APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan əsgər Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Rüstəmov Davud Rüstəmmuradoviçdir.
Qeyd edək ki, D. Rüstəmov bu gün ərzində Azərbaycan Ordusunun şəhid olan üçüncü əsgəridir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun bir neçə istiqamətdə mövqelərini atəşə tutmağa başlayıb.
Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonu istiqamətində atəşkəs pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Fərəcov Xəyal Bəşər oğlu şəhid olub.
Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Fərəcov Xəyal Bəşər oğlu isə ermənilərin açdığı atəş nəticəsində yaralanaraq hərbi hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ermənilərin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində yaralanmış Azərbaycan əsgəri Sahil Novruz oğlu Məmmədov da dünyasını dəyişib.
Tərtər rayonunun Borsunlu, Qapanlı, Goranboyun Tapqaraqoyunlu, Ağdamın keçmiş Gülçülük sovxozu adlanan istiqamətində atışma davam edir.
Başqa bir məlumata görə isə Beyləqan istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha 4 əsgəri yaralanıb.