8 Mart - ənənəyə görə bu gün qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 Mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.
Beynəlxalq Qadınlar Günü Azərbaycanda
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Ədalət naminə demək lazımdır ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib. Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Respublikanın 85 rayonundan 2-nin icra başçısı, 22-nin isə icra başçısının müavinlərindən biri, Milli Məclis üzvlərinin 13-ü, iki komitə sədri, ombudsman, iki nazir müavini qadındır. Ali və apellyasiya məhkəmələrinin sədrləri də yaxın keçmişimizdə zərif cinsin nümayəndəsi olub. Amma çox təəssüflər olsun ki, bu gün biz bu göstəricilərə işğal olunmuş torpaqlarmızdan əsir götürülən qadınlarımızın siyahısını da əlavə etməli oluruq. Rəsmi məlumata görə, erməni əsirliyində 233 azərbaycanlı qadın, 71 uşaq var.
Bəlkə də elə bu səbəbdəndir ki, qadınlarımız 8 Martı əvvəlki təntənə ilə qeyd edə bilmirlər.