Xəyal Fərəcovun üzünü görə bilmədiyi körpəsi qalıb
Fevralın 18-də Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonu istiqamətində atəşkəs pozması nəticəsində şəhid olmuş Fərəcov Xəyal Təşər oğlunun cənazəsi doğulduğu Masallı rayonunun Həsənli kəndinə gətirilib. Lent.az-ın məlumatına görə, mərhum bu gün səhər saatlarında kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində Masallı rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon hərbi komissarlığının, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edib.
Xəyal Fərəcov Masallı rayon Hərbi Komissarlığından 2009-cu il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. O, erməni snayperinin atdığı güllədən yaralanaraq hərbi hospitala çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Masallı rayon İcra Hakimiyyətindən bildiriblər ki, mərhumun hüzn mərasiminin keçirilməsi üçün dövlət tərəfindən hər bir lazımi köməklik göstərilib.
Xəyal Təşər oğlu Fərəcov Masallının Həsənli kəndində doğulub. Beş övlad - 2 oğul, 3 qız sahibi olan ailənin ilki olub. O, hərbi xidmətə getməmişdən 3 ay qabaq ailə həyatı qurub. Onun üzünü görə bilmədiyi körpə oğulu doğulub.
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 18-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması və atışmalar nəticəsində Azərbaycan Ordusu 3 şəhid verib, 2 əsgər isə yaralanıb.