İşıq xətlərinin altında yaşayanların 30%-i “Azərenerji”nin işçiləridi

Son güncelleme: 11.02.2010 22:32
  • noimage

    Yaxud, ölümcül "hörümçək toru"nun altındakı həyətlər və həyatlar...

    Fevralın 9-u günorta saatlarında bütün Bakıda və ölkənin əksər rayonlarında elektrik enerjisi kəsildi. Səhəri günü rəsmi açıqlama verildi ki, səbəb Mingəçevirdən Abşeron yarımstansiyasına gələn xətlərin birində, daha dəqiqi, 220 kilovoltluq Xırdalan yarımstansiyasında qəza baş verməsidir. Açıqlamada daha sonra bildirilirdi ki, Azərbaycanın enerji sistemində baş verən qəzanın əsas səbəbi bir neçə gün əvvəl respublika ərazisində olan çovğundur: "Çovğun zamanı "Azərenerji" naqillərin açılmasının qarşısını ala bilsə də, yaranmış zədələnmələri aradan qaldıran zaman ciddi maneələr yaranıb. Belə ki, 1960-cı illərdə tikilən bu xətlərin şəhəri normal enerji ilə təmin etməyə gücü çatmır. Bununla bağlı Asiya İnkişaf Bankı ilə müqavilə imzalanıb və Mingəçevir xətlərinin davamı kimi iki xəttin tikilməsi nəzərdə tutulub. Amma bu xətləri çəkməyin özü artıq böyük problemdir. Çünki xətt çəkmək üçün yol yoxdur, hətta xətlərin altı da tutulub".

    Fevralın 11-də Lent.az-ın əməkdaşı qəza baş verən və "xətlərin çəkilməsi böyük problem olan" ərazidə olub.

    Torpağı bələdiyyə satıb, "uçastkovı" tikintiyə icazə verib

    Müxbir ərazidə yaşayanlarla söhbət edən zaman məlum olub ki, xətlərin çəkilməsi problemə çevrilən yerlər müxtəlif inzibati ərazilərə düşür. Həmçinin, ərazilərin sakinlərə əsasən bələdiyyələr tərəfindən satıldığı bəlli olub. Sakinlərə hətta bələdiyyə tərəfindən sənəd də verilib. Söhbət əhalinin "bağçılıq sənədi" adlandırdığl sənəddən gedir. Lakin torpağı 1996-cı ildə - hələ bələdiyyələr yaranmazdan əvvəl - "kənd soveti"ndən (icra nümayəndəliyi) alanlar da var.

    Hökməli qəsəbəsində yaşayan sakinlərdən olan və evi düz 220 kilovoltluq hava xəttinin altında yerləşən Yusif Nəqiyev torpağı Hökməli bələdiyyəsindən aldıqlarını bildirib: "Torpağı dayım bələdiyyədən almışdı, bizə verdi. Həmin vaxt bir sotun qiyməti 300-400 dollar idi. Biz sotunu 400 dollara almışdıq. Ancaq indi təxminən 10 dəfə bahadı".

    Y.Nəqiyev "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin televiziya kanalındakı çıxışından sonra narahat olduqlarını da bildirib: "Biz neyləyə bilərik ki? Buranı havayı almamışıq, evi tikəndə isə "uçastkovı"nun da (sahə müvəkkili) icazəsini almışıq. "JEK" də bir tərəfdən. Əgər bu evləri sökmək istəyirlərsə, əvvəlcə bizə ya ev, ya da evimzin dəyərində pul versinlər..."

    Onlarda yalnız Hökməli bələdiyyəsindən verilən sənəd olduğunu bildirən sakin əraziyə elektrik, qaz və su çəkildiyini də bildirib: "Ancaq "kupça"mız yoxdur. Ümumiyyətlə, burada heç kimin "kupça"sı yoxdur".

    Yusif Nəqiyev Laçın rayonundan məcburi köçkün düşdüklərini bildirib. Sonradan digər sakinlərlə söhbət zamanı Lent.az-ın müxbirinə məlum olub ki, ərazidə yaşayanların böyük bir qismi Laçın, Qubadlı və digər işğal altında olan rayonlardan gəlmiş məcburi köçkünlərdir.

    Burası çox təhlükəlidi!

    Ərazidən 110, 220 və 330 kilovoltluq yüksəkgərginlikli elektrik xətləri keçir. Burada xətlərdən əsl "hörümçək toru" əmələ gəlib. Ekspertlərin qənaətincə, belə ərazilərdə yaşamaq ani təhlükə ilə yanaşı, sağlamlıq baxımından da olduqca zərərlidir. Belə ki, yaranan biotoklar insan sağlamlığı üçün təhlükəlidir. Bu cür yüksəkgərginlikli elektrik xətti qırılan zaman yarımstansiyadakı avtomat qurğu dərhal işə düşür və elektrik enerjisinin verilişi dərhal kəsilir. Lakin avtomat qurğu işə düşənədək qırılmış elektrikli naqil 5-10 saniyə müddətində 15-20 metr və daha böyük radiusda "oynayaraq", ətraflara çırpılır. 220 kilovoltluq gərginlik keçən naqillərin diametri 45 santimetr, bir metrinin çəkisi isə 1,75 kiloqramdır. Bunlarla yanaşı, naqillərə toxunmadan belə, insanı elektrik enerjisi öldürə bilər. Bunun üçün bir məftil götürüb təxminən iki metr hündürlükdə qaldırmaq kifayətdir. Elə buna görə də qanunvericiliyə əsasən, bu cür yüksəkgərginlikli xətlərin yalnız 250 metrliyində yaşayış məskəni salmaq olar. Bütün bunlara baxmayaraq, ərazidə demək olar ki, bütün xətlərin altı və ətrafı doludur: evlər tikilib. Evlər nömrələnib, qaz, işıq və su xətləri çəkilib.

