Martın 2-də "Buta Palace"-da "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün milli final konserti keçiriləcək.
Bu barədə APA-ya "Eurovision" üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəyli bildirib.
Z. Bədəlbəyli deyib ki, milli final tam "Eurovision" party formasında təşkil olunacaq. Finala vəsiqə qazanmış üç namizəd - Məryəm Şabanova, Səfurə Əlizadə və Milk&Kisses qrupu Azərbaycanı Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci "Eurovision" müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparacaq. Onlar 5 əcnəbi bəstəkarın Kiyevdə yazdırdıqları mahnılarını milli münsiflərin və tamaşaçıların qarşısında nümayiş etdirəcəklər. Məhz martın 2-də bu ilin mayında keçiriləcək "Eurovision-2010" mahnı yarışmasında Azərbaycanı təmsil edəcək musiqiçi və onun ifa edəcəyi mahnı müəyyənləşəcək. Musiqi koordinatoru gecənin musiqili qonaqlarının olacağını da deyib.
Qeyd edək ki, fevralın 2-də Azərbaycan təmsilçisinin seçilməsi üçün milli yarımfinal keçirilib. 6 namizəd arasından 3-ü həmin gecə finala vəsiqə qazanıb.