Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyindən verilən məlumata görə, bizim vətəndaşlar əsasən Hollandiya, Almaniya, İsveç, Rusiya və Türkiyəyə üz tutmağa üstünlük verirlər.
Azərbaycanda miqrasiya prosesindən söhbət açdıqda bütün dövlət və qeyri-dövlət təşkilatları, beynəlxalq qurumlar ölkəmizdən köçüb gedənlərin sayının artdığını bildirirlər. Lakin real vəziyyəti özündə əks etdirən göstəriciləri heç kim ortaya qoya bilmir. Azərbaycanda miqrasiya barədə rəsmi informasiya isə Dövlət Statistika Komitəsinin göstəricilərinə əsaslanır və təbii ki, reallıqla uzlaşmır. Göstəricilərə əsasən, 1990-cı ildə Azərbaycandan gedənlərin sayı 137 min 900, gələnlərin sayı isə 84 min 279 nəfər olub.
Son 10 ildə həm gedənlərin, həm də gələnlərin sayında azalma tendensiyası müşahidə edilir. Belə ki, 2000-ci ildə ölkədən gedənlər 9 min 947, gələnlər isə 4 min 361 nəfər təşkil edib. Həmin tendensiya 2001-ci ildə də qalıb. 2001-ci ildə xaricə gedənlər 7 min 288 nəfər olub. Onların 3 min 33-ü kişilər, 4 min 255-i qadınlardır. Həmin şəxslərin 36 faizini cavanlar təşkil edib.
Azərbaycanda və digər postsovet ölkələrində miqrasiya prosesi SSRİ dağıldıqdan sonra özünü büruzə verməyə başlayıb. Bu da siyasi-iqtisadi vəziyyətin gərginləşməsindən və çoxlu sayda qaçqınlar ordusunun yaranmasından irəli gəlib. Müxtəlif Rusiya mənbələrinin məlumatına görə, son illər Rusiyaya 2 milyon 500 minə yaxın azərbaycanlı gedib. Son 4 ildə isə Moskva Şəhər Daxili İşlər İdarəsi Rusiya paytaxtında və onun ətrafında 800 min azərbaycanlını qeydiyyata alıb. Bundan başqa, 200 mindən çox azərbaycanlı hazırda Sankt-Peterburqda yaşayır. Həmçinin soydaşlarımız Rusiyanın regionlarında da məskunlaşıblar. Xüsusilə də İrkutsk vilayətində onların sayı 17 min nəfərdən çoxdur.
Daimi yaşayış yerini dəyişənlərdən savayı, Rusiyaya müvəqqəti işləməyə gedənlər də çoxluq təşkil edir. Bəzi məlumatlara görə, hər il Rusiyadakı azərbaycanlılar tərəfindən ölkəmizə göndərilən vəsaitlərin həcmi 5 milyard dollara çatır. Xüsusilə, Moskva və Sankt-Peterburqa gedən soydaşlarımızın əksəriyyəti küçə ticarətilə məşğul olur. Rus dilini bilmələri və Azərbaycanla Rusiya arasında vizasız rejimin mövcudluğu bu ölkəyə axını sürətləndirir.
Qeyri-leqal miqrasiyanın qarşısının alınması üçün Bakıda miqrasiya informasiya mərkəzi yaradılıb. Bu mərkəz miqrasiyanın leqal yolları barədə əhalini məlumatlandırır.
