Ailə qurarkən nəyə diqqət etməli

Son güncelleme: 17.02.2010 00:07
  • Biz insanların iman etməsi üçün ehtiyac duyduğumuz hər cür nemət verən Allaha həmd olsun! Allahın salamə və xeyir-duası peyğəmbərlərin sonuncusu Hz. Məhəmmədin, ailəsinin, səhabələrinin və onların yolunu gedənlərin üzərinə olsun!

    Mərhəmətlilərin mərhəmətlisi olan Allah bizə həyatın hər sahəsində olduğu kimi, ailə həyatına da dair ən doğru yolu Quranda göstərmişdir. Dünya tarixinin şahid olduğu ən qüvvətli və davamlı ailə həyatında islam qaydalarını hakim edən müsəlman ailəsi olmuşdur. Buna başlıca səbəb ailə üzvlərindən hər birinin zərrə qədər yaxşılığın ona savab qazandıracağına, həmçinin, haqsızlıq və günahdan dolayı da məsuliyyət daşıyıb Allah qarşısında hesab verəcəyinə tam əmin olmasıdır.

    Dinimizi düzgün anlamayan, yaxud bildiyini həyatına hakim etməyənlər ailə həyatının gözəlliklərindən məhrum qalır və ciddi problemlərlə qarşılaşırlar. Bəziləri isə baş verən xoşagəlməz halların səbəbini dində axtarırlar. Halbuki Allahın dini nöqsandan uzaqdır, kamildir. Nöqsan onu lazımı şəkildə həyata tətbiq etməyən müsəlmanlarda və onların tətbiqi formasındadır. Hər bir müsəlman dinini doğru şəkildə öyrənmək və onu olduğu kimi yaşamağa çalışmaqda öhdəçidir.

    Dinin (həyatın) ayrılmaz bir hissəsi də ailə həyatı və onunla bağlı hökmlərdir. Bəzilərinin düşündüyü kimi ailə qurmaq, dünyada bir iz buraxmaq həyatın məqsədi, qayəsi deyil. İnsanın yaradılış məqsədi ailə qurmaq kimi ucuz və dəyərsiz şey olmaqdan daha ucadır. Bunun ucuz və dəyərsizliyi bir çox yöndəndir. Bu yönlərin ən mühüm iki səbəbindən biri ailə həyatının fani dünya həyatı ilə sərhədli olmasıdır. Digər səbəbi isə insan həyatının qayəsi o qədər ülvi və müqəddəsdir ki, hər bir şey nə qədər dəyərli, böyük, qiymətli olsa belə bu qayənin ucalığı, böyüklüyü ilə müqayisədə, onun kölgəsində itib bir heç olur. Nədir insan həyatındakı bu uca, müqəddəs qayə? Allah bu barədə Quranda belə xəbər verir:

    "Mən cinləri və insanları yalnız Mənə ibadət etməkdən başqa bir şey üçün yaratmadım" (əz-Zariyat, 56).

    Ayədə bildirilən Allaha ibadət Onun göndərdiyi dinin (islamın) gətirdiyi qanunlara uyğun yaşamaq, Onun hökmranlığını qəbul etməklə olur. Bu da öz növbəsində insana rəbbinin rizasını qazandırır. Allahdan başqa kimsə buna layiq deyil!

    Bu müqəddəs amalı həyatının qayəsi edən hər bir müsəlman məqsədinə çatması üçün həyatda üzləşəcəyi bütün imkanlardan yalnız bir vasitə kimi istifadə etməlidir. Bunun anlaşılması üçün bir yerə qalxmasından dolayı üstünə ayaq basıb yüksəldiyi pilləkəni vasitə kimi istifadə edən insanı misal vermək olar.

    İnsan həyatında mühüm rol oynayan ailə həyatı da bu vasitələrdən biridir. Bu səbəbdən demək olar ki, evlənən müsəlmanların əsas məqsədi Allahın rizasını qazana bilmək üçün bu yolda yardımlaşmaq, Allah üçün sevmək və sevilmək olmalıdır.

    Peygəmbər (s) belə demişdir: "Qüdrətli və Uca Allah buyurur: "Mənim üçün biri-birini sevənlər üçün axirətdə nurdan olan minbərlər vardır. Onlar o minbərlərin üstündə oturacaqlar. Hətta peyğəmbərlər və şəhidlər belə onlara qibtə edəcəklər" (Tirmizi. Zöhd 53, (2391)).

    Ailə qurarkən diqqət ediləcək məsələlər

    Niyyət: niyyət hər bir işin başı və ən mühüm hissəsidir. Çünki əməllərin mahiyyətinin nə olduğunu niyyət formalaşdırır. Əməlin yaxşı, yaxud pis, qəbul, yaxud rədd olunmasında ən əsas rol niyyətə aiddir. Niyyət adəti ibadətə çevirər, ibadəti də batil ed bilər. Niyyət Allah üçün olduğu təqdirdə adət ibadətə çevrilər. Belə ki, evlilik bir bəşəri adətdir. Lakin bu, Allahın buyurduğu qaydalara uyğun edilərsə, Allaha itaət (ilahi əmrlərə boyun əymək) olar. Həmin itaət isə ibadət olar.

    Bunun konkret formasına gəldikdə, bütün işlərdə olduğu kimi evlilikdə də niyyəti Allahın rizasını qazanmaq və Allaha yaxınlaşmaq üçün etmək lazımdır.

