanlar, şeytan qanununa qulluq edirlər. Ata-ana-bala atanlar, şeytana qulluq edənlər yəqin bilsinlər ki, müvəqqəti çəkdikləri bu kef-ləzzət, min illərlə odda yanıb, yenə də təzədən dirilib od tutub yenə yanarlar, yəni onlara ölüm olmaz ki, ölüb canları qurtarsın. Necə ki, Həzrət Əli əleyhissalamın qatili İbni Mülcəmin əzabı kimi hər vaxt əzabda olarlar.
Həzrət Əli(ə.s)-ın qatili İbni Mülcəmin Bərzəx əzabı.
"Nurul-Əbsar" kitabında Seyyid Mömin Əbülqasim ibni Mühəmməddən rəvayət edib dedi:
Məscidul-Həramda(Kəbədə) İbrahim(ə.s) məqamında bir dəstə adamın yığışdığını gördüm. Səbəbini soruşdum, dedilər ki, bir rahim(məsihi) müsəlman olub, Məkkəyə gəlib.Gördüm ki, yun paltar geymiş, başına yun papaq qoymuş cüssəli bir şeyx oturub danışır:
"Aralıq dənizinin kənarında mənim bir ibadət-gahım vardı. Bir gün dərya kənarında bir kərkəs(quzğun) gördüm, uca qayaya qondu. Orada olan bir kişinin bədənindən bir parça qoparıb uçdu. Sonra qayıtdı, yenə əvvəlki kimi onun bədənindən bir tikə qopardı, dörd dəfə bu dəhşətli səhnə təkrar oldu. Sonra həmin kişi qalxıb kamil adam oldu dirildi, parçalanmış bədəni bütövləşdi. Sonra quş qayıtdı, hər şey təzədən təkrarlandı. Mən heyrətdə idim. Gördüklərim nə idi? Bu kişi kimdir? Təəssüfləndim ki, niyə ondan heç bir şey soruşmadım. İkinci gün hadisə yenə təkrarlandı. Həmin kişi parçalanıb, sonra qalxıb bütövləşəndə mən dərhal ibadətgahımdan çıxıb kişinin yanına qaçdım. Onu Allaha and verdim ki, sən kimsən, dinmədi. Dedim: Səni Yaradana and verirəm, axı, sən kimsən? Dedi: Mən ibni Mülcəməm. Dedim: Bu quşla olan əhvalatın nədir? Cavab verdi: Mən Əliyyibni Əbutalibi(ə.s) öldürdüyüm üçün Allah-təala məni bu quş vasitəsilə gördüyün əzaba düçar edib. Mən ibadətgahı tərk edib, Əliyyibni Əbutalibi(ə.s) soraqlamağa getdim. Dedilər ki, Həzrət Əli(ə.s) Həzrət Mühəmmədin(s.ə.s) əmi oğlusu və vəsisidir. Dərhal mən İslamı qəbul etdim və Allahın evinin ziyarətini və Peyğəmbərin(s.ə.s) qəbrinin ziyarətinə gəldim...
Bu olan hədisi yazmaqda məqsədim insanları qəflət yuxusundan oyatmaq, maraqlı əyləncələrdən ayırmaq, həqiqətləri anlatmaqdır, onu bilin ki, Allah-təala bu canlı insan əsərini, bu gözəl möcüzəli aləmləri yaratmaqda hikmət var. O, Böyük, Uca-Zatdan qorxun, həya edin, ehtiramla davranın. O, Böyük Varlıq bu qədər möcüzəli aləmləri, içindəki mövcudları əyləncə və oyuncaq üçün yaratmayıb ki, kef-ləzzət çəkib gözəl dünyanı çirkaba bulaşdırasınız. Məgər sizi bir səhmanı evə, alicənab ailəyə qonaq dəvət edirlər ki, gedin onların səhmanlı evini dağıdın, zir-zibilə bulaşdırın, nəlayiq sözlər danışıb, hərəkətlər edib o cür alicənab ailənin səhmanını pozasınız? Və sairə...