Ayy Vicdan alan!.. Ayy Vicdan alan!... Tərtəmiz Vicdandan qalmadı. Eh bu millətə nə olub e? Gül kimi Vicdan satıram, alan yoxdu. Görəsən niyə?! Hmmçox maraqlıdır. Bütün ömrüm boyu bu işdə işləmişəm,müştərimsə həmişə barmaqla sayılacaq qədər olub. Nə yaxşı ki, dostlarım var bu "Dünya" bazarında. Heç olmazsa darıxmağa qoymurlar məni. Odur ee Ədalət satan, Dürüstlük satan, saf niyyət satan da mənim günümdədirlər. İldə ,ayda bir alıcımız olur, o, da ancaq prokata götürür. 5-10 gün sonra ya tam qaytarır, ya da yarımçıq. Ay balam, belə də olmaz axı!..Az qalıram yazım vurum "Alınan Vicdan geri qaytarılmır". Neynim ee daha?! Camaat heç təmiz Vicdanı almaq istəmir, bəs ləkələnmiş Vicdanı kim alacaq?!...
Hələ görün o gün nə olub. Bir məmur aldığı Vicdanı gətirib çırpdı başıma. Deyir, mənə belə Vicdan lazım deyil. Mən də soruşdum ki,bəs ay başına dönüm, sənə necə Vicdan lazımdı? Deyir, mənə elə Vicdan ver ki, rüşvət alanda üzü qızarmasın. Hələ üzünün qızarmağı cəhənnəmə, gecə yatmağa da imkan vermir. Ehhmənim dərdim böyükdən də böyükdü. Belə hallar o qədər olur ki, saymaqla tükənməz. Gah müəllim gəlib Vicdanı qaytarır ki, o vaxt cavan idim,başımı aldadıb satdın mənə bu Vicdanı. Mənə elə Vicdan ver ki,məni bayramlarda təbrik edən, tapşırılan uşaqlara o birilərdən yüksək qiymət yazanda əsəblərimi korlamasın!..Gah mühəndis gəlir ki, satdığın Vicdan mənə evimi tikib qurtarmağa qoymur.
Mən də soruşuram ki, axı o necə olur? Deyir, Vicdan mənə işlədiyim yerdən tikinti materialları gətirməyə imkan vermir. Bəs mən indi neyləyim, axı tikdirdiyim 4-cü evin damını vurdurmalıyam.Bu zəhrimara dönmüş Vicdanı alana qədər 3-nü rahatca tikib bitirmişdi!..Gah da hakim üstümə yüyürür ki, sənə nə deyim mən ay Vicdan satan! Belə də Vicdansızlıq olmaz axı! Bu Vicdan məni məcbur eləyir ki, ədalət də alım, düzgünlük də. Sən yəqin özün bunu belə öyrətmisən ki, dostlarının da gəliri olsun ,hə? Ayıb olsun sənə, ay Vicdansız!
Mən axı neyləyim, ay sizə qurban olum? Başıma haranın külünü töküm? Hamı qeyri-adi, ferqli bacarıqları olan Vicdan istəyir. Kimisi oğurluq etməyi bacaran Vicdan, kimisi yalan danışan Vicdan, kimisi rüşvət alan VicdanAxı Vicdan dəyişməzdir, eynidir. İndi mən bunu necə başa salım bu millətə?!..ofofAa.. deyəsən bu yaxşı müştəriyə oxşayır. Ayy Vicdan alan!.. Gəl, ayy Vicdan alan!... Təmiz Vicdandan qalmadı. Vicdan satıram...Vicdan satıram...
Yazı tamami ilə mənə aiddir.
Hansısa saytda qoyularkən mənbə qeyd edilsin.