Mərkəz fəaliyyətə başladığı vaxtdan (avqust, 2002-ci il) buraya 2 minə yaxın adam müraciət edib. 80 faizi 40 yaşınadək olan həmin şəxslərin 70 faizi kişilərdən ibarətdir. Mərkəzin məlumatına görə, azərbaycanlıların daha çox üz tutduqları ölkələr Rusiya və Türkiyədir. Buna da səbəb həmin ölkələrə sadələşdirilmiş viza rejiminin olmasıdır. Digər tərəfdən burada dil amili də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlıların əksəriyyəti türk və rus dillərində normal danışır. Bundan başqa, Almaniya, Yeni Zelandiya, Kanada, Avstraliya, İsveç, Norveç və digər ölkələrə də gedənlər var. Son iki ildə mətbuatda insanların qeyri-qanuni yerləşdirilməsi və nəticədə qadınların, uşaqların satılması, onların müxtəlif zorakılıqlara məruz qalması barədə çox materiallar dərc edilir. Məlumatlara görə, 1990-cı ildən başlayaraq, miqrantların iki qrupu peyda olub - leqal və qeyri-leqallar. Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına əsasən, Azərbaycandan qeyri-leqal miqrasiyanın qurbanları 19 yaşından 35 yaşınadək olan qadınlardır. Onların da əksəriyyətinin ali təhsili yoxdur. Respublikamızın 7 regionunda aparılan sorğular göstərib ki, xaricə gedənlərin əksəriyyəti bu addımı sosial-iqtisadi problemlərlə əlaqələndirirlər. Azərbaycandan gedən qadınlar əsasən Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üz tuturlar. Qeyri-rəsmi məlumatlara görə, hər il BƏƏ-yə üz tutan 14 min azərbaycanlıdan 4 minini qadınlar təşkil edir. Onların nə qədərinin qanuni və ya qanunsuz miqrasiya etməsini müəyyənləşdirmək isə olduqca çətindir. Bəzi qiymətləndirmələrə görə, qanuni yerləşənlər cəmi 400 nəfər təşkil edir. Əgər əvvəllər miqrasiya prosesinə Bakı və Sumqayıtdan olan qadınlar cəlb edilirdisə, indi bu proses respublikanın regionlarını da əhatə edir. Bu da qeyri-leqal miqrasiyanın təhlükəli olması barədə əhalinin məlumatsızlığı ilə əlaqələndirilir. Çox vaxt xaricə üz tutanlar sonradan onları nə gözlədiyinin fərqində deyillər.
Adətən ərəb ölkələrinə gedən qadınlara məsciddə verilmiş kəbin haqqında şəhədətnaməni göstərmək kifayət edir. Bu da Azərbaycandan fərqli olaraq, ərəb ölkələrində qəbul olunur. Sonradan isə qadınlar sutenyorların əlinə keçirlər. Axır vaxtlar azyaşlı qızların da xaricə satılmasının geniş yayılması barədə məlumatlar yayılır. Ekspertlərin fikrincə, bu məsələdə bir çox hallarda hüquq-mühafizə orqanlarının da əli olur. Bəzi məlumatlara görə, qızların aparılması və sənədlərin hazırlanması üçün 700 dollar vəsait xərcləmək yetərlidir. Bir çox hallarda isə uşaq alveri ilə onların valideynləri də məşğul olur.
Azərbaycanda insan alveri və adamların qeyri-leqal yolla xaricə aparılmasına dair sistemli statistika mövcud deyil. Yalnız ötən il Milli Məclis BMT-nin insan alveri və qeyri-leqal miqrasiya ilə mübarizə üzrə konvensiyasına qoşulub. Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyindən verilən məlumata görə, bizim vətəndaşlar əsasən Hollandiya, Almaniya, İsveç, Rusiya və Türkiyəyə üz tutmağa üstünlük verirlər. Bu siyahıya Yunanıstan, Fransa, Norveç, Çexiya, Polşa, Çin, Suriya, Ekvador, Bolqarıstan, Yaponiya və s. ölkələri də aid etmək olar. Hətta bəziləri Kubaya mühacirət edir.
Qeyd edək ki, Qərb ölkələrinə viza almaq və orada daimi yaşayış hüququ əldə etmək olduqca çətindir. Buna görə də MDB ölkələrindən olan vətəndaşlar Qərb ölkələrində qaçqın statusu almağa cəhd göstərirlər. Məsələn, 2002-ci ildə 2 min nəfərə yaxın azərbaycanlı qaçqın statusu almaq üçün Hollandiya hökumətinə müraciət edib. Onların isə yalnız 100-ə yaxını məlum statusu alıb.
İnkişaf etmiş dövlətlər qeyri-peşəkar və imkansız miqrantların Qərbə axınının qarşısını almaq üçün miqrasiya rejimini get-gedə kəskinləşdirirlər. Son 4 ildə viza rejimini pozduğuna görə 1000-ə yaxın azərbaycanlı Qərbi Avropa dövlətlərindən deportasiya olunub. Bundan başqa, son illər Türkiyədən 700, BƏƏ-dən isə 600 azərbaycanlı qadın çıxarılıb.
