Bolnisi rayonu - Gürcüstan - Ölkələrinə görə coğrafiya - Dağ qaralamaları - Gürcüstan dağları - Gürcüstan rayonları
Bolnisi - Gürcüstan Respublikasının Borçalı bölgəsində rayon ərazi vahidi. İnzibati mərkəzi Bolnisi şəhəridir.
Tarixi
Bolnisi rayonu 1929-cu ildə ləğv edilmiş Borçalı qəzasının cənub hissəsində təsis edilmiş, 1943-cü ilədək Lüksemburq adını daşımışdır.
Fiziki-coğrafi oçerk
Rayon Gürcüstanın cənub-şərqində Maşavera və onun qolları olan Xaçınnıçay, Sağsağanlıçay və Dələver çaylarının hövzəsində yerləşir. Kvemo Kartli (Borçalı) mxaresinin mərkəzi olan Rustavi şəhərindən 65 km. qərbdə, paytaxt Tiflisdən isə 63 km. cənub-qərbdə yerləşir. Hal-hazırda sahəsi 804 km2 (Gürcüstanın 1,2%-i) təşkil edir[1] . Ərazisi əsasən dağətəyi və alçaq dağlıq zonada yerləşməklə əhəmiyyətli bir hissəsi meşələrlə örtülüdür. Ən uca nöqtəsi 2141 metrə çatan Lök dağıdır. Rayonda havanın orta illik temperaturu 12°C, o cümlədən yanvarda 0,0-0,3°C, iyulda 23,6°C, mütləq maksimum temperatur 40°C, mütləq minimum temperatur -25°C, illik yağıntı 400-500 mm təşkil edir.
İnzibati bölgü
Hal-hazırda rayonda 1 şəhər (Bolnisi), 2 qəsəbə (Kazreti və Tamarisi) və 45 kənd, o cümlədən 8 kənd şurası (Aqaurda, Bolnisi, Darvaz, Arıxlı, Saraçlı, Kvemo Bolnisi, Göyəç və Faxralı) vardır. Kəndlərin 37-də etnik azərbaycanlılar, 6-da gürcülər, 2-də isə ermənilər üstünlük təşkil edir. Rayonun inzibati ərazisinə daxil olan kəndlərdən 2-si (Faxralı və Bolus Kəpənəkçisi) əhalisinin sayına görə respublikanın ilk onluğuna aid olan ən iri kəndlər sırasına daxildir.
Əhali
2009-cu ilin əvvəlinə olan məlumata əsasən rayonun əhalisi 76.7 min nəfər və ya Gürcüstan əhalisinin 1,7%-ni təşkil etmişdir [2]. Əhalinin sıxlığı 1km2 üçün 95,3 nəfərdir. Sosial vəziyyətin çətinliyi səbəbindən yüksək emiqrasiya nəticəsində rayonun əhalisi 1989-cu ildən ötən 20 il ərzində 5,3 min nəfər (7%) azalmışdır.
1942-ci ildə almanların Sibir və Qazaxıstana sürgün edilməsi və onların yerinə etnik gürcülərin yerləşdirilməsi, eləcə də əhalisinin sıxlığının orta Gürcüstan səviyyəsindən (1 km2 üçün 63 nəfər) 1,5 dəfə çox olmasına baxmayaraq 90-cı illərdə Gürcüstanın Svaneti, İmereti və Acarıstan kimi bölgələrindən milliyətcə svanlar, gürcülər və acarların buraya köçürülməsi prosesinin davam etdirilməsi rayonun etnik mənzərəsini xeyli dəyişmişdir. 2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən rayon əhalisinin 66%-ni azərbaycanlılar, 26,8%-ni gürcülər, 5,8%-ni ermənilər təşkil etmişdir [3]. 80-ci illərin sonlarında Bolnisi və Kazreti şəhərlərində aparılmış etnik təmizləmə əməliyyatları ilə əlaqədar olaraq rayonun kənd əhalisinin 85%-i azərbaycanlılardan ibarət olduğu halda, şəhər əhalisi üzrə bu göstərici cəmisi 4,2%-ə düşmüşdür [4].
İqtisadiyyat
Bolnisi Gürcüstanın aqrar rayonu hesab edilir. Rayonun iqtisadiyyatı əsasən Kazreti qəsəbəsi yaxınlığında yerləşən Madneuli filiz və qızıl yatağına əsaslanır. Gürcüstan Statistika Departamentinin məlumatlarına əsasən 2006-cı ildə ölkədə yığılmış yaşıl noxudun 48%-i, yerkökünün 15,8%-i, lobya və kartofun 7,9%-i, tərəvəzin 3%-i, oduncaq tədarükünün 2,6%-i, yumurta və yun istehsalının müvafiq olaraq 6,2%-i və 2,9%-i, diri mal-qaranın isə 1,3%-i Bolnisi rayonunu payına düşmüşdür.
Mədəniyyət
Hazırda rayonda 57 dövlət ümumtəhsil məktəbi, 1 orta ixtisas məktəbi, 33 kitabxana, 1 teatr, 1 muzey, və MV adını daşıyan 1 teleşirkət fəaliyyət göstərir.