Nəsib Nəsibli azərbaycanlı tarixçi tarix elmləri doktoru Azərbaycan Milli Məclisinin deputatı
Həyatı
Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir. 1992-1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuşdur. 1994-2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997-1998 və 2002-2003-cü illərdə ABŞ-ın Çikaqo və Con Hopkins universitetlərində işləmişdir. Müsavat Partiyasının üzvüdür. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilər zamanı qalib gələrək deputat mandatı almışdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir.