20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1978-c ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1989-cu ildə təhsilini başa vurmuşdur. Gültəkin 1992-ci il 4 apreldə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra Şuşa, Laçın, Qubadlıda gedən döyüşlərdə iştirak edir. Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur. Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.
Şuşa, Turşsu, Laçın, Əsgəran, Naxçıvanik istiqamətlərində gedən hərbi əməliyyatlarda onlarla yaralı əsgəri od-alov içindən qurtarıb onlara ilk yardım etmiş Gültəkin Əsgərova döyüşlərin birində düşmən gülləsinə tuş gəlmişdir. Dövlətimiz igid vətən qızına layiq olduğu ən yüksək adı vermişdir. Belə ki, ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə yaralı əsgərlərin həyatının xilas edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə tibb xidməti baş leytenantı, şəhid Gültəkin Əsgərova Milli Qəhrəman adına layiq görülmüşdür.
Kitabda qəhrəman haqqında müxtəlif illərdə qəzet və jurnallarda dərc edilmiş məqalələr və onun igidliyini tərənnüm edən şeirlər toplanmışdır.
Nəfis şəkildə çap edilmiş "Gültəkin" kitabı yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə böyük təkan verməklə yanaşı, xalqımızın qəhrəmanlıq tarixinə yeni bir töhfədir.