    Ərazidə yaşayan sakinlərin əksəriyyəti bütün bu təhlükələrdən, xüsusən biotokların ziyanından xəbərsizdir. Lakin onlar hətta xəbərdar olandan sonra da belə, "əlacımız nədir?! Gedib harada yaşayaq?!" kimi ifadələrlə evlərini nəinki gözləyən təhlükə səbəbindən, hətta zorla da tərk etmək fikrində olmadıqlarını bildirib. Onlar günahı torpaq satan bələdiyyə sədrində görüblər. Maraqlıdır ki, sakinlərdən yalnız bir neçəsi bu sədrin kim olduğun bilib: Hökməli bələdiyyəsinin sədri Nemət adlı şəxsdir. Digər sakinlər isə hətta torpaq alsalar belə, bələdiyyə sədrinin adını bilmirlər. Yeri gəlmişkən, hazırda ərazidə torpağın bir sotunun bazar qiyməti orta hesabla 4-5 min manatdır.

    Mayılov soyadlı sakinin də evinin üstündən elektrik xətləri keçir. Maraqlıdır ki, o, ailəsini gözləyən təhlükədən xəbərdardır: "Ancaq başqa əlacımız yoxdur axı..."

    Həmin sakin bir il əvvəl 1,5 sot topaq aldığını və burada ikimərtəbəli ev tikdiyini bildirib. Evin təmiri hələ tam qurtarmasa da, artıq ümumilikdə 20 min manat xərc çəkilib.

    Başqa bir sakin isə torpaqla ev tikintisinə nə qədər xərc çəkdiyini deməsə də, hazırda evi 70 min manata satışa çıxardığını bildirib.

    Bu da "Azərenerji"nin işçiləri

    Hazırda "Azərenerji" ASC-nin 5 nəfər mühafizəçisi Bakı-Şamaxı yolunda Xırdalan yarımstansiyasının qapısına gedən yolda duraraq əraziyə nəzarət edir. Yarımstansiyanın qapısı ağzında da bir neçə nəfər mühafizəçi var. Söhbət zamanı o bəlli olub ki, onlardan biri - Famil İsayev yerli telekanallardan biri ilə yaranan insidentin şahidlərindəndəndir. O, bizə də qapının ağzında fotoçəkiliş aparmağa icazə verməyib: "Gedin mənim evimi çəkin. Odey, ordadı".

    F.İsayev evinin ötürücü stansiyadan təxminən 50 metr aralı olduğunu bildirib. Lent.az-ın əməkdaşının apardığı müşahidələrə görə, F.İsayevin evi 220 kilovoltluq xəttin altındadır. Sonradan isə digər sakinlərlə söhbət zamanı əslində ərazidə yaşayanların təxminən 30-40%-inin "Azərenerji" ASC-nin, daha dəqiqi "Azərenerji"-nin sifarişlərini yerinə yetirən "Azenko" ASC-nin işçiləri olduğu üzə çıxıb. Adının çəkilməsini istəməyən ASC işçilərindən biri bunu belə izah edib: "Burada 15 ildən çoxdur ki, evlər tikilir. İnsanlar da həmişə yaşadığı əraziyə yaxın yerdə iş axtarır. Ona görə də burdakı idarədə iş yerlərinin çoxluğunu görən əhali ora üz tutub".

    "Azenko"nun işçiləri özlərini "Azərenerji"nin işçiləri sayır. Onlardan biri hətta xətlərin yenidən çəkilməsi üçün çıxış yolu da təklif edib: "Mən təklif edirəm ki, evlər qalsın, sökülməsin, yeni xətlər başqa yerdən çəkilsin".

    Maraq üçün bildirək ki, "Azenko" ASC-nin 7 min işçisi var. Onların böyük bir qismi isə yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yaşayır.

    "Azenko" ASC əvvəllər "Azərenerjitikinti" MMC olub. Həmin vaxt qurum "Azərenerji" ASC-nin strukturuna daxil imiş. "Azərenerjitikinti" MMC-nin yenidən təşkili zamanı "Azenko" ASC təsis olunub. Bu ASC elekrtoenergetika sahəsində ən iri tikinti-quraşdırma şirkətlərindəndir. Hazırda "Azenko" ASC-nin əsas podratçısı "Azərenerji" ASC-dir.


    Sonda

    Biz ərazidə olarkən sakinlər ən çox yolların palçıqlı olmasından şikayətləndilər. Bu onu göstərir ki, sakinlər nəinki kompensasiya gözləyir, heç kompesasiya ilə də evlərini tərk eləmək istəmirlər...

    Pərvin ABBASOV

    P.S Ərazidə o qədər elektrik xətti var ki, hətta qəbiristanlıq da yüksəkgərginlikli xətlərin altında yerləşir...

    Qaynaq:LENT.AZ
#11.02.2010 22:32 0 0 0