    Niyyəti bir dəfə formalaşdırmaqla kifayətlənməmək vaxtaşırı və xüsusi ehtiyac doğduqda (niyyət pozulduqda) onu təzələmək lazım gəlir.

    Allaha sığınmaq: evlilik kimi ciddi bir işdə öz ağlına, təcrübəsinə, gücünə, qabiliyyətinə güvənmək, hissi duyğularla hərəkət edib Allahdan qafil olmamaq gərəkir. Bütün məsələlərdə olduğu kimi bu işdə də Allaha sığınmaq, Ondan xeyirlisini diləmək, güc, dəstək, doğru yol istəmək lazımdır.

    İstixarə: Allaha sığınarkən iki rükət istixarə namazı qılıb rəbbindən bu işin xeyirli olmasını istəmək məsləhətdir.

    Peyğəmbərimiz (s) demişdir: "Dua möminin silahı, dinin dirəyi, göylərin və yerin nurudur!" (Kütubi-Sittə. Cild VI. səh. 511).

    Məsləhətləşmə: istixarədən savayı həm imanlı, həm də məlum məsələnin əhli olan insanlarla məsləhətləşmək yaxşı olardı.

    Öz işində Yaradandan xeyir diləyən, mömin insanlarla məsləhətləşən və həmin iş haqqında bacardıqca hər şeyi öyrənən adam peşman olmaz. Çünki Allah təala buyurur:

    "İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!" (Ali-İmran, 159).

    Tanışlıq: ailə quracaq insanların biri-birini tanımasına ehtiyacın olması təbiidir. Buna görə dinimiz kişilərlə qadınların biri-biri ilə qarışmasını qadağan etdiyi halda, evlənmək niyyətində olanlara istisna olaraq bəzi şərtlər çərçivəsində görüşməsinə icazə vermişdir.

    Ailə qurmaq istəyənlər biri-birinə kənardan baxa bildikləri kimi, üçüncü şəxs yanlarında olmaq şərti ilə görüşə də bilərlər. Görüş zamanı onlar dünya görüşləri, yaşayış tərzləri və zövqlərinin nə dərəcədə uyğun olduğunu anlamağa çalışmalıdırlar. Ümumiyyətlə, gələcək ailə həyatına dair məsələləri müzakirə edə bilərlər. Ehtiyac və zərurətin xaricindəki hər bir söhbət qadağandır. "Ehtiyac və zərurətin" ölçüsü haqqında konkret bir söz söyləmək çətindir və bu, insanların insafına buraxılmışdır. Müsəlman üzərində Allahın nəzarətini daima hiss etməli, hər işlədiyi əməl, hər danışdığı sözə görə cavab verəcəyini unutmamalıdır.

    Ailə qurmağa hazırlaşanlar görüşərkən bacardıqları qədər olduqları kimi görünməli və göründükləri kimi olmalıdırlar. Əks halda sonradan problemlərlə üzləşər və bir-birini aldatdıqları üçün qul haqqına girmiş olarlar.

    Tanışlığın digər bir yolu şəxsin anası, bacısı və digər qadınları qızın yanına göndərib onların vasitəsi ilə qadın haqqında məlumat əldə edə bilməsidir. Həmçinin, ailə qurmaq istəyən adam haqqında onu tanıyanlardan maraqlanıb məlumat əldə etmək də olar. Belə olduğu təqdirdə həmin insanlara düzgün məlumat vermək borc sayılır və bu, qeybət sayılmır.

    Qeysın qızı Fatimə (r) Peyğəmbərin (s) yanına gələrək, Əbu Cəhm ibn Hüzeyfə və Muaviyə ibn Əbu Süfyandan hansı ilə evlənməsinin ona daha xeyirli ola biləcəyini soruşduqda, Peyğəmbər (s) belə demişdir: "Əbu Cəhm ipini qadınların üzərindən qaldırmayan (qadınları döyən) birisidir. Müaviyə isə pulsuz (ailəsinin keçimini saxlamaqda aciz) birisidir. Sən Üsamə ilə evlən" (Tirmizi).

    Bəziləri görüşmədən ailə qurmağı imanın yüksəkliyi kimi qiymətləndirirlər. Bəzən sadəcə zahirə baxmaqla yetinirlər. Bu, hər nə qədər icazəlidirsə, Rəsulullahın (s.) tövsiyyəsinə uyğun tərəflərin açıq şəkildə biri-birilərini görüb tanış olmaları daha əfzəldir.

    Muğirə ibn Şöbə bir qadınla evlənmək istədikdə Peyğəmbər (s) ona belə demişdir: "Get, o qadına bax! Çünki belə etmək aranızdakı sevginin davamlılığı üçün daha əlverişlidir" (Nəsai, İbn Macə, Tirmizi).

    Ancaq ailə qurmaq niyyətində olanların görüşüb gəzmələri haramdır. Görüşüb gəzməklə gələcək həyat yoldaşını tanımaq mümkün deyil. Yüzlərlə misal göstərmək olar ki, neçə-neçə qeyri-islam adəti ilə (tanış olmaq, görüşmək, gəzmək və sair...) biri-birini sevənlər ailə qurduqdan sonra ayrılırlar. Hətta onların arasında məktəbli vaxtlarından illərlə biri-biri ilə görüşüb gəzənlərə də rast gəlmək mümkündür.

    Bütün bu faktlar onu göstərir ki, ailənin möhkəmliyi heç də gələcək həyat yoldaşını tanımaq üçün onunla yaxınlıq etməkdən asılı deyil.
#17.02.2010 00:07 0 0 0