Xuraman Şuşalı - sənətdən uzaqlaşmaq istəyirəm

Son güncelleme: 19.02.2010 08:26
  • noimage

    "O vaxtlar getdi artıq, kimsə kiməsə pul xərcləsin"

    Müğənni Xuraman Şuşalının Lent.az-a müsahibəsi

    - Adətən bəxtsizlikdən şikayətlənirdin. Bu dəfə deyəsən şeytanın ayağını qırmısan...

    - Yox, tam demək olmaz. Rusiyada klip çəkdirmək istəyirdik, alınmadı. Rejissorlar mənə şübhəli göründülər. Ona görə də onlara klip çəkdirmədlim.

    - Nə mənada şübhəli?

    - Fikirləşdim ki, mən istədiyim effekti onlar verə bilməyəcəklər. Rejissor rejissordur. Azərbaycan klip standartları səviyyəsində kliplər çəkiləcəksə, elə özümünkülərə xeyir verərəm də. Pulu öz vətənimdə xərcləyərəm. Ona görə də bir az şübhəli gəldi. Özümdə sual yarandığına görə çəkdirmədim.

    - Orada sənin işlərinlə kim məşğul olur?

    - Orda işlərimlə keçmiş prodüserim Diana məşğul olur, indi Moskvada yaşayır. "Ola bilməz" mahnımı yazan Nadir onun həyat yoldaşıdır.

    - Maliyyə məsələlərində də o kömək edir? Çünki sən həmişə şikayətlənmisən ki, mənim o qədər də çox pulum yoxdur.

    - Yox, mən neçə vaxtdır reklamıma pul xərcləmirəm. Öz pulumla. Heç kimin pulu ilə yox. Bu dəqiqə kimdir kimə pul verən? O vaxtlar getdi, artıq kimsə kiməsə pul xərcləsin. Bu dəqiqə böhrandır. Hər kəs özünü güc-bəla ilə dolandırır. Pulu olan da pul vermək istəmir.

    - Böhran olsa da, deyəsən sənin pulun var, ölkələr gəzməyə...

    - Şükür. Toylarım var, qazancım var. Ağlamıram, nə də demirəm ki, çox pulum var.

    - Adətən müğənnilər özlərinə seçimli bir iş, hit mahnı ilə uzun müddət tamaşaçıda təəssürat yaradıb, sonra səhnədə yerlərini möhkəmləndirirlər. Sənin təəssürat yaradan işin hansı olacaq? Çünki neçə illərdir cəhd göstərirsən, lakin belə görünür, istədiyin nəticəni ala bilmirsən.

    - İnşallah, bu il düşünürəm ki, istədiyim yeri tutacam. Bu il çox inadlıyam. Əvvəllər bu qədər də inadlı deyildim. İndi sənətimə elə ötəri yanaşmıram.

    - Səni nə hərəkətə gətirdi?

    - Nə bilim. Fikirləşdim ki, düzünü deyim... bəzi adamların özündən razı olmaqları. Hər kəsi öz yerində oturtmaq istədim. İnsan sadədirsə, o demək deyil ki, tapdalayıb keçəsən? Yox! Sadəliyə hörmət etmək lazımdır. Görürəm ki, yoox, bəzi insanlara çatmır. Tapdalayıb gəzmək istəyirlər. "Caan", "başına dönüm"lə danışanda fikirləşirlər ki, elə belə də olmalıdır, onu tapdalamaq lazımdı. Daha demirlər ki, o insandır. İnsanlığını, səmimiyyətini göstərib elə edir. Ona görə də gərək inadlı olub, yerini kiməsə verməyəsən.

    - Kimsə özündə razı olduğuna görə sən sənətdə fəaliyyətə başladın?... Çox ağlasığmaz səbəbdir.

    - Yox. Tək bu səbəb deyil.

    - Bəs nədir səbəb?

    - Bir çox səbəblər var.

    - Axı sən heç vaxt həvəssiz olmamısan.

    - İndi fikirləş ki, əvvəlkindən üçqat həvəsliyəm. Bəlkə də min qat artıq inadlıyam. Bir müddət əvvəl məndə işləməyə də həvəs yox idi. Bir növ həvəsdən düşmüşdüm.

    - Bəlkə də həyatında sənə stimul verən nə isə yaranıb?

    - (Gülür).Yox.. yox-yox! Elə bir stimul yoxdur.

    - İndi çox fərqli Xuraman danışır. İnanmıram bunun sənətlə bağlılığı olsun...

    - Ola bilsin, əvvəllər bu dərəcədə ambisiyalı olmamışam. Mən özüm bilirsən necəyəm? Elə bil ki, yatıb yuxudan ayılmışam. Özümə qiymətsiz yanaşdığımı görmüşəm. Elə bil qış yuxusuna getmişdim.

    - Hansı səhvlərini düzəldəcəksən?

    - Yox, səhv deməzdim. Bu da mənim həyatımdı. Mən etmişəm. Deyirlər, keçmişə baxınca, irəliyə ümidlə bax. Heyfsilənmirəm. Belə oldu. Eybi yox. Buna görə insan özü-özünə cəza verməməlidir. Keçdi. İrəlidə etdiyim səhvləri boş buraxmaq lazım deyil.

    - Bu dəfə uğursuzluqla üzləşsən, səni nəticə həvəsdən salmayacaq ki? Yenidən evə qapanma olmayacaq?

    - Yox, qətiyyən! Təki ölüm-itim olmasın. Qol-qanadamı əzizlərimlə sındırmasın. Mən daha da güclü olacam. Mən psixoloji olaraq bu işlərə hazıram.