Qeyri-leqal yolla Avropaya üz tutanlar əsasən İtaliya, oradan Fransa, oradan isə İsveç və ya Almaniya marşrutunu seçirlər. Bundan başqa, Türkiyə, Yunanıstan və oradan da Qərb ölkələri marşrutu var.
Qeyd edək ki, Azərbaycanda qeyri-leqal miqrasiya işi ilə məşğul olan qruplar var. Onlarla əlaqə yaratdıqda, pulunuzla vidalaşmağa tələsməyin. Qabaqcadan firma haqqında lazımi informasiya əldə edin. Yaxşısı budur ki, öz qərarınızı hüquqşünasla razılaşdırın.
Bildirək ki, əvvəllər Azərbaycanda 7-8 immiqrasiya və işədüzəltmə firması fəaliyyət göstərirdi. Belə leqal firmalardan yalnız biri Səudiyyə Ərəbistanının sorğusu əsasında cəmi 12 nəfəri işə düzəltməyə müvəffəq olmuşdu. Ötən illərdə beynəlxalq qalmaqala səbəb olmuş bir hadisəni xatırlayaq. Qeyri-leqal firmalardan biri 42 nəfərdən ibarət turist qrupunu İtaliyaya, oradan isə digər Avropa ölkələrinə keçirməyə cəhd etmişdi. İtaliyaya gəldikdə isə məlum olub ki, bu turist qrupunun bütün üzvlərinin vizaları saxtadır. Həmin firma fırıldaq nəticəsində 300 min dollar qazanmışdı.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 1989-cu ilin yanvar ayından 2002-ci ilin aprel ayınadək Azərbaycana 395 min 500 nəfər gəlib, ölkədən isə 339 min 400 nəfər gedib.
Qeyd edək ki, bizim soydaşlarımızı ən çox cəlb edən ölkə Rusiyadır. Məsələn, 1997-1999 illərdə bu ölkəyə daimi yaşamaq üçün 67 min 990 nəfər gedib. Onların 16 min 172 nəfərini etnik ruslar təşkil edib. Bununla belə, həmin dövrdə 1929 etnik rus Azərbaycana dönüb. Ölkədən gedənlərlə bağlı vəziyyətə diqqət yetirdikdə görərik ki, miqrasiya göstəriciləri olduqca dəyişkəndir. 2000-ci ilə kimi Almaniyaya gedənlərin sayı çoxluq təşkil edib. Lakin 2001-ci ilin martında Almaniya hökuməti daha kəskin miqrasiya qaydaları tətbiq edib. Bununla da həmin ölkəyə gedənlərin sayı kəskin şəkildə azalıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, 2000-ci ildə xaricə getmək üçün 3 min 900 nəfərdən müraciət qəbul edilib. Bu müraciətlərin 1558-i Almaniya ilə bağlı olub. Qeyd edək ki, 1996-1997-ci illərdə Almaniyaya getmək üçün 4 min 20 azərbaycanlıya icazə verilib. Lakin bu o demək deyil ki, onların hamısı ölkəni tərk edib. Həmin şəxslərin 3 min 904-ü vizasından yararlanıb. Digər maraqlı statistikaya nəzər yetirək. 1996-1998-ci illərdə 335 nəfər daimi yaşamaq üçün uzaq xaricdən ölkəmizə təşrif buyurub. Son vaxtlar Azərbaycandan xaricə mühacirət etmək istəyənlər əsasən, Hollandiya və İsveçə üstünlük verirlər.
Qeyd edək ki, 1998-ci ildə Hollandiyaya 1651, 1999-da 2 min 499, 2000-də 1163, 2001-də 248, 2002-ci ildə isə 303 nəfər gedib. Bu rəqəm ümumilikdə 6 min nəfər edir. 1998-2002-ci illərdə isə 1041 Azərbaycan vətəndaşı İsveçə üz tutub. 2001-2002-ci illərdə isə xaricə getmək üçün müraciət edənlərin sayı 6 min 563 nəfər olub. Onların 2 min 645-i özünü Almaniyada, 908-i İsveçdə, 550-si Hollandiyada, 545-i Fransada, 247-si ABŞ-da görmək istəyib.