Yalan məlumat verən məktəbli məhkəmə zalından azadlığa buraxıldı
Fevralın 10-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə orta məktəbə bomba qoyulması barədə yalan məlumat verən Abşeron rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şəhriyar Hümbətzadəyə hökm oxunub. Hökmə əsasən, Ş. Hümbətzadə 5 il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, 2009-cu il dekabrın 19-da Ceyranbatan qəsəbəsindəki 1 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Şəhriyar Hümbətzadə Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edərək 1 nömrəli orta məktəbə bomba qoyduğunu söyləyib. Dərhal həmin məktəbə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları məlumatın yalan olduğunu müəyyənləşdiriblər.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində yalan məlumatı verən Ş. Hümbətzadə tutulub.
Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.