Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən və dünya dövlətlər birliyi sırasına bərabərhüquqlu üzv kimi qəbul edilməsindən sonra Azərbaycan ədəbiyyatını təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqların qaytarılması, xalqın inkişaf etmiş toplumlar səviyyəsində yaşaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yaxın və uzaq xalqlarla Azərbaycan xalqının dostluq və mədəni əlaqələrinin təbliği, insanpərvərlik və ictimai ədalət kimi əsrlər boyunca klassiklər tərəfindən təbliğ və tərənnüm olunan ümumbəşəri ideyaların yeni - qloballaşma şəraitində daha da inkişaf etdirilməsi problemləri məşğul etməkdədir. Hər cür ideoloji yasaqlardan azad olmuş və bu sahədə qarşıdurmaya bir əsas görməyən bədii təfəkkür sahibləri daha çox nəzəri-estetik rəqabətlə ədəbiyyatın inkişafını şərtləndirirlər. Bu baxımdan son dövr Azərbaycan ədəbiyyatında postmodernist meyllərin mövcudluğunu da qeyd etmək lazımdır. Bununla belə, Azərbaycan ədəbiyyatının başlıca inkişaf meylləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslanır. XX əsrin sonu, XXI əsrin əvvəllərində cari ədəbi prosesin canlanmasında, yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində vaxtilə maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnı Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin Azərbaycan hökumətinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsinin böyük əhəmiyyəti olmuşdur.
Dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycanda klassik irsin yeni meyarlarla dəyərləndirilməsi sahəsində bir sıra çox mühüm hadisələrlə əlamətdar oldu. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında "Kitabi-Dədəm Qorqud" eposunun 1300 illik, M.Füzulinin 500 illik yubileylərinin geniş miqyasda keçirilməsi və hər iki tədbirin zirvə toplantılarında dünyanın bir sıra dövlət başçılarının iştirakı azad Azərbaycanda ədəbiyyatın, mənəviyyatın, bütün mədəniyyətin parlaq təntənəsinə çevrildi. Füzulinin 500 illiyi təkcə Azərbaycanda deyil, Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Çin və başqa ölkələrdə də geniş qeyd olundu. Sözügedən tədbirlər Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafına da yeni təkan verdi. "Kitabi-Dədəm Qorqud"un elmi-tənqidi mətni və kütləvi nəşrləri, bu möhtəşəm oğuznamə haqqında yeni monoqrafik tədqiqatlar işıq üzü gördü. Füzulinin bütün əsərləri (külliyyatı) 6 cilddə nəşr edildi. Dahi sənətkarın həyat və yaradıcılığına dair fundamental tədqiqatların yeni bir silsiləsi onun istedadının pərəstişkarlarına təqdim edildi. Bu işdə Azərbaycan Milli Elmlər Akademiyasında, o sıradan Nizami adına Ədəbiyyat İnstitutunda çalışan alimlərin təqdirəlayiq xidmətləri danılmazdır.
2004-cü ildə Azərbaycan ədəbiyyatı nümunələrinin latın qrafikası ilə kütləvi tirajla yenidən nəşr edilməsinə və Azərbaycan Milli Ensiklopediyasının yaradılmasına dair prezident İlham Əliyevin sərəncamları və bu münasibətlə ölkədə geniş miqyasda həyata keçirilən tədbirlər də eyni zamanda Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin inkişafına, yeni uğurlar qazanmasına böyük təminatdr.