Günlərin biri Peyğəmbər (s.ə.s) qapımın zəngini çaldı, tələm-tələshik qapıya tərəf yüyürüb açdım və onun əlindən öpmək istədim. Amma buna mane oldu. Dəvətimi qəbul edib otağa daxil oldu. Divanda oturmasını xahiş etdim, amma yerdə bardaş qurub oturdu. Nə edəcəyimi bilmirdim, diz üstə çöküb qarşısında oturdum. Bir xeyli bir-birimizə nəzər saldıq. Sonra məndən soruşdu:
«Namazlarını qılmısan?». Dünya başıma fırlandı, utana-utana «Sübh namazını qəzaya verdim, günortanı namazını isə işdə olduğumdan qıla bilmədim, indi qılmaq istəyirdim». Buyurdu: «Saatdan xəbərin var? Səhabələrim gecələrini ibadətlə keçirər, gündüzlər isə qızmar günün altında əkinçiliklə məşğul olardılar. Saatları olmasa da namazlarını qəzaya verməzdilər».
Sonra ailə vəziyyətimi soruşdu: «Ailəliyəm, bir uşağım var, tərbiyəçi elə indi gətirəcək. O, uşağın həm tərbiyəsi ilə məşğul olur, həm də ingilis dilini öyrədir» dedim. Təəccüblə soruşdu: «Bəs anası nə işlə məşğuldur?» Dedim: «O, xarici şirkətdə işləyir, indi xaricdə məzuniyyətdədir». Soruşdu: «Uşağa Quran öyrətmisən?». Cavab verdim: «Axı, buna vaxtım olmur, tərbiyəçi də rusdilli olduğundan öz dilimizi öyrətməyə belə çətinlik çəkirəm». «Xanımın hicab bağlayır?»- deyə sual etdi. Dedim: «Ya rəsulullah, o müsəlman deyil». Dedi: «Necə? Müsəlman deyil? Məgər Quranda müsəlmanın qeyri-müsəlmanla evlənməsinin haram olduğunu bilmirdin?»
Sonra soruşdu: «Ata-ananla, bacı-qardaşlarınla əlaqən var?» Dedim: «Üç ay bundan əvvəl bayramlaşmağa getmişdim, vaxtaşırı telefonla əlaqə saxlayırıq. Amma o birilərini çoxdandı görmürəm». Buyurdu: «Məgər Quranda ata-analarınızla gözəl davranın, onlara xoş sözlər deyin ayəsini oxumamısan?».
Soruşdu: «Oruc tutursan? Həccə necə, getmisən?». Dedim: «Düzünü desəm, aclığa heç dözümüm yoxdur, amma hər Ramazan ayı üç gün oruc tuturam. Həccə isə özüm getməsəm də hər il bir-iki nəfəri göndərirəm». Buyurdu: «Məgər Quranda hər iki hökmün üzürsüz olaraq tərk olunmamalı olduğundan xəbərin yoxdur?». Öz-özümə dedim: «Əgər qazancımın xümsünü soruşsa nə deyəcəyəm?». Peyğəmbər (s.ə.s) sanki ürəyimi oxudu. Başını bulayıb buyurdu: «Yəqin ki, qazancının artıq qalan hissəsini də banklara yatırıb üzərinə gələn faizlərlə artırırsan». Bir söz deyə bilmədim.
Qalxıb getmək istədi. Qalmasına nə qədər israr etsəm də, razı olmadı. Qapının kandarında gözüyaşlı halda buyurdu: «Mən sizə belə bir din qoyub getdimmi? Qiyamət günü Kövsər hovuzunun kənarında mənim qarşıma gəldiyiniz zaman sizə necə şəfaət edim? Məgər Allah-Təala siz müsəlmanları ən xeyirli ümmət adlandırmadı? O, Öz kitabında sizdən Özünə, mənə və içinizdən olan ixtiyar sahiblərinə tabe olmasına dair əhd-peyman almadı? Məhşərdə əlinizə Quran verildiyi zaman nə oxuyacaqsınız, özünüzü hansı ümmətə aid edəcəksiniz?» Bunu deyib qapını örtüb getdi.
Ömrümdə olmadığım peşmançılıq içində yuxudan oyandım. Nə yaxşı ki, bütün bunlar yuxu idi.