    - Özünü harda görürsən? Məşhur olub sevilən kimi hansı postu, kimin yerini tutacaqsan?

    - Ad açıqlamıram. Arxı "hoppanım", sonra özünüz görəcəksiniz, inşallah!

    - Haqqında belə düşüncə də var ki, səndə faktura , işıq yoxdu. Maddiyyatdan əlavə müğənninin "işığı" da olmalıdır.

    - Faktura nəyə deyirsiniz, qurban olum sizə? Bu dəqiqə səhnədə ulduz, özünə bir nömrə deyənləri də görürük, məni də! Mən özümü heç kimdən əskik bilmirəm. Əksinə, artıq bilirəm.

    - Hansı keyfiyyətlərinlə artıqsan?

    - Səmimiyyətimlə, düzgünlüyümlə, halallığımla, çox şükür. Yox, demirəm ki, kimdənsə artığam. Heç kimi özümdən əskik bilmirəm. O günaha özümü batırmaram. Hamımızı Allah yaradıb. Sadəcə, nə bilim... heç kimi təhqir edib özümü ucaltmaq istəmirəm. Əstəğfürullah, qəti!

    - Bax, Röya səhnədə sərhədsiz, komplekssiz rəftarı və zarafatları, üstəgəl fərqli tembri, Natəvan cazibədarlığı, Elnarə gülərüz və ailəcanlı olması ilə qəbul olundu. Hərəsinin özünəxas və sevdirən xüsusiyyətləri var. Sən hansı xüsusiyyətinlə və səsinlə o istədiyin nöqtəyə çata biləcəksən?

    - Çox adam məni səmimiyyətimə görə sevir, çoxları deyir şirinsən. Bəlkə də o adını çəkdiyiniz xanımları da bir digərləri başqa cür təqdim edir, başqa cür söz deyirlər. Mən özümü heç kimə oxşatmaq istəmirəm.

    - Adətən sənin danışıq tərzin, ədaların kənardan hiddətləndirir. Bunun fərqində olmusan?

    - Qəti şəkildə. O adamların xoşuna gələ bilmərəm ki, özlərindən razıdırlar, qarşı tərəfi heç kim bilirlər. Qarşı tərəfə yuxarıdan aşağı baxırlar. O adamlarla bizim nə işimiz var? Məni bəyənməkləri mənə lazım deyil! Məni insani keyfiyyətləri yüksək olan adamların bəyənməkləri lazımdır. Pis insan elə belə də qalacaq. Onun qəlbinə girməyim, məclisində iştirak etməyim, ondan qazanc əldə etməyim mənə lazım deyil. Mənim ruhumu, səmimiyyətimi görən insanların sevgisi mənə lazımdır. Elələri qoy məni bəyənməsinlər.

    - Hər insanın öz zövqü düşüncəsi var. Bəlkə yaxşı adamdı, amma səni bəyənmir də...

    - Eybi yox. Allah canının sağ eləsin, bəyənmir, bəyənməsin də. Eybi yox.

    - Bir müddət ibadətə çox meyl edirdin. Hətta başını da bağlamaq istəyirdin.

    - Allah qismət eləsin, hamımıza vacib buyurulub. Onu hər bir müsəlmanın borcudur etsin. Heç nə demirəm. Bu barədə çox danışmaq istəmirəm. Qorxuram deyərlər ki, islamdan istifadə edir, "piar" edir. Elə şeylər var ki, borcumuzdu.

    - Belə çıxır ki, gələcəkdə səni hicabla görmək olacaq.

    - Qismət... Allah qismət eləsin!

    - Sənətdə belə qərarlısansa, şəxsi həyatında da qərarlar vermiş olarsan. Ailə qurmağa da həvəslənirdin. Maneələr olurdu.

    - Şəxsi həyatımda olan uğursuzluğuma görə şükür deyirəm. Allaha şükür! Allah özü məni qoruyub. Boş yerə deyilmir, nə olur, yaxşılığa doğru olur.

    - Sən nə deyirsən de, torbada pişik var.

    - Bu pişiyi torbada çox saxlamaq olmaz ki, gec-tez ortaya çıxacaq...(Gülür). Olduqca gözəl mahnılarım var. Elə vaxt olurdu, studiyaya girirdim, oxumaq istəmirdim. Hətta bir müddət oxumaq istəmirdim. İndi sözümü deyib sonra sənətdən uzaqlaşmaq istəyirəm. Təki mən sənətdə sözümü deyim. Çünki bu etibarsız, vəfasız sənətdir. İnsan sözünün mənası "unutqan" deməkdir. Daha bu sözdən sonra həyatdan nə gözləyəsən?

    - Bilmək olmaz. Bəlkə populyar olandan sonra nəfsinin qurbanı olub getmək istəmədin.

    - Ondan da qorxuram. İnşallah ki, nəfsimin qurbanı olmaram. Çünki nəfsimizdi elə bizi bu günə salan! Nəfsimizdi bizi oxumağa məcbur edən. Bəlkə də oxuyanda çoxları bu müsahibəni başa düşməyəcəklər. Ən böyük cihad da nəfslədir. İnsan nəfsinə güc gəlsə, ən böyük savabı əldə etmiş olacaq. Yeməkdə də, geyimdə də. Hər şeydə...

    - Özünü təsdiqləyəndən sonra səni imanlı bir adamla evli görməyəcəm ki?

    - Ay nə gözəl! Mənim ailə qurduğum insan mömin olacaq. İbadət əhli olmayan insanla qəti şəkildə ailə qurmaram. Bu sahədə elm alıram. Ona görə çox çətindir. Düz deyirlər, iki qoçun başı bir qazanda qaynamır.

    Leyla
#19.02.2010 08:26 0 0 0